İƏT PARLAMENT İTTİFAQI XIV SESSİYASINDA AZƏRBAYCANLA BAĞLI İKİ QƏTNAMƏ QƏBUL OLUNUB

0

Martın 10-14-dək Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) XIV sessiyası və digər illik tədbirləri keçirildi.

Toplantıda Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı, Xocalı soyqırımının tanınması, Əl-Qüds Əl-Şərif və Fələstinə dair məsələlər (Fələstində vəziyyət, İƏT Pİ-nin İsrailin Əl-Qüdsü yəhudiləşdirməsinə qarşı mübarizədə rolu) Suriya və Livanda işğal olunmuş ərəb torpaqları, Suriyada humanitar vəziyyət, terrorizmin bütün formalarına qarşı mübarizə (BMT bayrağı altmda terrorizmə qarşı mübarizə və işğala qarşı mübarizə hüququnun tanınması, hər hansı bir islam dövlətinə qoyulmuş sanksiyanın rədd edilməsi, Çad gölü və Afrikada terror aktlarına qarşı mübarizə), sülh məqsədləri üçün müasir texnologiyadan azad istifadəyə dair insanların ayrılmaz bərabər və balanslaşdırılmış hüququnun tanınması, Yaxın Şərq regionunun kütləvi qırğın silahlarından, xüsusilə də nüvə silahından azad zonaya çevrilməsi, İraq, Sudan, Somali, Əfqanıstan və Malidə vəziyyətin müzakirəsi və onun qonşu dövlətlərə təsiri, İslam dövlətlərində qaçqın və miqrasiya problemi (Suriya Ərəb Respublikası, İraq Respublikası, Əfqanıstan İslam Respublikası, Myanma), İslamın ali dəyərlərinin müdafiəsi məqsədilə müsəlman dövlətlərin arasında əməkdaşlıq və koordinasiya, Kiprdə vəziyyət, Cammu və Kəşmirdə vəziyyət, dünyadakı müsəlman azlıqları ilə həmrəylik (Qərbi Trakiya və Dodekanesdəki türk müsəlman milli azlığı, Myanmada Rohinca müsəlmanları, Cənubi Filippin, Mərkəzi Afrikada müsəlman azlıqlar, Krımda müsəlman tatarlarının və Çində uyğurların vəziyyəti), islamofobiya, ksenofobiya və qeyri-tolerantlığa qarşı mübarizə, müsəlman ölkələri arasında viza prosesinin sadələşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparıldı.

Azərbaycan nümayəndə heyəti martın 11-də İƏT Pİ İcraiyyə Komitəsinin 41-ci iclasında iştirak etdi. İclasda təşkilatda müzakirə olunacaq bir sıra məsələlər nəzərdən keçirildi.

Təşkilatın siyasi məsələlər və xarici əlaqələr daimi komitəsinin martın 12-də keçirilmiş iclasında AR Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş iki qətnamə layihəsi – “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” və “1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması” qətnamə layihələri müzakirə edildi. Hər iki qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, komitə iclasında qəbul olunub və İƏT Pİ Konfransının 12-ci sessiyasına təqdim edildi.

İnsan hüquqları, qadın və ailə məsələləri üzrə komitənin iclasında Myanmada Rohinca müsəlmanlarına qarşı davam edən insan haqları pozuntuları, Cammu və Kəşmirdə davam edən insan hüquqları pozuntuları, İƏT Pİ-na üzv dövlətlərdəki bütün inkişaf istiqamətlərində qadınların rolunun artırılması, İƏT Pİ konfranslarında nümayəndə heyətlərinin tərkibində qadınların iştirakı, İslam aləmində gənclərin statusunun artırılması, Avropada müsəlman miqrant ailələrinin vəziyyəti və s. məsələlərə baxıldı.

Mədəni və Hüquqi məsələlər və sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitənin iclasında qeyri-ərəbdilli İslam dövlətlərindən olan tələbələri ərəb dilinin öyrədilməsinə təşviqi, müsəlman dövlətlərində müqəddəs yerlərin qorunması, qeyri-müsəlman ölkələrdəki İslam mədəni irsinin, dini və ianə təsisatlarının qorunması, İslam dəyərləri ilə Qərb dəyərlərinin qarşıdurmasına xüsusi əhəmiyyət verən mədəniyyətlərarası dialoq və s. kimi məsələlər müzakirə edildi.

İqtisadi əlaqələr və ətraf mühit üzrə komitənin iclasında İƏT üzv dövlətləri arasında ticarətin artması və ticari maneələrin azaldılması, İslam aləmində inkişaf sahəsində fəaliyyət göstərən iqtisadi qurumların gücləndirilməsi və dəstəklənməsi, ətraf mühit məsələləri və davamlı inkişaf, Afrika sahil dövlətlərində səhralaşma ilə mübarizə, üzv dövlətlərin parlamentlərində su ehtiyatlarının qorunması sahəsində əməkdaşlıq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi, elm və texnologiya üzrə İƏT Pİ üzv parlamentləri arasında əməkdaşlıq və s. məsələlər ətrafında müzakirələr keçirildi.

Martın 11-də müsəlman qadın parlamentarilərin 8-ci konfransında iştirak etdim. Konfransda müsəlman qadınlarının hüquq və vəzifələrinə dair bır sıra çıxışlar oldu. Yerli və regional problemlərin və münaqişələrin həllində qadınların rolu, müsəlman qadın və uşaqların işğal altında olan ərazilərdə qarşıdurmalardan qorunması kimi mövzularda müzakirələr aparıldı və Müsəlman qadın parlament üzvlərinin növbəti Konfransının tarixi və yeri müəyyənləşdirildi. Ertəsi gün İƏT Pİ Ümumi Komitəsinin iclası baş tutdu.

Martın 12-də yekun kommunikenin hazırlanması üçün açıq iclas keçirildi və sənədin mətni müzakirələrdən sonra qəbul edildi. Yekun kommunikeyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 2 bənd salındı.

Daha sonra Afrika qrupu, Asiya qrupu və Ərəb ölkələri qrupunun iclasları keçirildi. İclaslarda həm İcraiyyə Komitəsinə üzvlər seçilib, həm də komitələrə ölkələr üzrə seçkilər keçirildi. Asiya qrupunun iclasına qatılan Azərbaycan nümayəndə heyəti İcraiyyə Komitəsinə üzv seçildi, Ümumi komitə və İnsan haqları, qadın və ailə məsələləri üzrə daimi ixtisaslaşmış komitələrdə təmsil olundu.

Martın 13-də İƏT Pİ XIV sessiyası öz işinə başladı. Sessiyada 15-dək İƏT Pİ üzv dövlətlərin (BƏƏ, Uqanda, Küveyt, Burkina-Faso, Liviya, Qatar, Mavritaniya, Oman, Səudiyyə Ərəbistanı, Seneqal və s.) spikerləri, o cümlədən qardaş Türkiyənin Böyük Millət Məclisinin yeni seçilmiş sədri Mustafa Şentop da geniş nitqlə çıxış etdilər. Daha sonra sessiyada iştirak edən üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.

Azərbaycan nümayəndə heyəti adından məruzə ilə mən çıxış etdim. İlk öncə Azərbaycan Respublikası Prezidentinin salamlarını tədbir iştirakçılarına çatdırdım. Müzakirə edilən məsələlərə münasibətimi bildirdim. Fələstin və müqəddəs Qüds əl-Şərif, Suriya, Somali, Əfqanıstan, Mali, Kıprıs, Camu və Kəşmir, Qərbi Trakiya və Dodekanesdə müsəlman azlıqlarının problemi, Myanmada Rohinca müsəlmanlarının vəziyyətinə dair mövqeyimizi açıqladım. Xocalı faciəsi haqqında məlumat verərək, insanlığa qarşı yönəlmiş bu cinayətin səbəblərindən və ağır nəticələrindən danışdım. Bildirdim ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədilib, 613 dinc sakin qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, mindən çox insan əlil olub. Cari ilin 26 fevralında Xocalı qətliamının 27-ci ilinin tamamlandığını bir daha iştirakçıların nəzərinə çatdırdım.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarını məlumatlandıraraq Ermənistanın Azərbaycana hərbi təcavüz etdiyini, ölkəmizin ərazisinin 20 faizindən artıq hissəsinin işğal olunduğunu bir daha bildirdim. Diqqətə çatdırdım ki, bu təcavüz nəticəsində bir milyondan çox insan ev-eşiyindən didərgin düşüb, 20 min azərbaycanlı həlak olub, 150 min nəfər yaralanıb və ya müxtəlif dərəcəli xəsarət alıb, 4 mindən çox insan itkin düşüb. Ermənistan tərəfindən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparıldığını, həmçinin islam abidələrinin, müqəddəs yerlərin və məscidlərin, mədəni irs nümunələrinin yerlə-yeksan edildiyini vurğulayaraq bildirdim ki, bu, təkcə Azərbaycana qarşı yox, həm də bütün müsəlman aləminə qarşı böyük cinayətdir.

Azərbaycanın həmçinin 1990-cı illərin əvvəllərində erməni terror təşkilatları tərəfindən törədilən 30-dan çox terror aktına məruz qaldığını, 2 minədək insanın bu cinayətlərin qurbana çevrildiyini iştirakçıların diqqətinə çatdırdım. Sonda bütün müsəlmanları bu cinayətlərə biganə qalmamağa çağırdım. BMT və digər beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının və onun Parlament İttifaqının qəbul etdiyi çoxsaylı qətnamələri xatırladaraq, Ermənistan Respublikasının hələ də onlara əməl etmədiyini bildirdim.

Daha sonra üzv dövlətlərin təmsilçilərini Azərbaycan nümayəndə heyətinin təşkilatın Rabat sessiyasına təqdim etdiyi haqq işimizi dəstəkləyən iki qətnamə layihəsinə səs verməyə çağırdım. Qətnamələr yekdilliklə qəbul edildi.

Aşağıda hər iki qətnamənin mətni verilir.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair

İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Parlament İttifaqının müvafiq olaraq 11-14 mart 2019-cu il tarixlərində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş 14-cü Sessiyası,

İslam Əməkdaşlığı Təşkilatının Nizamnaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək,

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü və bu təcavüz nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20%-nin işğal olunması və 1 milyondan artıq azərbaycanlının öz ev və mülklərindən qovulmasından olduqca narahat olaraq,

Erməni işğalı nəticəsində 1 milyondan artıq qaçqın və köçkünün ağır vəziyyətə düşməsindən, yaranmış humanitar problemlərin miqyası və ciddiliyindən dərin təəssüf hissi keçirəcək,

Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin davamlı işğalı və bu ərazilərin fiziki, demoqrafik, iqtisadi, sosial və mədəni xarakterinin dəyişdirilməsinə yönəlmiş fəaliyyətdən dərin narahatlıq hissi keçirdiyini ifadə edərək,

Azərbaycanın işğal olunmuş ərazilərində törədilən dağıntı, vandallıq, ictimai və şəxsi mülklərin oğurluğu və talan edilməsi, habelə həmin ərazilərdə təbii resursların qeyri-qanuni istismarından, habelə onlardan istehsal olunmuş məhsulların qanunsuz alqı-satqısından dərin narahatlığını bildirərək,

Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irs nümunələrinin itirilməsi, məhvi, oğurlanması, talan edilməsi, qanunsuz nəqli və qeyri-qanuni mənimsənilməsindən, habelə bu kimi mülkiyyətə qarşı yönəlmiş vandalizm aktları və dağıdılmasından narahatlıq keçirərək,

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiya və etnoqrafiyasının fraqmentlərinin islam irsinin ayrılmaz hissəsi oldugunu və onların müdafiə edilməsi zərurətini vurğulayaraq, erməni işğalçıları tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qədim nadir abidələrin, o cümlədən islam sivilizasiyasının tarixi memarlıq abidələrinin və məscidlərinin tam və ya qismən dağıdılmasını qeyd edərək, türbə, məqbərə, arxeoloji qazıntı, muzey, kitabxanalar, bədii sərgi salonları, dövlət teatrları və konservatoriyaların dağıdılması ilə bahəm, ölkədən çoxsaylı qiymətsiz əşyaların və milyonlarla kitab və tarixi əlyazmaların çılxarılmasını qeyd edərək,

İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında bütüb qətnamələrinin icrasını qətiyyətlə dəstəkləyərək,

BMT Nizamnaməsinə ciddi şəkildə riayət olunmasına və Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinin bütünlüklə yerinə yetirilməsinə israrla çağıraraq,

Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə yönələn bütün diplomatik və digər səyləri alqışlayaraq,

Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət etmək öhdəliyini bir daha təsdiqləyərək:

1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü qəti pisləyir və erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

2. İşğal olunmuş Azərbaycan ərazilərində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi dəyərləndirir və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini qeyd edir.

3. İşğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin talan edilməsini və dağıdılmasını qəti pisləyir.

4. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin icra edilməsi məqsədilə İƏT Pİ bütün üzvlərini İƏT-in qəbul etdiyi bütün müvafiq qərar və qətnamələri qəti icra etməyə çağırır.

5. Bununla əlaqədar İƏT Pİ üzv dövlətlərinin parlamentlərini aşağıdakı əməli tədbirləri görməyə təkidlə dəvət edir:

a. Təcavüzkarı münaqişənin gələcək eskalasiyası imkanından və Azərbaycan ərazilərini işğal altında saxlamağa davam etməkdən məhrum etmək üçün bütün dövlətləri Ermənitanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırır, üzv dövlətlərin ərazisi bu cür təchizatın tranziti üçün istifadə edilməməlidir;

b. Dağlıq Qarabağ və digər işğal olunmuş Azərbaycan ərazilərinə İƏT üzv dövlətlərinin fiziki və hüquqi şəxslərinin hər hansı səfərləri və orada fəaliyyəti qadağan olunmalıdır;

c. Turizm şirkətlərini, agentliklərini, operatorlarını və onların yerli təşkilatlarını bu ərazilərə turist səfərlərinin və Azərbaycanın işğal edilmiş ərazilərində turizmin təşviqinin qeyri-qanuniliyi, habelə qanunsuz separatist rejimin beynəlxalq turizm yarmarkalarında və digər turizmlə bağlı tədbirlərdə təbliğinin yolverilməzliyi haqda mümküncə geniş məlumatlandırmaq;

d. Ermənistanla ikitərəfli münasibətləri, o cümlədən diplomatik nümayəndəliyin səviyyəsinin endirilməsi yolu ilə məhdudlaşdırmaq;

e. Ermənistanla iqtisadi əməkdaşlıqdan, o cümlədən onun iqtisadiyyatına sərmayə qoyuluşundan imtina etmək;

f. Ermənistana, Azərbaycan ərazilərinin işğalının davamını təmin edən hər hansı yardımın qarşısını almaq;

6. İƏT Pİ üzv dövlətləri bu istiqamətdə göstərilən səylərin gücləndirilməsi və yuxarıda göstərilən məsələlərin daha effektiv həlli üçün zəruri qanunvericilik aktlarını və onların tətbiqi mexanizmlərini qəbul etməyə çağırır;

7. İƏT-in Baş katibin münaqişə üzrə müvafiq qətnamə və qərarların effektiv icrasını təmin etməyi və beynəlxalq vəzifələrini yerinə yetirmək məqsədilə Ermənistana təzyiq etməyi təklif edir;

8. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində münaqişənin ədalətli və sülh yolu ilə həllinə öz dəyişməz dəstəyini ifadə edir və nəticəyə istiqamətlənmiş fəaliyyətə -Azərbaycanın qaçqın və köçkünkərinin dərhal ayrılmaz hüququ olan öz evlərinə təhlükəsiz, şərəfli və layiqli qayıdışına çağırır.

9. Məsələ ilə davamlı olaraq məşğul olmaq və hazırkı qətnamənin müddəalarının icrasını təşkilatın növbəti sessiyalarında nəzərdən keçirməyi qərara alır.

1992-ci il Xocalı Soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair CONF-14/PER-31 saylı Qətnamə

13-14 mart 2019-cu il Mərakeş Krallığının paytaxtı Rabatda keçirilən İƏT Pİ üzv dövlətlərinin 14-cü sessiyası,

İƏT üzv dövlətləri Parlament İttifaqının Nizamnaməsindən və İslam Əməkdaşlıq Təşkilatının Xartiyasından irəli gələn prinsip və məqsədlərindən çıxış edərək,

İslam Sammiti, İƏT Xarici İşlər Nazirlərinin iclasları, habelə İƏT Parlament İttifaqı tərəfindən indiyə kimi qəbul olunmus Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair bütün qətnamələri bir daha təsdiq edərək,

İƏT PI üzv dövlətlərinin parlamentləri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, siyasi müstəqillik və suverenliyinin, habelə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin davamlı dəstəklənməsini bir daha vurğulayaraq,

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ərazisinin işğalını tənqid edən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini, beynəlxalq sərhədlərin toxunulmazlığını və torpaqların hərbi güc vasitəsilə işğalının yolverilməzliyini dəstəkləyən və Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini bir daha xatırladaraq,

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davamlı təcavüzündən, ərazilərin qeyri-qanuni işğalı, beynəlxalq hüququn norma və prinsiplərinin, habelə BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinin kobud şəkildə pozulmasından ciddi narahatlığını bildirərək,

Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni və provokativ siyasətindən, xüsusilə də həmin ərazilərin fiziki, demoqrafık, iqtisadi və mədəni xarakterinin dəyişdirilməsi məqsədilə həyata keçirilən fəaliyyətdən ciddi narahatlığını vurğulayaraq,

Münaqişə ərzində Ermənistan Respublikası tərəfindən yürüdülən və gələcək pozuntular üçün münbit şərait yaradan siyasətdən, xüsusilə beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının kobud şəkildə pozuntusu, mülki vətəndaşların qətli, etnik təmizləmə, əsirlərin tutulması və saxlanılması, müharibə əsirlərinə qarşı pis rəftar, yaşayış məskənlərinin dağıdılmasından olduqca mütəəssir olaraq,

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ərzində bevnəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının ciddi pozulmasına görə məsuliyyət daşıyanların cinayət fəaliyyətinə görə ədalət məhkəməsi qarşısında hesab vermələrinin vacibliyini vurğulayaraq, habelə bu siyasətin qurbanlarına effektiv hüquqi müdafiə və təzminatın ödənilməsinin təmin olunması, bu məsələ ilə əlaqədar milli və beynəlxalq səviyyədə praktiki addımların atılmasının vacibliyini vurğulayaraq,

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ərzində törədilmiş beynəlxalq humanıtar hüquq və beynəlxalq insan hüquqlarının pozuntusunun cəzasız qalmasına son qoyulmasının, ədalətin təmin edilməsinin gələcək pozuntuların qarşısının alınmasına, mülki müdafıə və sülhün bərqərar edilməsinə şərait yaradacağından əminliyini ifadə edərək,

Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının torpaqlarının qeyri-qanuni işğalının davam etməsini, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının ciddi pozuntusunu qınayan bir sıra dövlətlər və beynəlxalq təşkilatlar qəbul etdiyi qətnamə və qərarları alqışlayaraq,

Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ilin fevral ayında Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamı insanlığa qarşı cinayət və soyqırımı kimi şiddətlə qınayaraq:

1. İƏT üzv parlamentlərini Xocalı şəhərində və Azərbaycan Respublikasının işğal edilmiş digər ərazilərində törədilmiş cinayətin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması üçün bütün səylərini əsirgəməməyə çağırır;

2. İƏT Pİ üzv parlamentləri Xocalı şəhərində və münaqişə zamanı Azərbaycanın işğal edilmiş digər ərazilərində baş vermiş qətliamı insanlığa və bəşəriyyətə qarşı cinayət kimi milli və beynəlxalq müstəviyə qaldırmağa çağırır;

3. “İƏT Anım günü proqramı” çərçivəsində təşviq edilən və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ilin fevral ayında törədilmiş azərbaycanlılarının soyqırımı tarixi həqiqətlərinin üzə çıxarılması məqsədi daşıyan “Xocalıya Ədalət” beynəlxalq vətəndaş maarifləndirilməsi kampaniyasını alqışlayır;

4. Bütün İƏT Üzv parlamentləri bu kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində iştirak etməyə çağırır.

Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırımı kimi bir daha tanıyıb və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırıb. Habelə Parlament İttifaqı “Xocalıya ədalət!” kampaniyasını dəstəklədiyini bir daha təsdiqləyib.

Sonda qəbul edilən yekun bəyannamənin 17 hissəsi “Ermənistanın Azərbaycana qarşı təcavüzü” adlanırdı və 2 aşağıdakı bənddən ibarət idi.

1. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsini və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycan ərazilərindən Erməni qüvvələrinin dərhal, qeyd şərtsiz və tamamilə çıxarılmasını tələb edir və Ermənistanın Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etməşində israr edir;

2. Azərbaycan ərazilərində qədim islam abidələrinin və mədəni irsin kütləvi məhv edilməsi ilə nəticələnən məscidlərə və müqəddəs islam məkanlarına təcavüzü qınayır; 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə bir neçə saat ərzində Azərbaycanın Xocalı şəhərində baş vermiş 613 mülki vətəndaşın, o cümlədən 106 qadın və 83 uşağın dəhşətli qətliamını pisləyir;

Martın 13-də başlanan İƏT Pİ-nın14-cü sessiyası öz işinə ertəsi gün yekun vurdu. Sessiyada İƏT Pİ baş katibinin məruzəsi dinlənildi, İƏT Pİ Ümumi Komitəsinin sessiyasının, eləcə də daimi ixtisaslaşmış komitələrin, Fələstin Komitəsinin iclasının, Müsəlman qadın parlament üzvlərinin 8-ci konfransının, İƏT Pİ üzvləri parlamentlərinin Baş katibləri Assosiasiyasının 2-ci iclasının hesabatları qəbul edildi və bir sıra təşkilati məsələlərə baxıldı, o cümlədən İƏT Pİ İcraiyyə Komitəsinin 42-ci iclasının tarixi və yeri müəyyənləşdirildi.

Sessiya Rabat deklorasiyasını qəbul etməklə işini tamamladı.

Onu da əlavə edim ki, sessiyada özümüzlə gətirdiyimiz əyani vəsaitlər – Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamı haqqında AMEA Şərqşünaslıq İnstitutunun ərəb dilində nəşr etdiyi broşur və bukletlər bütün iştirakçılara paylandı və onlar tərəfindən böyük diqqətlə qarşılandı. / Trend.az

Akademik Gövhər Baxşəliyeva,

Milli Məclisinin deputatı, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
UNESCO: RAZILIĞIMIZ OLMADAN TÜRKİYƏ AYA SOFYANI MƏSCİDƏ ÇEVİRƏ BİLMƏZ

“Türkiyə UNESCO-nun razılığı olmadan Aya Sofya məbədinin statusunu dəyişə bilməyəcək”.

Bağla