BAKIDA “DİNİ QURUMLAR VƏ SOSİAL MEDİA” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

0

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı mövzunun əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, sosial media və onun funksiyaları hər zaman müzakirə predmeti olub və bu vasitə dünyada insanlar arasında ünsiyyət yaradılması baxımından ənənəvi media nümunələrini üstələyir.

Sosial medianın müsbət tərəfləri ilə yanaşı, müəyyən problemlərə səbəb olduğunu vurğulayan M.Qurbanlı qeyd edib ki, Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir. Çünki bu sahədə insani dəyərlərə, əxlaqa zidd məsələlərlə əlaqədar məlumatlar geniş şəkildə yayılır, təşviq və təbliğ olunur. Son dövrlərdə sosial şəbəkələr mənfi qüvvələrin, məkrli insanların, hansısa məqsədə qulluq edənlərin də ən çox istifadə etdiyi və geniş kütlələrə təsir etməyə cəhd göstərdiyi alətə çevrilib. Dövlət Komitəsinin sədri bildirib ki, bu səbəbdən qeydolunan mövzu Azərbaycanda da daim diqqət mərkəzindədir. Ölkəmizdə 909 dini icmanın dövlət qeydiyyatından keçdiyini söyləyən Mübariz Qurbanlı bütün bu mənfi təzahürlərin qarşısının alınmasında din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə düşən vəzifələri qeyd edib. O, dini qurumlara dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini cəmiyyətə həm də sosial media vasitəsilə çatdırmaqda aktivlik nümayiş etdirməyi tövsiyə edib.

Sonra DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova “Sosial media və din” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, müasir texnologiyaların inkişafı media sahəsində “sosial media” məfhumunun yaranmasına yol açıb. Sosial medianın artıq sosial ünsiyyət vasitəsinə çevrildiyini deyən V.Hüseynova qeyd edib ki, Azərbaycanda əhalinin 75 faizindən çoxu  fəal internet istifadəçisidir, 2 milyonu isə sosial media iştirakçısıdır. Sosial medianın müsbət və mənfi yönlərini sadalayan müdir müavini bildirib ki, sürətli rabitə vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm psixoloji, həm də mənəvi zərəri var. Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, İslamı gözdən salan qüvvələr çirkin əməlləri üçün sosial media imkanlarından çox effektli şəkildə istifadə edir. Sosial şəbəkə ölkədə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat obyektidir. Bütün bunlar da sosial medianın gücünün dəyərləndirilməsi məsələsini aktuallaşdırır. Bu sahədə müəyyən addımlar atılsa da, təəssüf ki, hələ qarşısı alınmayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, ölkədə sabitliyin pozulması üçün əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır. Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır. Ə.Amaşov deyib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan mətbuat orqanları, əsasən də sosial şəbəkələr vasitəsilə yayılır. Şura sədri bildirib ki, hazırda Azərbaycan “Mətbuat Şurası haqqında” qanun layihəsi üzərində işlənir və qanunda vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır.

 “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib ki, hansısa dinin daxilində fikir ayrılıqlarının olması dinin zəifləməsinə gətirib çıxarır. Dinlər arasında mehribanlıq yoxdursa, bu, bəşəriyyətə bəla gətirə bilər. Azərbaycanın dini mövqeyinin dünyaya çatdırılması və bunun artıq dünya tərəfindən öyrənilməsi ən böyük uğurlarımızdan biridir. B.Sadıqov əlavə edib ki, media dünyagörüşü, biliyi olan jurnalistlərin çalışdığı sahədir. Sosial şəbəkələrdə isə fərqli düşüncə, əqidəsi, hətta dünyagörüşü olmayanlar da fikir paylaşırlar. Media qanunlar əsasında fəaliyyət göstərir, jurnalistlərin peşə davranışı qaydaları var, ancaq sosial şəbəkələrdə, xüsusən, insanlarla bağlı sərhədlər pozulur.

Mövzu ilə bağlı çıxış edən  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli diqqətə çatdırıb ki, bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir. Artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da nəzərdə tutulur. Lakin sosial şəbəkələri də media kimi qiymətləndirmək düzgün deyil. Sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır. V.Səfərli qeyd edib ki, əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyırlar. Amma sosial şəbəkələrdə bu belə deyil. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə keçirilən tədbirlər də Azərbaycanın sabitliyini sübut edir. Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu Vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan qüvvələr var. İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutu bu sahədə kadrların yetişdirilməsi üçün mühum rol oynayacaq.

V.Səfərli onu da vurğulayıb ki, bu sahədə təbliğata böyük ehtiyac var. Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlər həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı bildirib ki, Azərbaycanda sosial mediada kütləvi informasiya vasitələrindəki kimi 3 qaydanın hamısı var – məlumatlandırma, maarifləndirmə və əyləndirmə. Ölkəmizdə ilk dini sayt 2003-cü ildə açılıb. Hazırda rəsmi şəkildə fəaliyyət göstərən bir neçə sayt var. “Bizim hər zaman qarşımıza qoyduğumuz məqsəd – Azərbaycanda dini tolerantlığa, multikulturalizmə, İslam dininin milli-mənəvi dəyərlərinin təbliğinə yönəlib”, – deyə Q.Cavadlı bildirib.

Daha sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopuVladimir Fekete, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Aparat rəhbəri Aytən Qəhrəman, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili mövzu ilə bağlı fikirlərini bölüşüblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ BEYNƏLXALQ “XEYİRXAHLIQ” MÜKAFATLARI ÜZRƏ MÜSABİQƏ ELAN OLUNUB

Türkiyə Diyanət Vəqfinin məlumatında bildirilir ki, bu il keçirilən V Beynəlxalq Xeyirxahlıq mükafatları üçün müraciətlərin qəbuluna başlanılıb.

Bağla