Zamanı boş keçirmək həyatını boş keçirmək deməkdir. Zaman insan üçün yaradılışından bu yana önəm daşımışdır. İnsanın inkişafında və uğurlarında, hər hansı sahədə olursa olsun zaman anlayışının payı çox böyükdür.
Avropalı bir yazar zamanı qavramaq üçün belə bir müqayisə aparmışdır.
Asiya minbir gecə nağıllarının vətənidir (yəni sərvət, məqam kimi dünyəvi nemətlər təsadüflər və sehir yolu ilə əldə edilər və ya itirilər. Fərdi çalışma və ya mübarizənin əhəmiyyəti yoxdur.). Avropa isə Robinson Cruzonun vətənidir (yəni şəxsi mübarizənin nəticəsi olaraq əldə edilən uğurun böyüklüyü və əhəmiyyəti onlar üçün çox böyükdür). Yəni insan ona verilən zamanı bir qənimət hesab etməlidir. Təsadüf, sehr və “göydən düşmə” fürsətlər yoxdur. İnsan daim çalışmalı, özünü yetişdirməli, özünə və cəmiyyətə necə faydalı ola biləcəyinin yollarını axtarmalıdır. Bunun üçün də ona təqdim olunan zamanı o qədər incəliklə planlamalıdır ki, həm işlərini çatdırsın, həm də bu ərəfədə özünü istismar etmədən istirahətinə də fürsət tapsın. Əgər insan gecə-gündüz demədən, istirahət etmədən, özünə, sevdiklərinə vaxt ayırmadan çalışırsa o zamanını düzgün bölüşdürməmişdir. Nəticədə ya özü, ya da işi bundan ciddi şəkildə zərər görəcəkdir.
Çalışan, ya da evdar xanım ola bilərik. Hər iki halda da işlərimiz mütləq çoxdur. Gücümüz yetdiyi qədər çalışıb, gücümüzü toplamaq üçün də istirahət etməliyik. İstirahət deyərkən əsasən çox insanın ağlına ilk olaraq günü yataraq, televizor və ya telefon başında keçirmək gəlir. İstirahətimizi aktiv şəkildə, yəni təmiz havada gəzməklə, bağ-bostanda, torpaqda işləməklə ya da bir xeyriyyəçiliyə zaman ayırmaqla keçirmək mümkündür. Bu insanın ruhunu və qəlbini oxşayacaq və daha aktiv işləmək üçün insana stimul verəcəkdir. Yataraq, televizor və ya telefonla keçirilən zaman isə itirilməklə yanaşı, insanı gərginliyə və stressə sala bilər.
Filosof Hilonun belə bir məşhur kəlamı var: “Bir sirri saxlamaq, bir andı tutmaq, vaxtını boş keçirməmək həyatda ən çətin şeydir”. Bu kəlamla zamanın boş yerə keçirilməsinin ciddiliyini vurğulamışdır. Hətta zaman itkisini cibdə olan pulun lazımsız yerə xərclənməsinə bənzədərək dəyərini göstərmişdir. Əslində boş zaman ifədəsinin özü də düzgün deyildir. Məsuliyyətli bir insanın boş zamanı olmamalıdır. Allah-Təalanın da buyurduğu kimi “İşlərini qurtaran kimi Allah yolunda çalış!” (İnşirah, 7). Yəni bir işi digəri ilə əvəzləməklə işsiz qalınmamasının vacibliyi vurğulanır.
Zamandan istifadə edərkən idarəetmə insanın əlində olmalıdır. Zamanın idarəedilməsini əlinə alan insan ilk olaraq gərginlik yaşaya bilər. Lakin daha sonra rahatlıq və uğurlar onun olacaqdır. Məsələn, pəhriz saxlamağa başlayan insan artıq çəkidın əziyyət çəksə də, özünü daim yeməklərlə mükafatlandırdığı üçün çəkisi günü-gündən artır. Pəhrizə başlayan insan ilk olaraq artıq yeməklərdən uzaqlaşır. Hədəfinə çata bilmək üçün bütün iradəsini toplayır və düzgün qidalanmağa başlayır. İlk vaxtlar bu çox çətin, hətta əzabverici olur. Lakin sistem oturduğu zaman insan həyatdan zövq almağa başlayır və sağlam yaşayaraq özünü xoşbəxt hiss edır. Zamanın düzgün idarə edilməsi də buna bənzəyir.
Zamandan düzgün istifadə edə bilməsi üçün insanın özünü yaxşı tanıya bilməsi vacibdir. Yəni insan nə edəcəyini, hədəflərinin və məqsədlərinin nə olacağını dəqiq qavramalıdır.
Zamanını düzgün istifadə edə bilən insan aşağıdakı xüsusiyyətlərə sahibdir:
- Hər an nə edəcəyini və zamanını ən gözəl şəkildə necə keçirəcəyini yaxşı bilir.
- Səhvlərini, əskiklərini, xarakterinin hansı yanlış yola meyllənə biləcəyini idrak edir.
- Həyatında yaşadığı hər hadisədən dərs alaraq təcrübələrini artırır.
- Öz həyatını və şəxsiyyətini yaşayır
- Çatmaq istədiyi hədəflərə, hər gün zamanını nələrə sərf edəcəyini dəqiqləşdirir və bununla da daha verimli olur və daha çox xoşbəxt olmaq üçün sevdiyi işlərə və hobilərə vaxt ayırır.
Zaman bizə təqdim olunan çox dəyərli bir nemət olduğu üçün onu düzgün planlaşdırmalı və istifadə etməliyik. Çünki:
- Zamana qənaət edilməz
- Borc alınmaz ya da kirayələnməz
- Satın alınmaz, artırılmaz
- Pul kimi yığılmaz, xam maddə kimi qablaşdırılmaz
- Yalnız istifadə edilər və itirilər
Kimi zaman yetməzliyindən, kimi də boş zamanın sıxıcılığından şikayət edir. İşlərimizi çatdıra bilmirik, uşaqlarımıza, sevdiklərimizə vaxt ayıra bilmirik, dincəlməyi isə heç bacarmırıq, deyənlərin əsas problemi zaman bölgüsünü düzgün etməməkdən irəli gəlir. Heç bir sahədə özümüzü və ya yaxınlarımızı istismar etmədən hər işimizi çatdıra bilərik. Ya da məşğul olmağa ciddi bir işi olmayanlar saatlarla televizor və telefonla vaxt keçirib işsizlikdən şikayətlənir. Boşluqdan qurtulmaq istəyənlər isə özlərinə məşğuliyyət tapmalıdırlar. Hər kəsin qohumunda, qonşusunda köməyə ehtiyacı olan insanlar mütləq vardır. Günün müəyyən bir saatını onlara sərf edə bilərsiniz, əl işləri etməyi öyrənib evdə oturduğunuz yerdən pul qazana bilərsiniz, bilik və bacarıqlarınızı artırıb zamanınızı dəyərləndirə bilərsiniz.
Zaman atılmayacaq qədər dəyərlidir. Dəyərini bilməsək biz itirmiş olarıq.