Allaha həmd olsun ki, bizi yenə mübarək Ramazanın mənəvi iqliminə qovuşdurdu. Ramazani-Şərif ömür təqvimində müstəsna bir lütf və rəhmət ayı… Möminlər üçün mənəvi dəyərlərlə dolu ilahi bir xəzinə… Necə ki, bir hədisi şərifdə:
“Əgər bəndələr Ramazanın fəzilətlərini bilsəydilər, bütün ilin Ramazan olmasını arzu edərdilər…” buyurulur. (Heysəmi, c. III, səh-141)
Bu mübarək ay ilahi əfvin tüğyan etdiyi bir təmizlənmə mövsümüdür… Peyğəmbərimiz r bu həqiqəti ifadə edərək:
“Kim fəzilətinə inanaraq və əcrini Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” buyurur. (Buxari, Savm, 6)
İlahi rəhmət və məğfirət çeşməsi olan Ramazana qovuşduğu halda onunla yuyunmadan, günah kirlərindən təmizlənmədən çıxan bədbəxtlərə isə; “rəhmətdən uzaq olsunlar” buyurulur. Bu həqiqəti Peyğəmbərimiz r belə xəbər verir:
“Cəbrayıl u gözümə göründü və; “Ramazana çatdığı halda günahları əfv edilməyən kəs rəhmətdən uzaq olsun!” dedi. Mən də “Amin!” dedim…” (Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545)
Gördüyümüz kimi Ramazani-Şərifi ibadət və saleh əməllərlə canlandırıb fərdi və ictimai qulluq vəzifələrimizi layiqiylə ifa edə bilsək, Peyğəmbərimiz r in müjdələdiyi ilahi əfv vədi bizi gözləyir. Lakin bunun əksinə, bu ilahi rəhmət xəzinəsinə biganə yanaşıb, səhlənkarlıq etsək, yenə də Peyğəmbərimiz r in xəbərdarlıq etdiyi, ilahi rəhmətdən məhrumiyyət təhlükəsi ilə qarşılaşacağıq… Yəni bu qədər mühüm, həssas və qiymətli bir zamanı yaşayırıq.
RAMAZANİ-ŞƏRİFİN FƏZİLƏT DƏRSLƏRİ:
Ramazani-Şərif bir növ inkişaf etdirilmiş mənəvi bir təkamül məktəbidir… Belə ki, könülləri zənginləşdirən, ürəklərə səviyyə qazandıran oruc, iftar, sahur, təravih, müqabilə, dua-zikr, fitrə-zəkat, etikaf, Qədr gecəsi, bayram və s. bu məktəbin əsas dərsləridir… Bütün bu dərsləri layiqincə idrak edib imtahanlarından yüksək qiymət ala bilmək isə ilahi əfv bayramına nail olaraq əbədi qurtuluş bəratını ala bilməyin ən gözəl yolu…
ORUC
Hər ibadət ruhun ayrı bir qidasıdır. Layiqincə tutulan bir orucun verdiyi feyz və ruhaniyyət isə çox müstəsnadır. Orucun əsl həqiqəti onun mənəvi, əxlaqi və ictimai qiymətlərində gizlidir. Çünki:
ü Oruc: nemətlərin qədrini bildirərək insanda təşəkkür duyğularını dərinləşdirir. Belə ki, hər gün rahatlıqla yeyib-içilən nemətlərdən günün müəyyən bir hissəsində məhrum qalmaq belə, insana acizliyini xatırladır. Hər zaman Rəbbimizə möhtac olduğumuzu, həqiqətdə bir an belə Onun lütfünə sığınmağa möhtac ola bilməyəcəyimizi təlqin edir. Allah-Təalanın lütflərinə qarşı könüllərdəki həmd və şükür duyğularını qüvvətləndirir.
ü Oruc: səbir təlimidir. Nəfsin istəklərini məğlub edə bilmə iradəsinin qazanılmasıdır. İnsanın nəfsinə hakim ola bilməsi ilahi imtahanlardan müvəffəqiyyətlə keçə bilməyin ən mühüm sirridir. Belə ki, qəzəbi cilovlaya bilmək, bağışlaya bilmək və fədakarlıq kimi yüksək fəzilətlər də hər zaman nəfsin etirazlarını susdura bilməklə reallaşa bilər.
Orucluykən xüsusilə hirslənməməyə çalışmaq lazımdır. Çünki aclıq əsəbiliyi ilə bəzi eqoist davranışlara süründürülmək orucun ruhaniyyətini zədələyər. Hədisi-şərifdə buyurulur:
“Heç biriniz (xüsusilə) oruclu olduğu gün nalayiq söz söyləməsin və başqalarır ilə mübahisə etməsin. Əgər kimsə ona söyər və ya sataşarsa, “mən orucluyam” desin.” (Buxari, Savm, 9)
Səbir ayı olan Ramazanda tutulan oruc sanki ruha geyilən bir ehram kimidir. Necə ki, ehramda rəfəs, fisq və cidal qadağandır, eynilə bunun kimi, şəhvani arzular, fisk-fücur, münaqişə və hansısa bir qəlbə tikan sancmaq da orucun əcrini məhv etmək deməkdir.
ü Oruc: nəfsaniyyəti cilovlayaraq ruhaniyyətə səviyyə qazandırılmasıdır. İnsanda var olan ruhaniyyət və nəfsaniyyət bir tərəzinin iki gözünə bənzəyir. Biri yüngülləşdikdə digəri ağır gələr. Nəfsin tükənmək bilməyən arzularını əzm və iradəsiylə əridə bilməyən xam ruhlar nə dünyada, nə də axirətdə səadətə nail ola bilərlər. Oruc da ruhaniyeti eqoizmə, baqini faniyə, təqvanı fücura qalib gətirmək üçün nəfsə qarşı girişilən böyük bir cihaddır.
Oruc bədənin can ataraq şiddətlə ehtiyac duyduğu fani nemətlərdən əl çəkmək şəklində reallaşır. Buna görə də ruhu nəfsi arzuların ağırlığından qurtarar. Bu səbəblə ruhun qüvvətlənməsinə, duyğuların ülviləşməsinə, ilahi nurların ürəkdə təcəllisinə vəsilə olar. Oruc tutan insanda nəfsin hegemonluğundan xilas olan ruhun mənəvi fəthləri başlayar. Bu baxımdan oruclu insan fəzilət mücahidi sayılır.
Həmçinin oruc sayəsində -müəyyən bir müddətlik də olsa- bəzi halallardan belə əl çəkmək haram və şübhəlilərə qarşı daha güclü bir şəkildə müqavimət göstərə biləcək möhkəm bir iradənin inşasına köməkçi olar.
ü Oruc: gözəl əxlaq və təqva təlimidir. Oruc Quran əxlaqından faydalanmaq və sanki mələklərin lətafətindən hissə almaqdır. Bunun üçün orucun həm zahirən, həm də batinən pozulmaması lazımdır. Bu isə ibadətlərin ruhaniyyətinə zəhər saçan nəfsi zəifliklərdən uzaq durmağa bağlıdır. Çünki məqbul bir oruc bütün üzvlərin, xüsusilə qəlbin iştirak etdiyi orucdur. Allah ilə birlik şüuru içində tutulan orucdur. Yüksək bir təqva duyğusuyla insanı günahlardan saxlayan bir orucdur. Necə ki, bir hədisi-şərifdə:
“Kim yalan danışmağı və fırıldaqla iş görməyi tərk etməzsə, Allah o kimsənin yemək-içməkdən kəsilməsinə qiymət verməz.” –buyurulmaqdadır. (Buxari, Savm 8, Ədəb 51)
Demək ki, orucu nəfsi zəifliklərlə zədələməmək; xüsusilə dili dedi-qodu, qeybət, yalan, böhtan və gərəksiz mövzulardan mühafizə etmək, yəni çirkin sözlərə qarşı ona da “sükut orucu” tutdura bilmək lazımdır.
ü Oruc: ixlas təlimidir. Hər ibadətdə olduğu kimi orucda da yeganə niyyət Allahın rizası olmalıdır. Bunun üçün də riya və göstərişdən çəkinmək, ibadətə fani mənfəətləri ortaq etməmək lazımdır.
Vaxtilə yəhudi və xristianların da bir ay tutduqları oruc ibadətləri vardı. Lakin onlar bu gözəl ibadəti -eynilə dinləri kimi- təhrif edərək əsl məcrasından çıxardılar. Ruhsuz, mənəviyyatsız bir “pəhriz”ə çevirdilər. Digər ibadətlər kimi oruc da, həqiqi mahiyyətini İslam dinində tapdı.
Bu səbəblə mədəyə istirahət vermək, arıqlamaq kimi maddi məqsədlərlə tutulan bir orucun savabı qalmaz. Bədəni gümrahlaşdırmaq üçün namaz qılmaq, turistik məqsədlə həcc və ümrə səfərinə çıxmaq da belədir. İbadət maddi faydası üçün deyil, Allahın əmri olduğu üçün edilməlidir. Orucuna dünyəvi bir məqsəd qarışdıranlar bu nəbəvi xəbərdarlığa tuş olmaqdan qurtula bilməzlər:
“Elə oruc tutanlar vardır ki, orucundan ona olan fayda quru bir aclıqdan başqa bir şey deyil!..” (İbn Macə, Siyam, 21/1690) Yəni orucun fəzilətindən, feyz və ruhaniyyətindən bir pay ala bilməzlər.
ü Oruc: zöhd və riyazət təlimidir. Bu gün təəssüf ki, lüks, israf, ehtişam, güc göstərmə və nəfsani ehtirasların artdığı bir zamandayıq. Halbuki oruc ibadəti bizə fani nemətlərin bir gün tamamilə əlimizdən alınacağı bir axirət yolçusu olduğumuzu xatırladaraq, eqoist zövqlərə ilişib qalmamağı, halallardan belə, minimum səviyyədə istifadə edib kifayət miqdarına qane olmağı və dünyəvi imkanları axirət sərmayəsi etmə fərasətini təlqin edir.
Bizlərə nümunəvi nəsil olaraq təqdim edilən əshabi-kiramın dünyaya qarşı tox duruşlarını, xüsusilə Ramazani-Şərifdə daha dərin bir şəkildə təfəkkür etməliyik. Onların ailə həyatı necə idi? Ticari münasibətləri, ictimai əlaqələri necə idi? Peyğəmbərimiz r Mədinəyə hicrət edib, ənsar və mühacirləri bir-birinə qardaş elan etdikdən sonra nə üçün ilk olaraq Mədinə bazarını təftiş etdi? Çünki möminin iqtisadi cəhətdən əsas dərdi çox qazanmaq deyil, az və ya çox, lakin mütləq “halal” qazanmaqdır. Qazanılan ruzinin mənəvi keyfiyyəti çox mühümdür. Halal loğmadan feyz və ruhaniyyət doğar. Halal loğma ruha gümrahlıq verən bir vitamin kimidir. Haram və şübhəli loğmalardan isə ruha ağırlıq və qəflət sirayət edər.
ü Oruc: qayğıkeşlik təlimidir. Yoxsulların və möhtacların çəkdiyi çətinliklərdən yalnız biri olan aclığı həqiqətən yaşadaraq onların halını başa düşməyi təmin edir. Beləcə könüllərdə mərhəmət, şəfqət və comərdlik toxumlarının cücərməsinə şərait hazırlayır.
Misirdə şiddətli qıtlığın hökm sürdüyü günlərdə Yusif u dan:
“- Siz dövlətin xəzinələrinə hökm edən bir idarəçisiniz. Nə üçün özünüzü ac qoyursunuz?” -deyə soruşdular. O isə bu hikmətli cavabı verdi:
“- Qarnım tox olsa, acların halını anlaya bilməyəcəyimdən qorxuram!”
Din qardaşlarını düşünüb onların çətinliklərini aradan qaldırmaq üçün cəhd göstərməyin zərurətini Peyğəmbərimiz r belə ifadə edir:
“Mömin qardaşının dərdiylə dərdlənməyən bizdən deyil.” (Hakim, IV, 352; Heysəmi, I, 87)
“Qonşusu ac ikən tox yatan (kamil) mömin deyil.” (Hakim, II, 15)
“Heç biriniz öz nəfsi üçün istədiyini mömin qardaşı üçün də istəmədikcə kamil mömin ola bilməz.” (Buxari, İman, 7)
Ramazani-Şərifi qayğıkeş bir ruhla qiymətləndirmək, xidmət və infaqlarla canlandırmaq bəndənin Rəbbinə olan məhəbbətinin ən gözəl nişanəsidir. Çünki sevginin tərəzisi sevilən uğrunda göstərilən fədakarlıqdır. İbadətlərin məqsədi də Allaha təqərrüb/yaxınlaşmaqdır. İbadət vəcdiylə ictimai xidmətlərə can atmaq Yaradandan ötrü yaradılanlara şəfqət və mərhəmət göstərmək Haqqa yaxınlığın ən gözəl vəsilələrindən biridir.
Beləliklə Ramazani-Şərifin ruhaniyyəti mərhəmətimizi inkişaf etdirərək könüllərimizi sanki bir rəhmət dərgahı halına gətirməlidir. Elə bir dərgah ki, bütün möminlər, hidayət gözləyən insanlar, hətta Allahın insan üçün yaratdığı bütün məxluqat onun əhatəsinə daxil olsun …
Bu gün dünya səviyyəsində insanlığın ən böyük ehtiyacı maddi aclıqdan çox mənəvi aclıqlarını aradan qaldıra bilmək, ruhi böhranlarına çarə tapa bilməkdir. Bu səbəblə bir mömin öz qurtuluşunun başqalarının da qurtuluşuna xidmət etməkdən keçdiyini unutmamalıdır. İman nemətinin şükrünü ifa edə bilməyin də hidayət gözləyənlərə İslamın həqiqət səsini eşitdirə bilmək üçün səy göstərməyə bağlı olduğunu xatirindən çıxarmamalıdır.
Həzrət Mövlana və onun kimi könül sultanlarının bütün insanlığı şəfqətlə qucaqlayan “Gəl, gəl, nə olursan ol, yenə gəl!..” dəvəti də, bu şüurun bir təzahürüdür. Bu dəvət hidayət axtaranları könül dərgahında müalicə etmək, onları İslamın gözəllikləriylə tanış etmək üçün yüksələn bir könül səsidir.
Bu gün xüsusilə texniki imkanların artması bizi dünyanın o biri ucundakı din qardaşlarımızla belə qonşu etdi. Bütün İslam coğrafiyasındakı məzlum, iztirablı, biçarə qardaşlarımızı düşünə bilmək, onların dərd ortağı ola bilmək hamımızın vicdan borcudur… Mövlana həzrətləri buyurur:
“Şəms -quddisə sirruh- mənə bir şey öyrətdi:
“Dünyada bircə mömin üşüyürsə, isinməyə haqqın yoxdur!”
Bilirəm ki, yer üzündə üşüyən möminlər var, mən artıq isinə bilmirəm!..”
Kamil möminlər cəmiyyətlərinin və hətta bütün dünyanın gedişatından özlərini məsul görən, bütün möminləri özlərinə tapşırılmış bilən həssas ruhlardır. Lakin təəssüf ki, indiki vaxtda uzaq diyarlarda iztirab çəkənlərin fəryadına könül vermək bir yana, qapı qonşusunun belə dərdinə biganə qalan, hətta ən yaxınlarına ruhən uzaq olan, sadəcə öz mənfəətini düşünən, eqoist insan tipi çoxalmağa başladı.
Halbuki İslami nəzakət və zərifliyin yaşandığı keçmişimizdə, cəmiyyətdəki bütün möminlər, bir-birilərinə isti bir sığınacaq, pənah yeri, möhkəm bir dayaq idi. Zəngin-kasıb, ayrı şəhərlərdə deyil, eyni məhəllədə, iç-içə, könül-könülə yaşayırdı. Məhəllə dul və yetimin təhlükəsizlik içində olduğu, özünü əsla qərib və kimsəsiz hiss etmədiyi, dinc bir yuva idi.
Ramazani-Şəriflər də cəmiyyətdə unudulmağa üz tutan bu qardaşlıq, həmrəylik və köməkləşmə ruhunun yenidən əhyası, fəzilətlər mədəniyyətinin təkrar inşası üçün, böyük bir fürsət mövsümü olaraq qiymətləndirilməlidir.
İFTAR
İftar zamanı duaların məqbul olduğu ilahi ikram vaxtlarıdır. Orucu açarkən bu vaxtın qiymətini yaxşı idrak etmək və Allah ilə birliyin səadəti içində olmaq lazımdır. Çünki Həzrət Peyğəmbər r:
“Oruclunun sevinəcəyi iki sevinc anı vardır: Biri, iftar etdiyi zaman, digəri də orucunun savabıyla Rəbbinə qovuşduğu an.” buyurmuşdur. (Buxari, Savm, 9; Müslim, Siyam, 163)
Həmçinin orucluya iftar etdirmək, fərasət sahibi möminlərin laqeyd qala bilməyəcəyi böyük bir əcr vəsiləsidir. Necə ki, Peyğəmbərimiz r:
“Kim bu ayda bir orucluya iftar verərsə, bu, onun günahlarının bağışlanmasına, cəhənnəm əzabından xilas olmasına və öz mükafatından heç bir şey azalmadan bir oruc tutma savabına nail olmasına vəsilə olar.” buyurmuşdur. Bunu eşidən səhabələr:
“- Ya Rəsulallah! Hamımız bir oruclunu doyuracaq qədər yeməyə sahib deyilik.” dedikdə, Rəsulullah r:
“- Kim bir orucluya bir xurma ilə və ya içəcəyi su ilə və ya dadımlıq bir süd ilə iftar etdirsə, Allah ona bu savabı verər.” buyurdu. (Əli əl-Müttəqi, Kənzül-Ummal, VIII, 477/23714)
Təəssüflər olsun ki, bu gün bəzi iftar dəvətlərində ibadət ruhuna zidd mənzərələrlə qarşılaşırıq. İmkanlı kəslərin yalnız özləri ilə eyni maddi səviyyəyə sahib olan qonaqları dəvət etdikləri, lüks, israf və dəbdəbə nümayişinə qaçdıqları iftarlarda ibadət iqliminin ruhaniyyət və mənasından uzaqlaşıldığı acı bir gerçəkdir.
Halbuki İslam əxlaqının yaşandığı keçmişimizdə zəngin-kasıb ayrı-seçkiliyi edilmədən hər kəsə iftar vermək, böyük bir könül həzzi idi. İftarlara ruhaniyyət sahibi və ağızı dualı kəslər dəvət edilər, xüsusilə kimsəsizlər, yetimlər, dullar və kasıblar müstəsna mənəvi qənimət bilinərək çağırılardı.
İftarlar bir evin izzəti idi, şərəfi idi, ayrı bir ruhaniyet vəsiləsi idi. Sanki bayramdan əvvəl yaşanan bir bayram idi. Kasıb ailələrə iftardan sonra “diş kirayəsi” adı ilə, könül alıcı və zərif bir üslub ilə təqdim edilən hədiyyələr bambaşqa bir səadət idi. İftarlar ancaq bu səadət mənzərəsinə döndüyü zaman əsl məna və ruhuna uyğun bir surətdə idrak edilmiş olacaq.
TƏRAVİH
Rəsulullah r belə buyurur:
“Allah Təala, sizə Ramazanın orucunu fərz etmişdir; mən də onun qiyamını, yəni Ramazan gecələrindəki təravih namazını sünnə etdim. Əgər bir kimsə imanlı bir könüllə və savabına nail olmaq arzusuyla Ramazan orucunu tutar və təravih namazını qılarsa, (qul haqqları və borcları xaric) anasından doğulduğu gün kimi günahlarından xilas olar.” (İbn Macə, Salət, 173)
Demək ki, Ramazan gecələrində təravih namazlarına da laqeyd qalmamaq lazımdır. Həmçinin namazı tez qıldıran imamların deyil, tədili-ərkana riayət edən və namazı xüşu ilə qıldıran imamların arxasında qılmağa cəhd göstərilməlidir.
SAHUR
Ramazan gecələri sahurlarıyla da müstəsna bir rəhmət iqlimidir. Ramazanda qazanılan sahur intizamı eyni zamanda təhəccüd və səhərləri əhya vərdişi qazanma təhsilidir. Ramazan gecələrini ibadətlərlə qiymətləndirmək, hər cür gərəksiz işdən çəkinərək dua və zikr ilə dili, istiğfar və gözyaşıyla da ürəyi yumaq lazımdır. Ramazan gecələrini canlandırmağın əhəmiyyətini Rəsulullah r belə xəbər verir:
“Kim inanaraq və savabını Allahdan ümid edərək Ramazan gecələrini əhya edərsə, keçmiş günahları bağışlanar.” (Buxari, Təravih, 46)
Həmçinin Peyğəmbərimiz r sahurun fəzilətinə də belə işarə etmişdir:
“Bir qurtum su ilə də olsa sahur edin.” (Əbdürrəzzaq, Musannəf, IV, 227/7599)
“Sahur yeməyi yeyin, çünki sahurda bərəkət vardır.” (Buxari, Savm, 20)
QURANİ-KƏRİMLƏ ÜNSİYYƏT
Ayeyi-kərimədə buyurulduğu kimi: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…” (əl-Bəqərə, 185)
Bu mübarək ayda Quran ilə ünsiyyətimizi daha da artırmalı, mümkünsə müqabilələrdə iştirak etməliyik. Necə ki, Allah Rəsulu r bu ayda Cəbrayıl u ilə qarşılıqlı (müqabilə ilə) Quran oxuyardı.
Biz də Quranı eyni ruh və həyəcan ilə oxumağa cəhd göstərməli, yalnız tilavət və “müqabilə”siylə kifayətlənməyib ona əməl etməyə çalışmalıyıq. Onun məna iqliminə girərək davranışlarımızı ilahi təlimatlar qarşısında mizan edərək əskiklərimizi düzəltməyə çalışmalıyıq. Unutmayaq ki, Qurani Kərim qiyamət günündə bizim üçün ya şəfaətçi, ya da -Allah qorusun- şikayətçi olacaq.
İNFAQ (ZƏKAT-FİTRƏ)
Kasıblıq və zərurət içində qıvrılan möhtacların gözlərində ən çox Ramazanın teşrifiyle ümid işığı parlayar. Çünki zəkat, fitrə və sədəqə kimi mali ibadətlər təbəssümü unutmuş bir çox üzləri xüsusilə bu ayda sevincə qovuşdurar.
Peyğəmbərimiz r saleh əməllərin digər zamanlara görə daha fəzilətli olduğu Ramazanda ibadət və xeyirlərini artırardı. İbn Abbas v belə deyir:
“Rəsulullah r insanların ən comərdi idi. Onun ən comərd olduğu zamanlar da Ramazanda Cəbrayıl u ın özüylə görüşdüyü vaxtlar idi. Cəbrayıl u Ramazanın hər gecəsində Peyğəmbərimizlə görüşər, (qarşılıqlı) Quran oxuyardılar. Bu səbəblə Rəsulullah r Cəbrayıl ilə görüşdükdə heç bir əngəl tanımadan əsən rəhmət küləklərindən daha comərd olardı.” (Buxari, Bədu’l-Vəhy 5, 6, Savm 7)
Bu mübarək ayda fitrə sədəqəsi şəriətə görə zəngin sayılan hər möminə vacib, hətta bəzi məzhəblərə görə fərzdir. Fitrə bayram namazına qədər verilərsə məqbul olar. Daha sonra isə fitrə olmayıb, qeyri sədəqə hökmünə keçər. (Bax. İbn Macə, Zəkat, 21) Həzrət Peyğəmbər kasıb möminlərin də bayrama sevinclə girə bilmələri üçün fitrələrin bayramdan əvvəl verilməsini istəmiş, “Onları bu (bayram) günündə ac qalmaqdan xilas edin!” buyurmuşdur. (İbn Sad, I, 248)
Rəsulullah r in bu aydakı infaq həyəcanını biz də imkanımız ölçüsünde yaşamalıyıq. “Malda, zəkatdan başqa da haqq vardır.” (Tirmizi, Zəkat, 27/659-660. Həmçinin bax. əl-Bəqərə, 177) həqiqəti gərəyincə maldan səxavətin minimum ölçüsü olan zəkat xaricində də infaq etmeyi bu ayda müstəsna bir fürsət bilməliyik.
Unutmayaq ki, mülk Allaha aiddir. Müvəqqəti bir müddət ərzində əmanət edilən malı sırf nəfsinə xərcləmək israf, özü üçün yığmaqsa xəsislikdir. İkisi də əbədi aqibəti fəlakətə çevirən çirkin xüsusiyyətlərdir. Möminin vəzifəsi nemətlərdəm riyazət halında istifadə etmək, kifayət miqdarına qane olmaq və ehtiyacından artığını infaq etməkdir. Fani qazancları əldə etmək üçün baqi fürsətləri qaçırmaq iman şüuruna ziddir.
QƏDR GECƏSİ
Bu mübarək gecə Məhəmməd ümmətinə məxsus böyük bir ilahi ikramdır. Ayeyi-kərimədə bu gecənin min aydan xeyirli olduğu bəyan edilmişdir. Yəni bu gecəni əhya edənlərə təxminən 83 ilin əcri lütf edilər. Rəbbimizin belə bir möhtəşəm mənəvi xəzinəni lütf etməsi Onun Həbibine olan dərin məhəbbətinin bərəkətidir.
Rəsuli-Əkrəm r buyurur:
“Qədr gecəsini, fəzilət və qüdsiyyətinə inanaraq, savabını yalnız Allahdan gözləyərək ibadət və itaətlə keçirən kimsənin -qul haqqı xaric- keçmiş günahları bağışlanar.” (Müslim, Müsafirin, 175/760)
Bu ilahi xəzinədən məhrum qalmamaq üçün Qədr gecəsini Ramazanın ilk gecəsindən etibarən və xüsusilə iyirmisindən sonrakı tək gecələrdə axtarmaq lazımdır. Qədr gecəsi ümumi qənaətə görə Ramazanın 27-ci gecəsidir. Lakin başqa zamanlarda da ola bildiyi üçün bütün Ramazan gecələrinə xüsusi dəyər vermək lazımdır. Necə ki, Həzrət Aişə c anamız:
“Rəsulullah r Ramazanın son on günündə etikafa girərdi.” demişdir. (Buxari, Etikaf, 6) Xüsusilə Ramazanın son on günündə mühüm bir sünnə olan etikaf da Qədr gecəsinin fəzilətinə nail olmağın ən gözəl yollarındandır.
BAYRAM
İrfan məktəbi olan Ramazani-Şərifin son dərsi bayramdır. Bayram imtahanını da gözəlcə keçə bilmək üçün onu qəflət və rahtlığa qapılmadan, oyanıq bir könüllə, təkbir, təhlil və zikrlə bəzəmək, gecələrini ibadətlə canlandırmaq və ictimai məsuliyyətlerini ifa etmək lazımdır.
Bayram yanıq ürəklərə cənnət sərinliyi verən ilahi bir ziyafətdir. Həmçinin bayram müəyyən bir sinfin şıltaqca yaşadığı, israf çılğınlığı ilə dolu tətil və əyləncə kimi fərdi xoşbəxtlik günləri deyil. Əksinə, sileyi-rəhmə riayət etmək, keçmişlərimizin ruhlarını xeyirlə şad etmək, iman qardaşlığını cəmiyyət planında yaşatmaq, inciklikləri ortadan qaldırmaq kimi bir çox ictimai ibadətlərin ifa edildiyi müştərək sevinc günləridir.
Bayram sevincini haqq edə bilmək üçün bu sevinci cəmiyyət səthinə əks etdirə bilmək, kədərli və iztirablı möminlərin də könüllərini fərəhləndirmək lazımdır. Çünki möminlər fərdi rahatlıq və mənfəət düşüncələrindən sıyrılmadıqca, yəni nəfslərini aşıb ictimailəşmədikcə kamala çatmış sayılmazlar.
Kamil bir mömin yalnız öz evini işıqlandıran bir şam deyil, bütün yer üzündə, dünyası qaralmışların başını comərd ziyasıyla oxşayan, ruhları üşümüş qəribləri müşfiq istiliyiylə qucaqlayan bir şəfqət və mərhəmət günəşi halında insanlığın fəzilət səmasında parlamalıdır. Gerçək bayram səadətinin seyr ediləcəyi ən aydın ayna bayram etdirilən qırıq könüllərdir.
Bunu da unutmayaq ki, keçən Ramazanda həyatda olan dost-tanışlarımızdan, qohum-əqrəbalarımızdan bəziləri artıq aramızda deyillər. Keçən Ramazan onların son Ramazanıydı. Biz də bu məğfirət ayını son Ramazanımız ola biləcəyi şüuruyla qiymətləndirib ondan tərtəmiz çıxmağa cəhd göstərməliyik. Çünki hamımız ilahi imtahan yeri olan bu dünya məktəbinin tələbələriyik. Təhsilimiz əcəl ilə sona çatacaq, əməllərimizlə torpağa basdırılacağıq. Sonra əbədi bir həyat başlayacaq. Orada dünya məktəbinin şəhadətnaməsini alacağıq. “Kitabını oxu! Bu gün sənə hesab soruşmaq üçün öz nəfsin kifayətdir.”(əl-İsra, 14) buyurulacaq.
Bu səbəblə zahirən nə qədər uzun görünsə də əbədi həyat yanında bir aylıq Ramazandan da qısa olan fani ömürümüzü ilahi əfv şəhadətnaməsini ala biləcək keyfiyyətdə qiymətləndirməyə cəhd göstərək. Ramazan tərbiyəsi altında qazandığımız mənəvi qiymətləri itirməyək. İman və saleh əməl həyatını müəyyən günlərə xas bir mərasim zənn etməyək.
Rəbbimiz hər birimizi qafilləri oyandıracaq, iztirablıları sevindirəcək gerçək bayramın ruhaniyyətinə nail etsin. Dünyadakı hər günümüzü Ramazani-Şərifin feyz və ruhaniyyəti içində yaşamağı qismət etsin. Axirət yurdunu da bizə əbədi bir bayram sevinci etsin…
Amin!