AMERİKADA XOCALI İLƏ BAĞLI İLK: YƏHUDİ DEPUTAT ÖZ QIZINI DİASPOR İŞİNƏ CƏLB EDİB

0

Fevralın 25-də Nyu-Yorkda Yəhudi Tarixi Mərkəzində Amerika Sefardlar Federasiyası ilə Amerika Müsəlmanları Liderləri İttifaqının birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş “Nəzər yetirmək və danışmaq: Xocalı faciəsini yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq” adlı tədbir, həmçinin amerikalı musiqiçi Cefri Verbokun ifasında muğam gecəsi keçiriləcək.

Dünya çapında Xocalı soyqırımı ilə bağlı aparılan təbliğatın genişlənməsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyasının nəticəsidir.

Bu kampaniya çərçivəsində Ermənistanın yalanları və işğalçı siyasəti dünya ictimaiyyətinə çatdırılıb.

Məhz bu kampaniyanın nəticəsində yəhudi icmaları prosesə qoşulub, Azərbaycana dəstək nümayiş etdirirlər.

Son zamanlar dünya azərbaycanlılarının bir araya gələrək birgə fəaliyyəti də artıq öz nəticəsini verməkdədir.

Bildirilir ki, Milli Məclisin yəhudi deputatı Yevda Abramov Modern.az-a açıqlamasında bildirib ki, yuxarıda qeyd etdiyimiz tədbir ABŞ-da Yəhudi-Azərbaycan qardaşlığının nümayişidir:

“Mən hələ 2006-cı ildə ilk dəfə Amerikada olanda Cənubi Azərbaycandan olan qardaşlarımızı, Türkiyənin ABŞ-dakı səfirini, Azərbaycan Diasporunun aktiv üzvlərindən olan Tomris Azərini, Dağ Yəhudiləri İcmasının fəal nümayəndələrini, Yəhudi sineqoqunun ağsaqqalını və digər şəxsləri bir yerə yığaraq, söhbətlər aparmışdım. Onlarla müzakirə etdiyim məsələ ABŞ-da birlikdə fəaliyyət göstərməyimizlə bağlı təkliflər idi. Sadaladığım icmaların nümayəndələrinə bildirdim ki, vahid qrup altında birləşib, mənfur qonşularımıza qarşı tədbirləri keçirməliyik. Qan yaddaşımıza həkk olunmuş Xocalı soyqırımını unutmamalıyıq. Və ən önəmlisi bu tədbirləri təqvimdən təqvimə deyil, hər zaman təşkil etməliyik.

Düzdür, bu addımdan sonra kütləvi konfranslar, tədbirlər olmamışdı. Amma Nyu-York şəhərinin küçə və prospektlərində, metrostansiyaların giriş və çıxışlarında Xocalı faciəsi barədə panellər asılırdı. Bundan sonra bütün qurultaylara qatılan Tomris xanımla (Tomris Azəri) bir neçə dəfə görüşüb, bu barədə söhbətlər aparmışıq”.

Yevda Abramov onu da vurğulayıb ki, hazırda İsrailin üç şəhərində – Hayfa, Akko və Təl-Əvivdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir:

“Xəstəliyimlə əlaqədar ayda bir dəfə İsrailə gedirəm. Arye Qutla və orada fəaliyyət göstərən Qafqaz Cəmiyyətinin üzvləri ilə yaxından əlaqə saxlayıram. Bu şəxslərin təşəbbüsü ilə İsraildə mütəmadi konfranslar keçirilir. Biz həmişə çalışırıq ki, Amerikada və İsraildə olan diaspor nümayəndələrimiz yəhudilərlə qardaşlıq, dostluq əlaqələrində olsun, əhəmiyyətli işlər görsünlər. Görünür, bunun nəticəsidir, Amerikada məsələyə biganə qalmırlar. Orada fəaliyyət göstərən yəhudi təşkilatlarının liderləri dəfələrlə Azərbaycanda olublar, rəsmi şəxslərlə görüşüblər.

Bundan sonra da Azərbaycan-Yəhudi qardaşlığı davam edəcək. Açığını deyim, hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asandır. Səfirliyimizin açılmadığı ölkələrdə isə biz çalışırıq ki, dostlara, yoldaşlara, şəxsən tanıdğımız insanlara müraciət edək. İnanırsınız, mən özüm hətta qızımı da Azərbaycanın dünyada tanıdılması məqsədilə diaspor fəaliyyətinə cəlb edirəm. Səfirlik olmayan yerlərdə isə Parlementin Dostluq Qrupunun işi çox çətindir. Telefonla, tez-tez gəlib-getməklə məsələni həll edə bilmirik.

Xocalı soyqırımı ümumi dərdimizdir. Azərbaycan xalqının kədəri bizim kədərimiz, sevinci sevincimizdir. Yəhudi və azərbaycanlıları biri-birindən heç kim ayıra bilməz. Mən yəhudi qardaşlarımızla görüşlərdə də dəfələrlə demişəm ki, baxın, özüm də azərbaycanlılardan seçilmirəm. Ona görə, bu dərd hamımızın dərdidir. Ədalət prizmasından məsələyə yanaşmaq mütləqdir”.

Qeyd edək ki, azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatının Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbiri ABŞ tarixində ilk dəfə keçirilir. Tədbirdə Amerikadakı müxtəlif yəhudi təşkilatlarının liderləri, amerikalı gənc yəhudi liderlər, yəhudi və müsəlman dini liderlər, soyqırımı qurbanı olmuş digər xalqların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının rəsmi şəxsləri, Nyu Yorkdakı diplomatik nümayəndəliklərin təmsilçiləri, soyqırımı üzrə beynəlxalq mütəxəssislər, amerikalı tarixçilər, Xocalı soyqırımı zamanı doğmalarını itirmiş, diasporumuzun üzvü Anar Usubov, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitəsinin nümayəndəsi, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşları və ABŞ-dakı Azərbaycan diasporu da daxil olmaqla təxminən 150 nəfərin iştirakı gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İRANDA AZƏRBAYCAN DİLİNDƏ QƏZET NƏŞR OLUNACAQ

İran parlamentinin Urmiyadan olan millət vəkili Nadir Qazipur təxminən 40 milyon vətəndaşı türk dilində danışan ölkədə bu dildə bir qəzetin...

Bağla