İKİ DÜNYADA YAŞAMAQ

0

Bir dünyada yaşadığını zənn edən insanlar, əslində, iki dünya arasında qalıblar. Biri insanın özünü içərisində tapdığı, digəri isə içərisində özünü itirdiyi dünyadır. Son zamanlar insanlar da iki tipə ayrılıb.  Biri kənddə-kəsəkdə əlində olub-qalanları satıb şəhərdə var olmaq istəyən, digəri isə şəhərdə kənd həyatının həsrətini çəkənlər. Ən böyük supermarketlərdə qurulan təndirlər, ən elit otel və restoranlarda təklif edilən bahalı kənd süfrələri və ən əsası da keçmişdə nənələrimizin ev-eşik işlərində  geyindiyi paltarların ən bahalı butiklərdə son dövrün  modası  kimi insanlara təqdim edilməsi nədən xəbər verir, görəsən? Ya insanlar həqiqətən genetik kodlarına sadiq qalaraq  keçmişin həsrəti içərisində yaşayır, ya da ki, yırtıcı kapitalizm sözün həqiqi mənasında hər şeyi insanlara “bazarlayaraq” (satışa çıxardaraq) daşdan da pul çıxarır. Biz hara getdiyimizi bilməsək də, bizi hara apardıqlarını çox yaxşı bilirlər…

Qəbul etməliyik ki, davamlı olaraq zövqlərimiz və düşüncələrimiz müəyyən zaman axımında erroziyaya məruz qalır. Bütün bunlar elmin, mədəniyyətin və yaşam tərzinin dəyişməsi ilə paralel baş verir. Bununla bərabər, düşüncələrimiz əsas gücü əllərində cəmləşdirən qüvvələr tərəfindən media, reklam və sosial şəbəkələr vasitəsilə istənilən istiqamətlərə yönləndirilir. İstənilən məhsul cəmiyyət tərəfindən ikon qəbul edilmiş bir məşhur vasitəsilə reklam edilir və kütlənin istifadəsinə verilir.

Müəyyən bir müddətdən sonra özünü ağız dadına uyğun olmayan qidaları yemək, ümumiyyətlə, sənə yaraşmayan paltarları alıb geyinmək məcburiyyətində hiss edirsən. Bir də ayılırsan ki, axı sənin əvvəl yediklərin və geyindiklərin indikindən daha yaxşı idi. Bu zaman istəsən də geri qayıda bilmirsən. Ta o zamana qədər ki, yenə eyni sistem sənə nənənin təndirinin ləzzətini, kənd toyuğunun dadını, keçmiş zamanın modasını daha cazibədar formada göstərir və məcbur edir ki, indi də bunları yeməli və geyinməlisən. Nəticə etibarı ilə sən heç bir şey etmirsən, sənə diqtə edilənləri etməkdən  başqa.

Burada ortaya belə bir sual çıxır: siz istədiyinizi edirsiniz, yoxsa sizə istədiklərini etdirirlər? Çox təəssüflər olsun ki, insanlara dost bildiklərini düşmən, düşmən bildiklərini də dost kimi göstərərək istədiklərini etdirirlər.  Fərdlər kütlənin, kütlə də fərdlərin qurbanına çevrilir. Çoxluğun etdiyi yanlış bir feili bir fərdin etməməsi həmin cəmiyyət tərəfindən qəribsənir və həmin fərd cəmiyyətdən təcrid təhlükəsi ilə qarşı-qarşıya qalır. Bu təhlükə ilə qarşılaşmamaq üçün fərd yanlış olduğunu bildiyi halda ictimai qınağın təsiri altında həmin feili etmək məcburiyyətində qalır. Bununla da sürü psixologiyasına mübtəla olmuş kütlələr ortaya çıxır ki, onları kütlə şəklində istənilən istiqamətə yönləndirmək asanlaşır.

Belə bir misal verək: Düşünün ki, uzun müddət istifadə etdiyiniz hər hansısa bir əşyanızı özünüzün belə xəbəri olmadan itirmisiniz. Bir neçə ildən sonra həmin itirdiyiniz əşyaya ehtiyacınızın olduğunu düşünürsünüz. Bu zaman sizin yanınızda olan bir çoxbilmiş illər qabaq tapıb saxladığı həmin əşyanı sizə pul qarşılığında təklif edir. Bu vəziyyətdə illər öncə həmin əşyaya sahib çıxmayıb itirdiyiniz üçün günahkar sizsiniz, yoxsa illər sonra həmin əşyanı sizə pulla satan adam? Bu sualın bir cavabı var: siz günahkarsınız, o adam isə çox ağıllıdır.  Siz ona görə günahkarsınız ki, illər sonra illər öncə itirdiyiniz bir şeyə ehtiyac duyursunuz. O adam da ona görə ağıllıdır ki, sizin illər sonra nəyə ehtiyacınız olacağını bilir.

Nəticə etibarı ilə deyə bilərik ki, insan oğlunun bu dünyadakı vəziyyəti böyük bir qarpızın üzərində gəzib içərisindən xəbərsiz olan qarışqanın vəziyyətinə bənzəyir. Qarışqa qarpızın içərisinə təmas etmədiyi müddətcə hər şeyin üzərində fırlandığı sərt qabıqdan ibarət olduğunu zənn edər. Əsas olan isə qarpızın üzərində fırlanaraq uzun yollar qət etdiyini düşünmək deyil, içərisindəki dadı hiss etməkdir.

Əgər illər sonra inkişaf etdiyimizi iddia etdiyimiz halda hələ də xoşbəxtliyi keçmişimizdə axtarır və keçmişdəkilərə həsrət duyuruqsa, deməli, burada tərs gedən bir şeylər var.  Ya bəşəriyyət doğru inkişaf yolunda irəliləmir, ya da ki, keçmişə qayıtmaq, özə dönməyin özü də bir inkişafdır. 

Son olaraq, unutmayın! Əgər siz də yenə uzun yolçuluqdan sonra fırlanıb başladığınız nöqtəyə gəlirsinizsə, deməli, nəinki inkişaf, heç bir addım yol da qət etməmisiniz.

Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“VƏTƏN DƏRSİ: ŞƏHADƏT” FİLMİNİN TƏLƏBƏ-GƏNCLƏR ÜÇÜN NÜMAYİŞİ VƏ MÜZAKİRƏSİ KEÇİRİLDİ

Noyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II tədris binasının böyük akt zalında universitetin müxtəlif fakültələrindən 200-ə qədər tələbənin iştirakı...

Bağla