DƏYƏRLƏRİMİZİ İTİRMƏYƏK!‎

0

Əxlaq dəyərlərinin günü-gündən uçuruma doğru yuvarlanması cəmiyyətimizdə ciddi problemlərə səbəb olur. Əxlaqsızlığın gətirdiyi mənəvi pozğunluq insanlığı yox etmə həddinə gələrək hər kəsə təsir edir. 

Yaşadığımız toplumda sosial, iqtisadi və mədəni problemlərin əsas səbəbi də əxlaqımızın və mənəviyyatımızın dəyərinin günü-gündən azalmasıdır. Bunun nəticəsi olaraq hazırda dindən uzaq, heç bir əxlaqi dəyəri olmayan, heç nəyə inanmayan, heç nəyə və heç kimə diqqət yetirməyən, yalnız özünü düşünən bir cəmiyyət formalaşır. Səmimiyyət, hörmət, sevgi, dostluq, şəfqət, mərhəmət, təvazokarlıq kimi əxlaq anlayışlarının əhəmiyyəti, ümumiyyətlə,  unudulmuşdur.  Bütün bunlar əxlaqi pozğunluğun formalaşmasına zəmin yaradır.

Əxlaq pozğunluğu deyərkən çoxunun ağlına pis yola düşmüş bir qadın, narkotik ya da içki aludəçisi olan gənclər gəlir. Bu insanlar əsasən öz həyatlarını məhv edirlər. Ən azından kütləyə böyük bir təsirləri olmur. Amma bunlardan daha betər əxlaq pozğunluğu var ki, bütün cəmiyyəti məhvə doğru sürükləyir. Rüşvət alan müəllim, ədalətli qərar verməyən hakim, öz vəzifəsindən sui-istifadə edən məmur, əxlaqsızlığı, haramı bər-bəzəkli şəkildə insanlara sırıyan media. Bunlardır cəmiyyətin əsil bəlası, əxlaqi uçurumu yaradanlar. Əxlaqlı müəllimin, məmurun, medianın olduğu bir cəmiyyət yalnız əxlaqlı ola bilər. Əks halda gələcək nəsillərin halı müəmmalıdır.

Hazırda, əsasən də, media vasitəsi ilə müasirlik, sərbəstlik və cəsarət kimi şüarlarla əxlaqsızlıq təbliğ edilir. Sözü gedən modernlik və müasirlik, təəssüf ki, inkişaf və yeniliklərə yönləndirilməyib, əxlaqsızlıq və tərbiyəsizliyin insanlara qeyri-adi, fərqli və üstün davranışlar kimi göstərilməsidir. İnsanlar qınadıqları davranışları bu təbliğlər sayəsində, zamanla müsbət qarşılamağa başlayırlar. Və bu təlqinlərlə, yaşanan əxlaqsızlığın müasirliyin tələbi olduğunu düşünənlər öz yanlışlarına haqq qazandırmağa çalışırlar. Belə bir deyim var, “Azlıq çoxluğa tabedir”. Cəmiyyəti ardından sürüyən media çoxluğa xitab edərək kütləyə istədiyi mesajı rahatlıqla çatdıra bilir.

Əslində əxlaqi pozğunluğun əsas səbəbi, insanların mənəvi dəyərlərini itirmələridir. Mənəvi dəyərlərini itirən insanlar da dünyanı yaşaya biləcəkləri tək yer olaraq görürlər və dünyada özləri üçün mənfəət əldə etməyə, öz arzu və istəklərini təmin etməyə, mümkün olduğu qədər mala və nüfuza sahib olmağa çalışırlar. Belə edərək qısa ömürlərini məsuliyyət hissi yaşamadan keçirirlər. Bu xüsusiyyətləri yalnız özlərinə deyil, ətrafdakılara da zərər verir. Halbuki insan canlıların ən üstünü olaraq yaradıldığı üçün onun digər canlılardan fərqləndirən cəhəti sosiallaşması, ona əmanət olunan yaxınları və ətraf aləmi üçün də faydalı olmasıdır. Bəzən kiçik gördüyümüz bir bitkinin, bir otun belə faydasının bəzi insanlardan daha çox ola biləcəyini idrak etsək, insanlığın hansı hala gəldiyini aydın görərik. 

Əxlaq dəyərlərinin özləri üçün heç bir faydası olmayacağını düşünən və şəxsi mənfəəti üçün yaşayan insanlar, əxlaqlı insanları “geridə qalmış” kimi qiymətləndirirlər. Modern olmanın tələbləri kimi göz önünə çıxarılan yanlışlar əxlaqi uçuruma doğru sürüklənməkdən başqa bir şey deyil.

Qazancları üçün güclü olanın zəifi əzməsi, insanlara zülm etməsi səhv bir yaşam fəlsəfəsidir. Bu cür insanlar hesab gününə inanmadıqları üçün də əxlaqsızlıq və zülümdə heç bir sərhəd tanımazlar.

Hazırda “Mənim həyatım, mənim qanunlarım” şüarı ilə yaşayan bir gənclik yetişir. Mənfi xüsusiyyətlərinə haqq qazandırmağa çalışaraq əxlaqsızlıqlarını gözəl və bər-bəzəkli göstərməyə çalışırlar ki, bunun sayəsində etdiklərinin yanlış olmadığını və yanlış yollarının doğru olduğunu sübut etməyə çalışırlar. Bununla da həm özlərini, həm də onların yolundan gedən insanları uçuruma yuvarlayırlar.

 Əxlaqi dəyərlərin itirildiyi, mənəvi uçurum yaşanan bir toplumda yanlış münasibətlərin, qumarın, xəyanətin, narkotik vasitələrə aludəçiliyin, rüşvətin və hər cür əxlaqsızlığın yayılması çox normaldır. Cəmiyyəti əxlaq uçurumuna aparan səbəb isə ailələrdə baş verən laqeydlikdir. Valideynlərin bir qismi övladlarının gələcəyi, gözəl təhsil almaları, lüks həyat yaşamaları üçün pul qazanmaq niyyəti ilə evdən çıxır. Bu sadaladıqlarımızı təmin etmək istərkən övladlarını yetişdirməyi unudurlar. Gələcəklərini düşündükləri halda, bu gün itirdikləri övladlarının fərqinə varmırlar. Uşaqlarımızın dostları kimdir, işdə olduğumuz müddətdə nə işlə məşğul olurlar, nə öyrənir, ya da nə itirirlər deyə heç maraqlanmırlar. Halbuki ən əsas qazanc bu gün övladlarımıza verdiyimiz dəyərlərimizdir ki, bunlar zamanla ən gözəl şəkildə özünü göstərəcək.

Böyüklərimizdən belə bir deyim var “Övladlarınız üçün ən gözəl miras var-dövlət deyil, gözəl əxlaq və tərbiyədir”. Valideynlərin miras qoyduğu əxlaq insanın ömür boyu malik olacağı bir sərvətdir.  

f.f.d. Gülnarə Seyidova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RUSİYA LİBERAL DEMOKRAT PARTİYASININ SƏDRİ VLADİMİR JİRİNOVSKİ İSLAM QAYDALARINA UYĞUN OLARAQ QOYUN KƏSİB.

Rusiya liberal demokrat partiyasının sədri vladimir jirinovski islam qaydalarına uyğun olaraq qoyun kəsib. 

Bağla