DEPUTATIN ŞEYXƏ ÇAĞIRIŞINA DAHA BİR DƏSTƏK

0

Həmkarım Qüdrət Həsənquliyevin bəzi rayonlarda, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin aradan qaldırılmasına dair çağırışını birmənalı olaraq dəstəkləyirəm.

Bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubundakı fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, Azərbaycanda qız uşaqlarının təhsildən kənarda qalması bu gün gündəmdə olan ən vacib problemlər sırasındadır:

“Həqiqətən də sözügedən problemin həlli ilə bağlı tapşırıqların verilməsi və bu istiqamətdə addımların atılması olduqca mühümdür. Çünki hüzr yerlərinə gedən insanlara modern dünyanın tərəflərini çatdırmaq şərtdir. Burada insanların çoxu keçmiş rəvayətləri xatırlamaqla baş vermiş hadisələrdən heç də ibrət götürmürlər. İnsanlar üçün əsas olan bu gün onların düzgün istiqamətləndirilməsi və cəmiyyətə mütərəqqi fikirlərin ötürülməsidir. Hesab edirəm ki, həmkarım da həmin məsələni məhz bu kontekstdə qaldırıb”.

Deputat qızların təhsil almaları istiqamətində atılmalı olan addımları da müsbət qiymətləndirib:

“Hesab edirəm ki, din xadimləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını və qadın hüquqlarını təşviq etməlidir. Bu addımların atılması qısa zamanda müsbət nəticələr verə bilər”.

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb. Məktubda deputat Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” fikirlərinin onu dərindən sarsıtdığını bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ MƏSCİDİ YÜK MAŞINI İLƏ BAŞQA BÖLGƏYƏ APARDILAR – VİDEO

Türkiyədə məscid bir bölgədən başqa bölgəyə daşınıb.

Bağla