Cəfər Sadiq hicri təqvimi ilə 80 – ci ildə Mədinədə doğulmuşdur. Kökü ata tərəfdən Hz. Əliyə, ana tərəfdən isə Hz. Əbu Bəkirə çatır. Babası Qasım ibn Məhəmməddən (r.a.) çox şey öyrənmişdir.
Bir gün pulqabısını itirən bir adam Həzrəti Cəfər Sadiqi tanımadan gəlib yaxasından yapışaraq:
- Pullarımı sən oğurladın! – deyir. Həzrət:
- Nə qədər pulun vardı? – deyə soruşur.
- Min dinar.
Cəfər Sadiq heç bir şey söyləmədən onu evinə aparır və min dinar verir. Həmin adam çox keçmir ki, öz pulqabısını tapır və üzr istəyərək aldığı pulları geri qaytarır. Həzrəti Cəfər Sadiq isə:
- Biz verdiyimizi geri almarıq! – deyir. Bu söz qarşısında çaşıb qalan adam:
- Bu şəxs kimdir? – deyə soruşdu. Həzrəti Cəfər Sadiq olduğunu öyrəndikdə xəcaləti daha da artdı.
Həzrəti Süfyanı Sevri bir gün onun əynində çox dəyərli bir paltar görür. Bunu Peyğəmbərimizin (s.ə.s.) nəslinə yaraşdırmadığını söylədikdə, Cəfər Sadiq (r.a.) geyiminin altındakı tükdən toxunma sərt yun paltarını göstərir. Yaşadıqları dövrdə maddi imkanlar artdığı üçün hər kəsin geyindiyi gözəl paltarlardan geyinməyin daha münasib olacağını dedikdən sonra:
- Altdakını Allah üçün geyindik, üstdəkini də sizin üçün. Allah üçün olanı gizlətdik, sizin üçün olanı da göstərdik! – dedi.
Cəfər Sadiq fütüvvət əhli cömərd bir insan idi. Bir gün Şakiki Bəlhi ondan fütüvvət nədir deyə soruşdu. O da:
- Siz bu xüsusda nə deyirsiniz? – deyərək sual verdi. Şakik:
- Verilərsə şükür, verilməzsə səbir edərik, – buyurdu.
Cəfər Sadiq:
- Onu bizim Mədinənin itləri də edir. Bizə görə fütüvvət verilərsə, başqasına vermək, verilməzsə şükür etməkdir, – buyurdu.
Oğluna nəsihət edərkən belə demişdir: “Oğlum! Allahın bölgüsünə razı olan zəngin olar, başqasının əlindəkinə göz dikən isə həris olar və könül yoxsulu olaraq ölər…” Öz günahını kiçik görən insan başqasının kiçik günahını böyük görər. Başqasının günahını kiçik görən isə öz günahını böyük görər. Allahın kitabını oxu, salamı yay, yaxşılığı əmr et, pisliyi isə tərk et, sənə gəlməyənə get, səninlə danışmayanla birinci sən danış və istəyənə ver! Dava-dalaşdan, dedi – qodudan uzaq dur! Çünki söz daşımaq insanların ürəyinə nifrət toxumları əkər. İnsanların ayıblarıyla məşğul olmaqdan özünü qoru. Çünki insanların ayıbları ilə məşğul olan onların hədəfi olar.
Cəfər Sadiqin tələbəsi olan İmam Azam Əbu Hənifə, Həzrəti Cəfəri Sadiqin söhbətlərinə 2 il davam edərək o gizli və açıq mərifət qaynağından elm və övliyalıq yolunda çox faydalandı. İmam Azamın (Numan ibn Sabit) onun hüzurunda qovuşduğu yüksək mərtəbələri başa salmaq üçün: “O iki il olmasaydı, Numan həlak olmuşdu”,- dediyi nəql edilir.
Həzrəti Cəfər Sadiq belə deyərdi: “Sədəqə verərək ruzinizi çoxaldın. Zəkat verərək mallarınızı qoruyun. Qənaət edən sıxıntı çəkməz. Tədbirli, nizamlı yaşamaq keçimin yarısıdır. Çətinlik vaxtı dizini döyən, savabdan məhrum olar”.
Bir gün kölələrini çağırdı və onlara dedi: “Gəlin, sizinlə sözləşək. Qiyamət günü içinizdən hansınız qurtularsınızsa, digərlərinə şəfaətçi olacağına dair söz versin”. Onlar: “Ey Allah Rəsulunun (s.ə.s.) övladı, bizim şəfaətimizə sizin ehtiyacınız yoxdur. Babanız Məhəmməd əleyhissəlam bütün insanların və cinlərin şəfaətçisidir”,- dedilər. Həzrəti Cəfər Sadiq: “Mən bu əməllərim və işlərimlə sabah qiyamət günündə cəddimin üzünə baxmağa utanaram”, – deyə buyurdu.
Həzrəti İmam Cəfər bir müddət xəlvət və yalnız qalmış, evindən insanlar arasına çox çıxmamışdır. Evliyanın böyüklərindən Süfyanı Sevri evinə gəlib:
- Ey Rəsullallahın nəvəsi, insanlar bərəkətli nəfəsinizdən, faydalı söhbətlərinizdən məhrum qalıb. Niyə uzaqlaşdınız? – dedikdə, belə buyurdu:
- İndilik belə lazımdır. Zəmanə və dostlar dəyişib sözü doğru oldu”.
Bir gün Cəfəri Sadiqdən soruşdular: “Allah Təala faizi nəyə görə haram etmişdir?” O isə cavabında: “İnsanların bir-birilərinə yaxşılıq etmələri üçün Allah Təala onu haram etmişdir. Faiz haram olmasaydı bir-birinə qarşılıqsız yaxşılıq edən olmazdı. Edilən hər yaxşılığın qarşılıq olaraq dünyada mənfəət gözləyən çox olardı”.
Cəfəri Sadiq belə buyurdu: “Allah dünyaya əmr etdi ki: Ey dünya, mənə xidmət edənə sən də xidmətçi ol! Sənin arxanca qaçana da zəhmət, sıxıntı ver. Qız övladları ata – anası üçün xeyir, oğlanlar isə nemətdir. Xeyir sahibi olan savab qazanar. Nemətə görə isə hesaba çəkilər”. “Ey oğlum, dostluq etdiyin, görüşdüyün kimsə gözəl əxlaq sahibi olsun, pis əxlaqlı olanlarla yoldaşlıq etmə, onlarla görüşmə! Çünki onlar susuz çöl, bar verməyən ağac, ot bitməyən torpaqdırlar”.
Bir gün dövrün məşhur alim və zahidlərindən Davud Tai Cəfər Sadiqin yanına gəlmişdi. Ona dedi ki: “Ey Peyğəmbərimizin (s.ə.s.) nəvəsi! Mənə bir nəsihət ver. Çünki qəlbim qaralıb. O da buyurdu ki: “Ey, Davud! Sən zamanımızın ən zahidi, Allahdan ən çox qorxanısan. Mənim nəsihətimə nə ehtiyacın var?” Davud Tai: “Ey Rəsulullahın (s.ə.s.) nəvəsi! Siz bütün yaradılanlardan üstünsünüz. O böyük Peyğəmbərin qanı damarlarınızda dolaşmaqdadır. Onun üçün hamıya hər kəsə nəsihət verməniz vacibdir, borcdur”,- dedi. Cəfər Sadiq: “Ey Davud! Mən qiyamət günü cəddim Məhəmməd əleyhissalamın əlimnən tutub: “Nə üçün mənə lazımınca tabe olmadın? – deməyindən qorxuram. Bunlar nəsil, kök deyil, ibadət və əməl məsələsidir”, – buyurdu. Davud Tai bu sözləri eşidəndə ağlamağa başladı.
Cəfər Sadiq (r.a.) ömrünü Mədinədə keçirmişdir. Hicri 148-ci (Miladi 765-ci) ildə orada vəfat etmişdir. Cənnətul-Baki qəbiristanlığında dəfn edilmişdir.
Prof.dr. Nəcdət TOSUN