“Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir”. Bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edərkən səsləndirib. Dövlət başçısı ölkəmizdə bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşadığını qeyd edərək, bu ənənələrin çoxəsrlik tarixə malik olduğunu bildirib və müstəqillik dövründə bu meylin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Prezident bildirib ki, bütün bunlar dövlətin həyata keçirdiyi siyasəti və xalqın iradəsini əks etdirir. Müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə bir ailə kimi dostluq şəraitində yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev onların Azərbaycanın ümumi inkişafına töhfə verdiklərini deyib.