Lüğət mənası “rahatlatmaq, dincəltmək” mənalarına gələn “tərvihə” kəlməsinin cəmi olan təravih, dini bir məfhum olaraq Ramazan ayında yatsı ilə vitr namazları arasında qılınan nafilə namaza verilən addır.
Bu namaz uzun bir namaz olduğu üçün hər dörd rükətinin sonunda bir miqdar oturub ara vermək, namazı rahat şəkildə qılmaq müstəhəbdir. Yəni Təravih namazında hər dörd və ya iki rükətin sonunda oturulub bir az istirahət edildiyi üçün bu ad verilmişdir.
Təravih namazı, qadın və kişilər üçün sünneyi-müəkkədədir. Bu namaz orucun deyil, vaxtın sünnəsidir. Ramazan gecələrini əhya etmək üçün qılınan Təravih namazı Qurani-Kərimdə zikr edilməmişdir. Ancaq haqqında çox sayda hədisi-şəriflər mövcuddur.
Hz. Peyğəmbər (s.ə.s) “Kim inanaraq və savabını Allahdan gözləyərək Ramazan (təravih) namazını qılarsa, onun keçmiş günahları bağışlanar”, – buyurmuşdur. (Buxari, Səlatut-təravih, 1; Müslim, Müsafirin, 174)
Nafilə namazların təkbaşına qılınması daha fəzilətli olduğu halda, təravih namazının camaatla qılınması sünnədir. Hz. Peğyəmbər (s.ə.s.) bu namazı iki dəfə camatla qıldırmış, ancaq daha sonra insanlar bunu fərz kimi qəbul edər düşüncəsi ilə camaatla qıldırmamışdır. (Buxari, Səlatut-təravih, 1; Müslim, Müsafirin, 177) Hz. Ömər (r.a) xəlifə olduqdan sonra insanların dağınıq şəkildə bu namazı qıldıqlarını gördükdə təkrar camaatla qılınmasının daha yaxşı olacağını düşünərək və səhabələrlə də məsləhətləşərək bu namazın yenidən camaatla qılınmasını başlatmışdır. Camaatın da bu namazı etina ilə qıldıqlarını görəndə “nə gözəl bir adət oldu” deyərək sevincini bildirmişdir. (Muvatta, 84. No 245) Hz. Əli (r.a) da “Ömər məscidlərimizi təravihin feyzi ilə nurlandırdığı kimi, Allah da Ömərin qəbrini eləcə nurlandırsın” duası ilə məmnuniyyətini ifadə etmişdi.
Təravih namazının rükətlərinin sayı ilə əlaqəli Peyğəmbərimizin həyatda olduğu və ondan sonrakı dövrə baxıldıqda əsas iki tətbiqatın olduğunu görmək mümkündür. Belə ki, bu namaz səkkiz rükət qılına bildiyi, kimi iyirmi rükət də qılına bilir.
Təravih namazı Hz. Ömər, Hz. Osman və Hz. Əli (r.ənhüm) dövrlərindən etibarən günümüzə qədər camaatla iyirmi rükət olaraq qılınmışdır. Səhabədən buna kimsə etiraz etməmiş və alimlər tərəfindən bu şəkildə qəbul edilmişdir. Bununla birlikdə onu da qeyd edək ki, fərz bir ibadət olduğuna görə təravih namazını məşğuliyyət, yorğunluq və bənzər səbəblərə görə səkkiz, on, on iki, on dörd, on altı, on səkkiz rükət qılınması ilə də sünnə yerinə yetirilmiş olar. Ancaq camaatla qılınmasına etina göstərmək daha yaxşı olar.
Təravih namazının iki rükətdə bir salam verərək və dörd rükətin sonunda bir az ara verərək qılınması müstəhəbdir. Bu rükətlərin arasında təhlil (la iləhə illallah) və salavat gətirilməsi yaxşı bir iş hesab olunur.
Təravih namazını qıldıran imam, uzun qiraəti ilə camaatı yormamalı, eyni zamanda çox sürətli qıldıraraq da namaza nöqsanlıq gətirməməlidir. Təravih namazında da digər namazlarda oldğu kimi, tədili-ərkana (namazın şərtlərinə üsuluna görə riayət etmək) diqqət edilməsi vacibdir. Bu namaz Ramazan ayının bir sünnəsi olduğuna görə, oruc tutmayan və ya tuta bilməyən insanlar da bu namazı qıla bilərlər.