Noyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II tədris binasının böyük akt zalında universitetin müxtəlif fakültələrindən 200-ə qədər tələbənin iştirakı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) və “Azadlıq Hərakaçıları” İctimai Birliyinin (İB) birgə keçirdiyi layihə əsasında “Şəhadət” sənədli filminin nümayişi və müzakirəsi keçirildi.
DQİDK –in sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi İslam dini adından başqa məqsədlər üçün istifadə edərək xüsusən gəncləri öz ətrafına toplayan radikal dini cərəyanların qurbanları və Vətən, torpaq uğrunda canlarından keçmiş Azərbaycan oğullarının həyatından, eləcə də, ölümə gedən yollarından bəhs edir. Sənədli filmdə müxtəlif vədlərlə aldadılaraq özlərini və ailələrini radikal dini cərəyanların qurbanına çevirmiş şəxslərin doğmaları onların bu cərəyanlara necə qoşulmasından, yaşadıqları əziyyətlərdən danışıblar. Nadir Bədəlovun ssenari müəllifi, Böyükağa Məmmədovun quruluşçu rejissorluğu ilə ərsəyə gələn filmin əsas məqsədi dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etməkdir. Maarifləndirici səciyyə daşıyan sənədli filmdə Vətən torpaqları uğrunda canından keçmiş qəhrəman oğullarımızın timsalında şəhidliyin necə uca bir zirvə olduğu, dini radikal cərəyanların təsirinə düşərək həyatlarına son qoyulan insanlarla müqayisədə ölkəmizin bütövlüyü uğrunda şəhid olmuş oğulların ailələrinin fəxr və qürur hissi ilə doğmalarını xatırladıqları nümayiş edilir. Film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Məhz, “Şəhadət” kimi yüksək peşəkarlıqla hazırlanmış filmlərin təbliği, tələbə-gənclərlə birgə müzakirələrinin keçirilməsi onlarda Vətən sevgisinin formalaşdırılmasında, cəmiyyətdə mənəvi sahədəki boşluqların doldurulmasında əhəmiyyətli rol oynaya bilər.
Tədbiri giriş sözü ilə açan “Azadlıq Hərakaçıları” İB-in sədri Təhmasib Novruzov qloballaşan dünyada ölkə gənclərinin yanlış yol tutmalarının ciddi narahatlıq doğurması, ölkəmizin gələcəyinin daha sağlam nəsillərə etbar edilməsinin vacibliyindən danışdı. Sonra “Şəhadət” filminin nümayişi oldu. Nümayişdən sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Rəşid Paşalı, ADPU Tarix və Coğrafiya Fakültəsinin Azərbaycan Tarixi kafedrasının müdiri, dosent Naibə xanım Əhmədova, tələbələrdən Fatma Mirzəyeva, Nərmin Məlikova, Emin Abbasov, fakültə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Taleh Mirzəyev və başqaları çıxış edərək filmin məziyyətləri, onun gənclərə təsiri, gələcəyimiz olan gənc nəslin filmdə qoyulan problemə ciddi yanaşmalarının vacibliyi haqqında fikirlərini səsləndirdilər.