Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib.
Bildirilir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində iştirak ediblər.
Tədbir Qurani-Kərimin tilavəti ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı və müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması bir tərəfdən bu qədim türk yurdunun zəngin tarixi-mədəni irsi ilə bağlıdırsa, digər tərəfdən də müasir dövrdə bu dəyərlərin qorunub-yaşadılması sahəsində görülən işlərin nəticəsidir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun tarixli Sərəncamına əsasən 2017-ci il noyabrın 25-də və 2018-ci il iyunun 7-də Təşkilat Komitəsinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə iclaslar keçirilib, hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi hazırlanıb və nümayiş olunub. Həmçinin üzərində loqotip əks olunmuş 100 min zərf, 100 min poçt markası, markalardan ibarət 200 buklet, 500 döş nişanı və suvenirlər, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018”in rəsmi internet səhifəsi hazırlanıb. Naxçıvanın müasir görüntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən fotoşəkillər seçilərək aidiyyəti üzrə təqdim edilib və ISESCO-nun saytına yerləşdirilib. Tədbirlər Planına əsasən Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə xatın, Yusif Küseyr oğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfrans, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları, eləcə də məşhur naxçıvanlı mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliliyinin birinci cildi tərcümə edilərək nəşr olunub. Ötən müddətdə “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti” video-çarxı hazırlanıb. 2018-ci il fevralın 21-də ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusunda interaktiv dərs keçirilib. 2018-ci ildə Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamında, Nehrəm imamzadəsində, Naxçıvan şəhər imamzadəsində və Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksində əsaslı bərpa işləri aparılıb.
2018-ci il iyun ayının 20-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılışı olub. Açılış tədbirindən sonra muxtar respublikada bir sıra tədbirlər, o cümlədən, dünya şöhrətli ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutcugilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgi, dünya şöhrətli İran rəssamı və miniatür ustası Mahmud Farçciyanın sənət sərgisi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” Kamera Orkestrinin konserti, “İslam filmləri həftəsi”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans, bu gün isə TÜRKSOY-un təşkilatçılığı ilə “Türk İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” adlı beynəlxalq konfrans keçirilib. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çox mühüm ictimai-mədəni hadisə kimi qədim diyarımızın tarixində əbədi qalacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın – elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində iştirakından məmnunluğunu bildirib, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin minnətdarlığını Ali Məclisin Sədrinə çatdırıb. Qeyd olunub ki, 5 min illik tarixə malik olan Naxçıvan Qafqazın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biridir. İslam dünyasında mühüm coğrafi və strateji mövqeyə malik olan Naxçıvan şəhəri İslam alimləri tərəfindən yüksək qiymətləndirilib. Həmçinin Naxçıvan Şərq və Qərb, Avropa və Asiya arasındakı tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarix boyu Azərbaycan xalqının mühüm tarixi-mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında təmas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır.
Amina Əl-Həcri Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı keçirilən tədbirlərdən danışaraq bildirib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı tərəfindən VII Beynəlxalq Klassik Musiqi Festivalı, ISESCO-nun Yaşıl Şəhər Strategiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Misirdən olan ekspertlərin iştirakı ilə regional toplantı, mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu mövzusunda milli seminar, ekstremizm və islamafobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti üzrə milli seminar və digər tədbirlər keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun tarixli Sərəncamı dövlət başçısının bu tarixi hadisəyə verdiyi böyük önəmin və Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətinin təzahürüdür. Təşkilat Komitəsi tərəfindən ötən dövrdə mühüm tədbirlər həyata keçirilib. Naxçıvan qədim tarixi və zəngin mədəniyyəti, müasir iqtisadi imkanları və inkişafı ilə İslam Mədəniyyətinin Paytaxtı statusunu ləyaqətlə dünyaya nümayiş etdirdi. Həmçinin 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir. Bununla da Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, növbəti dəfə bu ölkəyə layiqli cavab verilib. Naxçıvanın İslam Mədəniyyət Paytaxtı olması bir illə məhdudlaşmır. Naxçıvan İslam sivilizasiyanın tarixi mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı əbədi qoruyub saxlayacaqdır.
Sonra “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanışı münasibətilə konsert olub. Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova xalq mahnıları və muğamlarımızı məharətlə və böyük ustalıqla ifa ediblər. “Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları da alqışlarla qarşılanıb.
Konsertdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş səhnə arxasına keçərək ifaçılarla görüşüblər.
Ali Məclisin Sədri uğurlu konsert münasibətilə təbriklərini çatdıraraq deyib: Bugünkü konsertdə Alim Qasımov ilahi eşqlə və şövqlə oxudu. Bəlkə də qarşıdakı illərdə sizin daha gözəl konsertləriniz olacaq, amma bu konsert yaradıcılığınızın zirvəsi oldu. İmprovizələr, uzlaşmalar gözəl alındı və konsert naxçıvanlıların yaddaşında silinməz iz qoydu. “Şərur” Xalq Yallı Ansamblı da yallılarımızı məharətlə ifa etdi. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Yallı bizim qədim irsimizdir. Ona görə də vaxtilə muxtar respublikada yallı sənətinin UNESCO səviyyəsində qorunması ilə bağlı tədbirlər həyata keçirilmiş, tədqiqatlar aparılmış, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunmuşdur.
Ali Məclisin Sədri ifaçılara yeni yaradıcılıq uğurları arzulayıb.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri deyib: İfa olunan mahnılar, muğamlar və yallılar Azərbaycan xalqının özünəməxsusluğunu, tarixini və zəngin mədəni irsə malik olduğunu göstərir. Bunlar sadəcə musiqi və rəqs deyil, həm də bir xalqın qədim tarixinin yaşadılmasıdır.
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəz Qarayev deyib: Bugünkü konsertdə təqdim olunan bütün yaradıcılıq nümunələri UNESCO-nun siyahısına daxil edilib. Muğam ifaçılığı, tar, kamança və yallı bir daha təsdiq etdi ki, Azərbaycan xalqının yaratdığı incəsənət nümunələri bütün bəşəriyyətə məxsusdur. Bütün bunların bir arada “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində ifa olunması isə mühüm əhəmiyyətə malikdir. Çünki Naxçıvanda tarixin və mədəni irsin qorunub-saxlanılması və təbliği sahəsində kompleks işlər görülür.
Azərbaycan Respublikasının Xalq Artisti Alim Qasımov göstərilən diqqətə və yaradıcılıqlarına verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra ifaçılarla və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.