Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) fevralın 1-də “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusunda “dəyirmi masa” keçiriləcək.
Bildirilir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, diskussiya iştirakçıları milli-mənəvi dəyərlərimiz, dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və digər bu kimi önəmli anlayışlar haqqında məruzə ilə çıxış edəcəklər. “Dəyirmi masa”da milli-mənəvi irsimizin düzgün təbliği və bu sahədə gənclərin üzərinə düşən vəzifələrin müzakirəsi nəzərdə tutulur.
Tədbirdə Aİİ-nin müəllimləri – ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarovun “Xəyallarımız, hədəflərimiz və dəyərlərimiz”; fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Gənclər və milli-mənəvi dəyərlər” mövzusunda məruzələri və ali təhsil müəssisəsi magistrantlarının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” mövzusu ətrafında çıxışları dinləniləcək.
Məruzələrdən sonra, mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, İnstitut Azərbaycan xalqına məxsus dini, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamının birilliyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.