Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın Böyük Mərdəkan qalasını və qalanın yaxınlığındakı Tuba Şah məscidini bərpa edəcək.
Bildirilir ki, Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə TİKA tarixi qalanın və məscidin bərpası haqqında protokol imzalayıblar.
Sənəd aprelin 18-də Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə imzalanıb.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə – 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.