ƏBU ZƏR (R.A)

0

Aləmlərə rəhmət olaraq gondərilən peyğəmbərimizin təbliğ missiyasının ən təsir edici məqamlarından birisi Allahın hökmlərini  özünəməxsus yumşaqlıqla anlatması, yaşaması və zamanla  bunu insanlara sevdirməsi idi. Mərhəmət və sevgi toxumları səpərək onların qəlblərini oxşaması sayəsində onun izindən gedənlər peyğəmbərimizə təkcə mallarını deyil, canlarını belə göz qırpmadan fəda edəcək hala gəlmişlər. Aldıqları hər mesaj və ilahi əmri  böyük səbr və əzmkarlıqla oyrənər, ixlas və səmimiyətlə həyatlarına tətbiq edərdilər. Allah Rəsulunun hər bir səslənməsinə cavab olaraq: “Canim sənə fəda olsun!” sözü ilə qarşılıq vermələri onların Allahın Rəsuluna olan məhəbbətlərinin təzahürü idi.

Allah Rəsuluna hədsiz bağlılıq və sevgisini izhar edənlərdən biri də Əbu Zər ( r.a.) idi. Peyğəmbərimizə sevgisi və bağlılığı o qədər dərin idi ki, hər fürsətdə bu sevgi və səmimiyətini bildirərdi. Allah Rəsulunun comərdliyi, dünyaya iltifat etməməsi və səhabələrini sədəqə və infaq etməyə dəvət etməsi Əbu Zərin də həyat fəsəfəsi halına gəlmişdi. Hər qabağına çıxana Allahdan qorxmağı və sədəqə verməyi məsləhət görür, Allahın əmrlərini tətbiq etməyə çağırırdi. Dediyi sözlər, dəlil gətirdiyi ayələr bəzilərinin vicdanlarını narahat etsə də, narazılıqları üzlərindən oxunsa da Allahın kəlamları qarşısında səslərini çıxara bilmirdilər. Əbu Zər (r.a.) Tövbə surəsinin 34-35 ayəsini misal gətirərək ətrafındakıları Allahdan qorxmağa və axirəti üçün infaq etməyə məcbur edirdi:

  “Qızıl-gümüş yığıb onları allah yolunda sərf etməyənləri ağrılı-acılı bir əzabla müjdələ! O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!”-deyiləcəkdir (Tövbə, 34-35).  

Gələn ayələr artıq onun yeməyi və içəcəyi halına gəlmişdi.  Allah Rəsulunun yanından bacardıqca əl çəkmir, onun hər davranışı və hər kəlamını həyatına keçirməyə çalışırdı. Əbu Zərin (r.a.) bir hadisə onun həyatında dərin bir iz buraxmış, böyük günah işləyənlərə qarşı duyduğu qəzəb və qızqınlıq, yerini təəccüb və heyrətə buraxmışdı.  Artıq bundan sonra Əbu Zər (r.a.) Allah Təalanın günahkar bəndəsinə qarşı göstərdiyi mərhəmətinin böyüklüyü və əzəməti qarşısında susacaq və gunah işləyən möminlərə hiddətlənməyəcəkdi. Artıq bəndənin nə qədər günah işləsə də tövbəsi sayəsində Allah Təalanın əffinə nail olacağıni bilirdi. Şahidi olduğu hadisəyə gəlincə onu Əbu Zərin dilindən dinləyək…..

Əbu Zər rəvayət edir ki,  bir dəfə mən Allah Rəsulunun (s.a.s.) Baqi qəbiristanlığına tərəf getdiyini gördüm. Mən də onun dalınca getdim. O arxasına dönüb məni gördukdə dedi: “Ey Əbu Zər!” Mən dedim: “Hüzurundayam, əmrinə müntəzirəm Ya Rasulullah! Canım sənə qurban! O, dedi: Bu dünyada var-dövlətini artıranlar Qiyamət günü savablarını azaldacaqlar. Yalnız haqq yolunda belə və belə edənlər müstəsna. Mən dedim: “Allah və Rəsulu daha yaxşı bilir”. O bunu deməklə əli ilə sağa və sola Allah yolunda sədəqə və infaq edənləri nəzərdə tuturdu. Allah Rəsulu: belə: sözünü üç dəfə təkrar etdi. Sonra qarşımıza Uhud dağı çıxdı. Dagı görüb Allah Rəsulu məni səslədi: “Ey Əbu Zər!” Mən yenə “Hüzurundayam, əmrinə müntəzirəm ey Allahın Rəsulu!” dedim. O dedi: “Uhud dağının Muhamməd ailəsi üçün qızıla çevrilib onların yanında bircə qızıl yaxud bircə misqal qalması məni sevindirməz” dedi. Sonra qabağımıza bir vadi çıxdı. Peyğəmbər (s.a.s.) qabağa keçdi. Mən onun su başına getmək istədiyini düşünüb dayandım və bir kənarda oturub onu gözlədim. O, bir qədər geç qayıtdı . Kiminləsə pıçıldaşdığını eşitdim. Onun başına bir iş gəlməsindən qorxurdum. Lakin yanıma qayıdanda yanında heç kimi görmədim, tək idi. Mən soruşdum: “Ey Allahın Rəsulu! Sənin pıçıldaşdığın adam kim idi?” Allah Rəsulu: “Sən bunu eşitdinmi?”-deyə məndən soruşdu. Mən: “Bəli” deyə cavab verdim. O, dedi: “Bu Cəbrail idi”. Gəlmişdi mənə müjdə verməyə. Ey Əbu Zər! Ümmətimdən hər kim Allaha şərik qoşmadığı halda ölərsə, Cənnətə daxil olacaq. Mən soruşdum: Ey Allahın Rəsulu! Zina etsə, oğurluq etsə necə?” O dedi: “Zina etsə və oğurluq etsə belə. Mən yenə soruşdum: “Zina etsə və oğurluq etsə də?” O dedi “Zina və oğurluq etsə belə. Mən bir də soruşdum: “Ey Allahın Rəsulu! Zina və oğurluq etsə belə?” Allah Rəsulu: “Zina və oğurluq etsə belə. Əbu Zərin xoşuna gəlsə də -gəlməsə də o Cənnətə girər”. Əbu Zər hər dəfə bu hədisi danışarkən deyərdi: Allah Rəsulu: Əbu Zər istəsə də istəməsə da o, Cənnətə girər” deyirdi.

Əbu Zər (r.a.) böyük günah işləyənlərin Allahın əzabına düçar olacaqlarını öz- özlüyündə düşündüyü halda gələn müjdə onun təəccüb və çaşqınlığını artırmışdı. Böyük günah işləyənlərin peşmançılıq duyaraq tövbə etmələri nəticəsində Rəhman sahibi Allah tərəfindən bağışlanacaqlarını ağlına belə gətirmirdi. Dəfələrlə Alah Rəsulundan soruşması da inana bilmədiyini göstərməkdədir. Bunun üçün də böyüklərimizin bu yerdə: Sən gunahdan tövbə etməkdən usanmadıqca Allah da bağışlamaqdan usanmaz- sözü insan əqlinin Rəbbinin mərhəmətini dərk etmədiyini göstərir.

Samirə Mahmudova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖZBƏKİSTANDA HƏR AYIN BİRİNCİ BAZAR GÜNÜ…

Özbəkistandakı Din İşləri üzrə Komitə hər ayın birinci bazar gününü ölkədə humanizm günü kimi qeyd edəcək.

Bağla