Bu il martın 15-də Yeni Zelandiyada ibadət edən dinc müsəlmanlara atılan güllələr Allaha açılan atəşlər idi. Yeni Zelandiya Avropa deyil. Orada öldürülən günahsız müsəlmanlar da avropalılar deyildilər.
Amma o atəşlər bizim hər birimizə açılıb. Dinindən və milliyyətindən asılı olmayaraq Avropa Şurasına üzv, eləcə də bu təşkilata bağlı olan ölkələrin hamısına açılıb. Bu, son illərin və yeni başlanmış əsrin və minilliyin ən dəhşətli faciələrindəndir. Təəssüf olsun ki, Parlament Assambleyasının yaz sessiyasının davam etdiyi bu həftə ərzində nə həlak olanların xatirəsini yad etdik, nə də bütün dünyanı düşündürməli olan bu böyük kədər haqqında fikir mübadiləsi apardıq.
Bildirilir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında sərbəst müzakirələr zamanı Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupu adından çıxış edən deputat Rafael Hüseynov söyləyib.
Deputat Avropa Şurasının tez-tez mədəniyyətlərarası və dinlərarası dialoqa həsr edilən tədbirlər keçirdiyi halda, belə dəhşətli hadisəyə biganəlik göstərməsinə təəssüfünü bildirib:
“İcrasının qəddarlığına və miqyasına görə qan donduran bu cür insanlıq faciəsinə belə biganə qala biliriksə, Avropa Şurasında mütəmadi olaraq dinlər və mədəniyyətlərarası dialoq haqqında məruzələr hazırlamağımızdan, bu barədə ağızdolusu danışmağımızdan hansı səmimiyyət, hansı real nəticələr gözləmək olar?!
Tarix boyu belə hadisələr dəfələrlə baş verib ki, ölüm təhlükəsi qarşısında qalan insanlar kilsəyə, məscidə, sinaqoqa sığınıblar və ən amansız düşmənlər də Allah evində onlara toxunmağa cəsarət etməyib. Yeni Zelandiyada isə nəyin şahidi olduq? Sakitcə ibadət edən insanlar saniyələr ərzində soyuqqanlılıqla qətlə yetirildilər”.
O bildirib ki, müsəlman məscidə Allahı və vicdanı ilə təkbətək qalmaq üçün gəlir. Onu Allahla söhbət edərkən, Allahla dərd bölüşərkən, Allahdan kömək, məsləhət istəyərkən məhv edirlər. Nifrətin, kinin həddi nə qədər aşıb-daşmalıdır ki, belə məqamda insanları tərəddüd etmədən qətlə yetirəsən. Bircə səbəbə görə, müsəlman olduğu üçün. Əlbəttə, bu, insan işi deyil. Bu əməli yalnız iblis törədə bilər.
Deputat siyasi leksikonda yer almaqda olan “İslam terrorizmi” ifadəsinin qondarma olduğunu vurğulayaraq, ona kəskin tənqidi münasibətini ifadə edib.
“Yaxşı, bəs niyə əslən İslam ölkələrindən olan bir, ya bir neçə başqa belə iblis oxşar cinayəti törədəndə onu dərhal İslam terrorçusu adlandırırlar? Bir tərəfdən hamı etiraf edir ki, terrorçunun vətəni və milliyyəti yoxdur. Amma bəs niyə elə hesab edilir ki, guya onun dini var və özü də bu keyfiyyət əsasən elə müsəlmana aiddir? Axı ən azı indiyədək misli görünməmiş Yeni Zelandiya terroruna görə İslam dünyası da eyni şəkildə bu qırğına xristian terrorçusu yarlığını yapışdıra bilər.
Eləcə də islamofobiyanın əksi olan termini də müsəlman dünyası ortaya qoya bilər. Təbii ki, haqsız olar. Necə ki, qarşı tərəf haqsızdır. Elə iblislər də istəyir ki, məhz belə olsun. Məhz onlar çalışırlar ki, dünya, insanlıq parçalansın, üz-üzə dursun, bir-birini didib-parçalamağa, məhv etməyə hazır olsun.
Dünyanın hamıya açıq olan ən nəhəng ensiklopediyasında – Vikipediyada “İslam terrorizmi” adlı ayrıca məlumat var. Nə üçün dünyanı qütbləşməyə aparan belə qorxunc təmayüllərin ayaq tutmasına imkan verilir? Avropa Şurasının belə fitnə toxumlarını aradan götürməyə nüfuzu, imkanı çatar “ – deyə, R.Hüseynov diqqəti qütbləşən dünya faciəsinə çəkib.
Qeyd edib ki, AŞPA yaz sessiyasının aprelin 12-nə təsadüf edən axırıncı iş gününün Yeni Zelandiya faciəsindən 28 gün sonra baş tutduğunu xatırladan R. Hüseynov Quranın 28-ci “Qəsəs” (Hekayət) surəsində insanlara xəbərdarlıq edildiyini, hər cür terrorun hələ 1300 il əvvəl lənətləndiyini deyərək həmin surəni xatırladıb: “Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə! Həqiqətən Allah firnə-fəsad törədənləri sevməz!”.
“Bu ədalətli çağırışında səmavi Kitabla, Allahla bir olaq! Allahın sevmədiklərinə qarşı mübarizəmizi daha ciddi aparaq. Terrorizmin bütün təzahürlərinə qarşı savaşda əvvəlki zamanlardan da ikiqat sərt olaq. Bu mübarizədə təklənərək məğlub olmamaq üçün bircə yol var – hamımız əl-ələ olaq, birlikdə olaq, səsimizi yalnız özümüzə zərbə dəyəndən sonra ucaltmayaq!” – deyə, R.Hüseynov çıxışını bitirib.