İSPANİYADA “DİNLƏRARASI DİALOQUN SÜLHƏ VƏ QARŞILIQLI ANLAŞMAYA TÖHFƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

0

Noyabrın 5-də İspaniyanın paytaxtı Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və din xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və digərləri təmsil ediblər.

Tədbir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), İspaniyanın Ədliyyə Nazirliyinin və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

Evsen Fondunun rəhbəri Eli Evsen tədbirdə çıxış edərək bildirib ki, bu gün insanların qarşısında gənclərin sağlam gələcəyinin təmin edilməsi əsas vəzifə kimi dayanır. Qeyd edib ki, bunun üçün bütün dinlərin nümayəndələri birgə fəaliyyət göstərməsi olduqca önəmlidir. O deyib: “Biz gənclərə düzgün yol göstərməli, təhsil almalarını təmin etməliyik. Yalnız savad qazanmaqla, təhsil almaqla sağlam gələcək təmin edilə bilər. Bu gün bütün dünyada təriqətlərarası münaqişələr mövcuddur. Bunu inkar etmək olmaz. Ancaq biz müqəddəs bir amal – sağlam gələcək naminə bir olmalıyıq”.

İspaniya ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols İspaniya Konstitusiyasında dini azadlığın tam təsbit olunduğunu bildirib. Qeyd edib ki, dinlərarası əməkdaşlıq bugünkü dünya üçün olduqca vacibdir. Bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət göstərilməlidir. Yalnız qarşılıqlı hörmət və birgə fəaliyyətlə mövcud problemləri həll edə bilərik.

Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdıran QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Yer üzündə yaşayan insanların bir-birlərinə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamalarının Uca Yaradanın ən böyük tövsiyəsi olduğunu söyləyib. “Bu barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulur: “Yer üzü (iman və ədalətlə) islah olunduqdan sonra orada fəsad törətməyin”. Dinamik inkişafda olan, sürətlə dəyişən dünyada son zamanlar cərəyan edən hadisələr, təəssüf ki, dini və milli zəmində dözümsüzlük, qarşıdurma halları və ekstremizmin tüğyan etməsi ilə müşayiət olunur. Planetimizin müxtəlif yerlərində törədilən terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri, heç şübhəsiz ki, sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur.

Yaşanan böhran və faciələrə baxmayaraq, şükürlər olsun ki, dünyamızı mehvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istər “İslam Həmrəyliyi İli” məhz bu məramlara xidmət edir. Dünyanın bir sıra ölkələrində həyata keçirdiyimiz beynəlxalq tədbirlər, o cümlədən bugünkü ənənəvi, sayca üçüncü beynəlxalq Madrid konfransı da bu amallara xidmətin nümunəsidir. Tarixboyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlətimizin başçısının qlobal missiyası sayəsində dünyada gedən proseslərə özəl, dəyərli töhfəsini – multikulturalizmin real modelini təqdim edir”,- deyə Allahşükür Paşazadə vurğulayıb.

Albaniyanın keçmiş kardinalı Ernest Simoni bu gün dünyanın bir çox bölgələrində münaqişələrin olduğunu xatırladaraq, bütün insanları əhalisi çətin şəraitdə yaşayan bu bölgələrə yardıma səsləyib.

Madridin baş yepiskopu Karlos Osoro bütün dinlərdə sabitliyin, sülhün əsas tutulduğunu qeyd edib. Lakin təəssüflər olsun ki, insanlar heç də hər zaman bu dəyərlərə sadiq qalmırlar.

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər dünyada islamofobiyanın mövcud olduğunu xatırladıb. Qeyd edib ki, bu yanlış yanaşmaya qarşı sağlam mübarizənin aparılması vacibdir. Bunun üçün yalnız İslam dininə mənsub insanlar deyil, digər dinlərin nümayəndələri də birgə səy göstərməlidirlər.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dövlət-din münasibətlərində qanunvericiliyin rolu mövzusunda çıxış edib. Qeyd edib ki, dinlərarası dialoq sivilizasiyaların da inkişafına təkan verir. Dini azadlıq olmadan digər azadlıqlardan danışmağa dəyməz. Azərbaycan Respublikasının Konstitusiyasında dini azadlıq tam təsbit edilib. Azərbaycan Prezidenti tərəfindən ölkəmizdəki dini konfessiyalara diqqət, qayğı göstərilir. Bugünkü konfransda Azərbaycanda yaşayan bütün dini icmaların nümayəndələrinin iştirakı bir nümunədir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, bu gün bütün cəmiyyətlər üçün ən vacib məsələlərdən biri tolerantlığı qorumaqdır. Cəmiyyət nə qazanıbsa sülhün hesabına qazanıb. Münaqişə, müharibə cəmiyyətə yalnız zərər verir. Dünyada iki yüz dövlət, beş min etnos var. Bu xalqlar hamısı bir yerdə, bir dünyada mehriban yaşamalıdırlar.

Bu gün dünyada bir çox sosial ədalətsizliklərin olduğunu bildirən Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş deyib: “Bu gün dünyada mövcud olan sosial ədalətsizliklərdən biri də aclıqdır. Hər 3 saniyədə bir insan aclıqdan ölür. Sosial ədalətsizliklərdən digəri isə islamofobiyadır. Bu, çox qorxulu problemdir. Ona əsasən Avropa ölkələrində rast gəlinir. İslamofobiyanı dəstəkləyən qüvvələr terror təşkilatları yaradır, müsəlman ölkələrində insanları öldürür, faciələr törədirlər”.

Moskva şəhəri və “Moskovskiy Muftıyat” Mərkəzi Regionu müsəlmanlarının Ruhani İdarəsinin müftisi Albir Krqanov dünyada İslam dininə qarşı mövcud olan ikili standartlardan danışıb. Bildirib ki, belə yanaşmaları aradan qaldırmaq üçün İslam dininə mənsub insanlar bir olmalıdırlar.

Tədbir digər çıxışlarla davam etdirilib.

Sonda Evsen Fondu tərəfindən bir sıra tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim edilib

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏFƏR SADİQ (R.A.)‎

Cəfər Sadiq hicri təqvimi ilə 80 – ci ildə Mədinədə doğulmuşdur. Kökü ata tərəfdən Hz. Əliyə, ana tərəfdən isə Hz....

Bağla