QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ VLADİQAFQAZA SƏFƏR EDƏCƏK

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə yola düşür.

QMİ-dən  bildirilir ki, nümayəndə heyəti Azərbaycan Prezidentinin yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunan Muxtarov məscidinin açılışında iştirak edəcək. 1908-ci ildə əslən azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilən, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlətimizin başçısına müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

Açılışla eyni gündə Vladiqafqazda Azərbaycanın Rusiya, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisəyə həsr olunmuş konfrans keçiriləcək. Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, tanınmış elm və din xadimləri iştirak edəcəklər. Şeyxülislam A.Paşazadə və Azərbaycan nümayəndə heyətinin üzvləri həmin konfransda çıxış edəcəklər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şimali Osetiya rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
40 DƏRƏCƏYƏ YAXIN ŞAXTADA – KÜÇƏDƏ CÜMƏ NAMAZI QILDILAR -FOTOLAR

Krasnoyarsk şəhərində məscidlərin kəskin çatışmazlığı ilə bağlı möminlər cümə namazını  bayırda qılmağa məcbur olurlar. bu haqda Rusiyanın İslamsib.ru saytıına istinadla...

Bağla