Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Ənam s.59)
(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” (Nəml s.65)
Dinimizin qadağan etdiyi falçılıq, bir növ qeybdən xəbər verməyə təşəbbüs etməkdir.
“Fal” sözünün əsli “fel”dir. Bu da, “uğur, taleh, bəxt” mənalarını ifadə edir.
Sehir və sehirbazlığın tarixi insanlıq tarixinin ən köhnə mədəniyyətlərindən birini qurmuş olan Keldanilər zamanına qədər uzanır. Babil ölkəsinə yerləşmiş olan Keldanilər ulduzlar və planetlərlə əlaqədar göy elmlərini inkişaf etdirmişdilər. Bu vəziyyət onları ulduzlara ibadət etməyə qədər aparmışdır. Bunlar Quranın ifadəsiylə sabiə adıyla xatırlanmışlar. Bir qisim ayələrdə Sabilərdən və onların xüsusiyyətlərindən bəhs edilib (Bəqərə surəsi, 62, Maidə surəsi, 69).
Sehir və sehirbazlar tarixinin ikinci bir mərhələsi də Misirdə Musa aleyhissalamla Fironun sehrbazları arasında cərəyan edən hadisələrdir. Qurani Kərimin Əraf (109-124) və Taha (60-73) surələrində bu hadisələr qeyd olunmuşdur.
Elmin və texnologiyanın inkişaf etdiyi, insanın kosmosa qədər gedib çıxdığı bir dövrdə inkişaf etmiş “müasir” ölkələrdə belə falçılıq böyük məsafə qət etmiş, mənən dərin boşluq içində olan insanlar falçılara bel bağlamaq acizliyinə düşürlər. İslam gəlməmişdən əvvəlki bir cahiliyyə adəti olan falçılıq, xüsusilə iman və inanc baxımından zəif cəmiyyətlərdə yerləşmiş, yayılmışdır. Cahiliyyə dövründə hər cür xurafat ilə birlikdə falçılıq, sehr və cadu kimi pozğun adətlər də məşhur idi. Bu barədə Hz. Aişə anamızın rəvayət etdiyi bir hədis vardır. “Bəzi səhabələr Peyğəmbərimizin (s.ə.s.) yanına gələrək qeybdən xəbər verən kahinlər haqqında fikrini soruşdular. Peyğəmbərimiz də (s.a.s):
“Kahinlər bir şey deyil” buyurdu. Səhabədən bir qismi,
“Ya Rəsulullah, onlar bəzən bir şey söyləyirlər, sonra o da doğru çıxır” dedikləri zaman Rəsulullah (s.a.s.) bu həqiqəti belə dilə gətirdi:
Onların bu cür xəbərləri həqiqətdir. Onu bir cin mələklərdən qaparaq kahin dostunun qulağına pıçıldayar. O kahinlər də bir doğruya yüz yalan qarışdırarlar”(Buxari , bədül –xalq 6, Müslim, Salam 122-124).
Demək ki, falçıların və kahinlərin sözlərində düzgünlük payı olsa olsa yüzdə və ya mində birdir. Bu qədər zəif bir ehtimala möminin bel bağlaması, ona etibar etməsi, inancına zərər verdiyi kimi, məqbul da deyil.
Başqa bir hədisi şərifdə isə;
“Səfiyyə binti əbu Ubeyd Nəbinin (s.ə.s.) bir xanımından nəqlən belə buyurduğunu bildirmişdir.
“Kim oğurlanmış və ya itmiş bir malın yerini xəbər verən kimsəyə gedib ondan bir şey soruşar, söylədiyini də təsdiq edərsə həmin adamın qırx gün heç bir namazı qəbul olunmaz”.
Dinimizin qətiliklə qadağan etdiyi falçılıq, bir növ qeybdən xəbər verməkdir. Halbuki, Qurani Kərim, qeybi, Allahdan başqa heç bir kimsənin bilməyəcəyini, peyğəmbərlərlə mələklər belə, özlərinə vəhy edilmədikcə qeybdən xəbər verə bilməyəcəklərini bildirməkdədir.
Sabah öz başına nələr gələcəyini bilməyən insanların dünyanın və ya ölkənin bir ilində nələr olacağını təxmin etməyə cəhd etdiklərinə kədərlənərək şahid oluruq. Bütün bunlar bir kəhanət və göz boyamaqdan başqa bir şey deyil. Qısacası aldanmaq və aldatmaqdır. Bizim inancımıza görə isə qeybi bir tək Allah bilər.