BAŞQASININ EVİNİ YIXMA!‎

0

Əxlaq ruzi kimidir. Kimisi zəngindir, kimisi kasıb.

Anadan olduğumuz gündən etibarən bir yarış marafonuna qoşuluruq. Gördüyümüz hər işdə bir addım qabaqda olmaq öyrədilir bizə. Ən yaxşı olduğumuz zaman təqdir edilirik. Bütün yarışlarda birinci olmaq üçün çalışırıq.

Ancaq nədənsə çox vaxt birinci ola bilməyənlərin yaşadıqları duyğulara heç əhəmiyyət vermirik. Əslində isə bir tərəfdən qələbəmizin sevincini yaşayarkən, digər tərəfdən də məğlub olanların duyğularına ortaq olmağı bacarmalıyıq. Hamı səninlə şəkil çəkdirmək üçün yarışarkən sən heç kimin dəyər vermədiyi insanlara dəyər verməyi bacarmalısan. Axı, hər zaman dediyimiz kimi, bu dünyada yaşayan hər kəsin ən xoş duyğuları yaşama haqqı vardır. Dünyaya yarış marafonundan çox yaxşılıq etmə meydanı kimi baxmalısan. İnsanlarla yarışmağı qarşına məqsəd qoysan, başqalarını unudub sadəcə özün haqqında düşünəcəksən. Yox, əgər başqalarına yaxşılıq etməyi düşünüb bu yolda yarışa başlasan, qalibiyyət duyğusundan əldə etdiyin xoşbəxtliyi daha dolğun yaşaya bilərsən. Nə qədər güclü olursan ol, arxanda sənə nə qədər insan kömək edirsə etsin, sən öz kimliyinin qarşısında tək və gücsüzsən. Səni özünə güclü göstərən isə əllərindən tutaraq qazanmalarına vəsilə olduğun insanların üzlərindəki təbəssüm, gözlərindəki sevincdir.

Biz bu dünyada nə qədər qazansaq da, heç nəyin əbədi sahibi ola bilmirik. Sadəcə sahib olduqlarımızın müvəqqəti mühafizəçisi rolunu oynayırıq.  Bu gün bizdə olanlar dünən başqalarında idi. Yenə bu gün sahib olduqlarımız sabah başqalarında ola bilər. Bunun üçün heç bir sığortamız yoxdur. Belə bir sığortamız olsa belə, sahiblik duyğusunun ömrü müvəqqətidir. Çünki sahib olduğumuz ən dəyərli şeylərdən biri olaraq bizə verilən yaşadığımız ömür belə müvəqqətidir. Hər an ömrümüzün bitməsi ilə sahib olduğumuz hər şeyi itirmə ehtimalımız da var. Bu ömürdə qazandıqlarımız isə böyük əhəmiyyət kəsb edir. Burada nəyi necə qazanmağa isə xüsusi diqqət yetirmək lazımdır. Sadəcə pul qazanmaqla varlanmır insanlar. Sevgini, hörməti, dəyəri qazananlardır  ən zəngin insanlar.  Başqalarının əlindən bir şeyi almaqla deyil, başqaları ilə əlində olanları paylaşmaqla çoxalır xoşbəxtlik və sevgilər.

Əslində biz daha çox şeyə sahib olmaqla bir anlıq eqolarımızı rahatlaşdırmağa çalışırıq. “Hər şeyin ən yaxşısı məndədir” düşüncəsi müəyyəm mənada insana maddi zövq verir. Bu psixoloji rahatlığın ömrü isə qısadır. Müəyyən bir müddətdən sonra insan  sahib olduqlarından daha çoxuna sahib olmaq arzusuna düşür.  Bu vəziyyət bir mənada narkotik maddələrin  aludəçisinə çevrilmiş insanların vəziyyətinə bənzəyir. Belə ki, ilkin mərhələdə çox az doza qəbul edən insanlar daha sonra həmin doza ilə əvvəlki zövqü dada bilmədikləri üçün daha çoxuna ehtiyac duyur. Hər dəfə daha çoxunu qəbul edən bədən isə tamamilə həmin maddənin əsirinə çevrilir. Nəticədə isə ən son qəbul edilən maksimum dozadan azı bədənə əvvəlki həzzi vermir və demək olar ki, həmin insanın həyatı tamamilə qaralır. Bu baxımdan bədəni fani zövqlərə öyrətmək hər an problemə çevrilə bilər. 

Dünyaya gələn hər kəs sahib olduqlarından daha çoxuna sahib olmaq istəyir. İnsanlar qarınlarının doymamasından çox gözlərinin doymaması nəticəsində problemlər yaşayır. Əslində  bizim təməl ehtiyacımız ölməmək və sağlam yaşamaq üçün normal qidalanmaqdır. Buna baxmayaraq, bu gündən sonra yaşamağı planlaşdırdığımız illər üçün də bir şeylər toplamağa çalışmağımız bizdən zəif insanların ehtiyac sahibi olmalarına səbəb olur. Bu gün əllərində imkan olub daha çox qazanan insanların hesabına əllərində imkan olmayıb qazana bilməyən insanlar çətin həyat yaşayır.

Nəhayət, öz uğur yolunun qarşısındakı maneələri qaldırıb başqasının uğur yoluna qoysan, başqalarının evini yıxıb özünə yeni bir ev tikmiş olarsan.  Buna isə başqalarının bədbəxtliyi üzərində qurulmuş “xoşbəxtlik” deyilir.  Bizim qarşımızda dayanan əsas məsələ isə hər kəsin yoluna mane olan daşı və ya maneəni ortadan qaldırmaqdır. Bu zaman həm öz yolumuzu, həm də ətrafımızdakı insanların yolunu təmizləmiş olarıq. Nəticə olaraq isə fərdi inkişafımızla birlikdə ictimai inkişafa da kömək edərik.

Son olaraq bir şeyi də unutmayın! Nə qədər bahalı çarpayılarda yatsanız da, əgər vicdanınız  rahat deyilsə, yuxunuz şirin olmayacaq.

Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZƏNGİLAN RAYONUNUN ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ‎TƏRƏFİNDƏN İŞĞALINDAN 25 İL ÖTÜR

Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il ötür. Məlumata görə, 1988-ci ildən 1993-cü...

Bağla