Dükanı şəhərin çıxış qapısında olan bir baqqal vardı. Qapıdan nə zaman bir cənazə çıxsa o yanında saxladığı cama bir meyvə çəyirdəyi atar hər ayın başında onları sayaraq:
–“Bu ay bu qədər adam cama düşdü” –deyərdi. Bir gün o da öldü. Xeyli vaxt keçmişdi ki, ölümündən xəbərsiz bir dostu onu ziyarətə gəldi. Dostunu görməyən müsafir onu qonşulardan sordu:
–“Burada oturan baqqal hanı?”
Dedilər ki:
–“O da cama düşdü!…”
Bu da bu fani aləmə gələn yolçuların hekayəsi… Hər kəs və hər şey haqqında qalan budur: biri varmış, biri yoxmuş…
Yunis Əmrə necə gözəl söyləmişdir:
Ana bətnindən gəldik bazara,
Bir kəfən alıb döndük məzara!…
İnsan həyatın axarında yaşamaq sevinci ilə ölümdən tükü ürpənən iki dəhşətli əksliyin arasında çalxalanır. Daimi axarda olan həyat və ölümün həqiqi mənaları dərk edilmədən yaradılmanın sirri və hikməti ilə insanın həqiqi mahiyyəti də qavranıla bilməz.
Salim bir mühakimə sahibi düşünməzmi ki, kainatda hər şey bircə çəyirdəyin çatlamasından bahar şənliyinə, doğumlardan ölümlərə və mikroaləmdən makroaləmə, zərrələrdən kürrələrə qədər layiqincə qavranması imkansız bir nizam-intizam ilə təqdir edilmiş bir ahəng içində ötüb-gedir.
Olsun, bu ahəngin və bu nizamın sənətkarı və Xaliqi kimdir? Kainatda insan idrakını aciz qoyan bu mükəmməllik hikmət və ibrətlər mücəssəməsi deyilmidir? Bu sualların ən mükəmməl və ən gözəl şəkildə cavabı Qurani-Kərimdədir. Allah Təala buyurur:
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ
–“Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!”(əd-Duhan, 38)
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ
–“Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Əl-Müminun, 115)
أَيَحْسَبُ الْإِنسَانُ أَن يُتْرَكَ سُدًى
–“Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!”(əl-Qiyamə, 36)
İnsanın yaradılmasındakı hikmət öz istedad və iqtidarı nisbətində Haqq Təalanı bilə bilmək, bu biliyi irfan (zehni kamillik) ilə bəzəyərək əməli-saleh ilə Haqqı hörmət göstərməkdir. Biz buna qısaca qulluq deyirik. Bu qulluq keyfiyyətinin hədəfi də qəlbi təsfiyə (saflaşdırma) və nəfsi təzkiyə (hər cür mənfilikdən uzaqlaşdırma) edə-edə Allaha qovuşa bilməkdir. Vasili-illəllah ola bilməkdir. Bu da nübüvvətdən peyğəmbərlikdən, nəbilikdən) sonra ən uca bir dərəcə ilə Rəbbə yetişməyi ifadə edən vəlilikdə kamal qazanır.
Vəlilik, nəfsani ölçülərin fövqünə qalxmaq mənliyin əskəri səviyyəyə endirilərək mənən Rəbbə qovuşmasıdır ki, bu yüksək dərəcəyə məqam etibarı ilə fana-fillah deyilir. Bu da bir axan suyun dənizə çatdıqdan sonra öz şəxsiyyətini itirib dənizdə yox olması və ya yediklərimizin bədənimizə daxil olduqdan sonra xaricdə ikən mənsub olduğu mahiyyətlərini itirməsi kimidir.
Bu məqama çatdıqdan sonra gələn ölüm həqiqi mənada bir vüslati-ilahiyyədir. مُوتُواقَبْلَ اَنْ تَمُوتُوا>>>> “Ölümdən əvvəl ölün” bəyanı bu halın ən gözəl ifadəsidir. Həzrət Mövlana (qüddisə sirruh):
“Dirilmək istəyirsinizsə, ölün!” –buyurur ki, nəzərdə tutduğu mənəvi ölümdür. Baqi həyatda doğuş başqa bir aləmdə dirilmədir. Həzrət Peyğəmbər (s.ə.s.) Tövhid və mərifətullah nəşəsi içində nəfsini yox etməyi bacarıb bu cür ölənləri müjdələyir və təltif edir.
Bu səbəbdəndir ki, Həzrət Mövlana fani aləmdən azad olaraq baqi həyatda doğulmağa “şəbi-arus” (düyün gecəsi) demişdir. O, beytlərində belə buyurur:
“Öldüyün gün tabutunu ki, qaldırırlar, məndə bu dünya dərdi var sanma!”
“Mənim üçün ağlama, yazıq, “vay-vay!” –demə! Məni torpağa tapşıranda da “vida-vida!” –(ayrılıq-ayrılıq!) demə!”
Məzar elə bir pərdədir ki, onun arxasında cənnət rahatlığı vardır!”
“(Bilin ki, mən), ölü idim, dirildim… Göz yaşı idim, təbəssüm oldum… Eşq dəryasına baş vurdum, axır ki, əbədi olanı bir dövlətə çatdım…”
Bu ifadələr bir Haqq aşiqinin bir vüsal arzusu içində söylədiyi məhəbbət ifadələri və bir mənada da ayrılıq yeri olan bu fani aləmdən vaz keçməkdir.
***
Şübhəsiz ki, istisnasız olaraq hər bir ömür səyyahının başına gələcək ölüm idrak sahibi olan bütün varlıqların açmağa məcbur edildiyi bir müəmmadır.
Ənbiya surəsinin 35-ci ayəsində:
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ
–“Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!”(Ənbiya, 35) buyurulur.
Ölümün bilinən bir dili yoxdur. Lakin o dərin bir sükuta nə qədər qorxunc mənalar dəfn etmişdir. Necə ki, Həzrət Peyğəmbər (s.ə.s.) buyurur:
Sizə iki öyrədən qoydum. Biri susar, o biri danışar. Susan nəsihətçi ölüm, danışan isə Qurani-Kərimdir”. (Fəzaili Amal, s. 383).
Ölümlər səssiz və sözsüz dərslərdir ki, duyan, həssas adamlara ən səlahiyyətli ağızlardan da mükəmməl ibrət, aqibət və həqiqət bəyan edər.
Ölümün qorxunc ağırlığını sözlərin zəif çiyinləri daşıya bilməz! Ölüm qarşısında bütün iqtidarlar sona çatar və çatır da.
Ötəri sevdalar, arzular, fani zövqü-səfalar və insanları çıxılmaz dolanbaclarda pərişan edən xarab fəlsəfələr ölümün çarşısında solğun payız yarpaqlarından da dəhşətli bir sürünmə ədası içində aciz qalırlar!
Qəbiristanlar fani həyatını başa vuran ata-ana, uşaq, sevgili, qohum-əqraba, dost və tanışların son mənzili ilə doludur. Dünya həyatı istər sarayda, istərsə də günləri saymaqla yaşansın, bütün yollar və döngələrin gəlib çıxdığı yer-qəbirdir. Ondan qaçıb qurtarması mümkün olan nə bir zaman, vardır nə də bir məkan.
Hədisi-şərifdə:
اَكْثُرُوامِنْ ذِكْرِ هَازِمِ اللَّذَّاتِ
“Bütün dünyəvi zövqləri bıçaq kimi kəsəni (yəni ölümü) çoxlu-çoxlu xatırlayın”. (Tirmizi, Zühd, 4; Nəsai, Cənaiz, 3) buyurulur.
Qəlb gözü açıq olan Əbu-Dərda (r.a.) bir qəbir daşının yanında durub:
–“Ey qəbir! Çölün nə qədər səssiz, lakin için nə qədər dəhşətli, qorxuluqlarla doludur!…” demiş və hönkür-hönkür ağlamışdır.
Bir səhabi, Rəsulallahdan (s.ə.s.):
–“Ağıllı insan kimdir, ya Rəsulallah?” –deyə soruşdu.
Həzrət Peyğəmbər (s.ə.s.):
–“Ölümü çox düşünən və ona hazırlığını tamamlamaqla məşğul olan kəslərdir. Məhz onlar zəkalı insanlardır…” (İbni-Macə, Zühd, 31) buyurdu.
Nəfsinə qul olan qafil insanların dünyadakı evləri, sanki yaşayan ölülərin ailə qəbiristanıdır. Düşünməzlər ki, ölüm nə gecikir, nə də tələsir. Ancaq və ancaq vaxtında gəlir. Ölümdən qaçmaq istəyənlərə Qurani-Kərimdə belə buyurulur:
أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِ اللّهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِكَ قُلْ كُلًّ مِّنْ عِندِ اللّهِ فَمَا لِهَـؤُلاء الْقَوْمِ لاَ يَكَادُونَيَفْقَهُونَ حَدِيثًا
–“Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!” (ən-Nisa, 78)
İnsan öz əcdadi varlığı ilə birlikdə bütün bir kainatın yaradılma hikmətinə yetişə bilməzsə, alçaqlıq onu udar. Dünyaya gəlmək və dünyadan getməyi dərk edib fikirləşməyən insan öz varlığının gerçəkliyindən belə xəbərsizdir! İnsan hikmətsiz bir macəranın təsadüfi deyildir…
Bu həqiqətə qovuşan möminlər üçün bəşəri qismətlərin ən böyüyü olan ilai vüslatın ilk mərhələsidir.
Ruh dünyanın aldadıcılığından uzaqlaşma və sərablara (ilğımlara, cilvələnmələrə) aldanmamaq nəticəsində elə bir səviyyə qazanır ki, ancaq maddi və mənəvi zəfərlərə onunla yetişilir. Həzrət Peyğəmbər (s.ə.s.) bir Hədisi-şərifində:
“Həqiqi mücahid nəfsinə qarşı cihad edəndir” (Tirmizi, Fəzailül-Cihad, 2). buyurmuşdur.
Müttəqi (Allahdan qorxan) və zahid (dünyadan əl çəkib ibadətlə məşğul olan) mömin dərin bir həyat düşüncəsi, ruhi əxlaq şüuru içində ağlını Haqqa, qəlbini xeyirə, əzalarını gözəl və faydalı işlərə istiqamətləndirir ki, bu hallara “əməli-salehlər” (saleh əməllər) sahib olur.
Bir mömin əməli-salehlər içində Haqq Təalanın rizasına nail olub Haqda faniləşdikdə eşqi ilə baqi (əbədiyyət dünyasında) qalma bəxtiyarlığına yetişir.
Səadətli bir ölüm, imam və Quran nurları könül feyziyablığı altında keçən bir həyatın mükafatıdır. Dünyanı çirkin əməllərlə bir rəzillik meydanına çevirmək ən acınacaqlı bir aldanışdır! Lakin gözlərdən axan nedamet (peşimanlıq) gilələri ilə ğufran (Allahın əfvi) iqliminə yetişmək Ğaffar olan Rəbbin insana etdiyi uca bir ikramdır!
Ümumbəşəri şüur ilə layiqincə qavranmasına imkan tapılmayan ölüm həqiqətinə qovuşa bilmək peyğəmbərlər və övliyaların nümunəvi həyatından və onların könül iqlimlərindən pay almaqla mümkündür. Əks halda ölüm müdhiş bir fəlakətdin ilk və acı bir təzahürü olur!… Çünki bütün əksliklər kimi ölümün də bəşəri idrak və vəsfə görə bir-birinə əks iki təzahür və özünü göstərmə şəkli vardır.
Zaman şəridindən (ölçüsündən) düşən hər anın bizi həqiqət üfüqlərinə yaxınlaşdırmasını Ayəti-kərimə necə gözəl ifadə edir:
وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ أَفَلَا يَعْقِلُونَ
–“Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?” (Yasin, 68).
Ya İlahi! Həyatımızı və ölümümüzü saleh qullarına lütf etdiyin bərəkət, nemət, ülvi gözəlliklər və Sənə vüslat ilə müzəyyən və mükərrəm qıl!…
Amin!…