ABDULLAH İBN ABBAS

0

Həzrət Muhəmmədin (s.ə.s) təlimində yetişən bir çox öndər şəxsiyyət İslam dininin uzaq diyarlara yayılmasında böyük rol oynamışdır. Bu ümmətin öndər səhabələrindən biri də İbn Abbasır. Əsl adı Abdullah ibn Abbas ibn Əbdülmüttəlib əl-Qüreyşidir. Atası Həzrət Muhəmmədin əmisi Abbasdır. Anası isə Həzrət Xədicədən (r.a.) sonra müsəlman olan Ümmü Fəzl Lübabədir. Abdullah ibn Abbas hicrətdən üç il əvvəl Məkkədə dünyada gəlmişdir. Uşaqlıq və yeniyetmək dövlərini Həzrət Peyğəmbərin (s.ə.s) yanında keçirmişdir. Abdullah ibn Abbas Həzrət Muhəmmədlə (s.ə.s) həm ata tərəfindən, həm də ana tərəfindən qohumdur. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi İbn Abbasın atası Abbas, Həzrət Muhəmmədin (s.ə.s) əmisidir. Anası Ümmü Fəzl isə Həzrət Muhəmmədin (s.ə.s) həyat yoldaşı Həzrət Meymunənin (r.a.) doğma bacıdır. Yaxın qohumluq əlaqələrindən dolayı İbn Abbas uşaqlıq və yeniyetməlik dövrlərində Həzrət Peyğəmbərdən elm təhsil etmişdir.

İbn Abbas Həzrət Muhəmmədin (s.ə.s) vəfatından sonra Xüləfai-Raşidin dövründə əhəmiyyətli vəzifələrdə çalışmışdır. O, Həzərt Ömər (r.a.) dövründə elm məclislərində iştirak edərək səhabə tərəfindən bilinməyən bir çox Qurani-Kərim sözünü təfsir etmiş və ya bəzi möhkəm ayələrin hansı mənaya gəldiyini bildirmişdir. İbn Abbas Həzrət Osman (r.a.) dövründə də əhəmiyyətli vəzifələrdə çalışmış, eyni zamanda xəlifənin bəzi fəaliyyətlərini tənqid etişdir. Bunlara misal olaraq Əbu Zərr əl-Qifarinin Rəbəzəyə sürgün edilməsini misal göstərə bilərik. Həzrət Əli (r.a.) döründə isə İbn Abbas Bəsrə valisi təyin edilmişdir. İslam ümmətinin öndər şəxsiyyətlərindən olan Abdullah ibn Abbas hicri 68-ci (miladi 687-ci il) ildə Taif şəhərində vəfat etmişdir. Həzrət Əlinin (r.a.) oğlu Məhəmməd əl-Hənəfiyyə onun cənazə namazını qıldırmışdır. Qəbri Taif şəhərindədir.

İbn Abbas elm baxımından Muhəmməd ümmətinin alim səhabələrindən biridir. O, xüsusilə, təfsir sahəsində önə çıxan dörd səhabədən biri olaraq tanınır. İbn Abbas ilk təhsilini Həzrət Muhəmməddən (s.ə.s) almışdır. Onun vəfatından sonra isə ümmətin alim səhabələrindən Qurani-Kərim qiraətini, ayələrin nüzul səbəblərini, onların hansı mənaya gəldiyini öyrənmişdir. İbn Abbasın özü haqqında verdiyi məlumata görə, Həzrət Muhəmməd (s.ə.s) vəfat etdikdən sonra dini biliklərin çoxunu ənsardan (mədinəli müsəlmanlardan) öyrənmişdir. Hətta bir dəfə elm öyrənmək üçün bir ənsarın evinə getmişdir. Ənsar isə yuxulayırdı. İbn Abbas ənsardan olan səhabəni oyanana qədər gözləmiş, daha sonra ondan aldığı önəmli elmi biliklərə yiyələnmişdir (Zəhəbi 2018, I/99).

İbn Abbas yaşının az olmasına baxmayaraq Həzrət Ömər (r.a.) başda olmaqla bir çox səhabənin elminə müraciət etdiyi şəxs olmuşdur. Bir dəfə Həzrət Ömər (r.a.) İbn Abbası Bədir iştirakçılarının olduğu bir məclisə aparmışdır. Məclisdə olanlar Həzrət Ömərdən (r.a.) yaşının az olmasında dolayı İbn Abbası nə üçün bu məclisə gətirdiyini souşdular. Həzrət Ömər (r.a.) İbn Abbasın elminin güclü olduğuna diqqət yetirmək üçün əvvəlcə məclis iştirakçılarından Nəsr surəsinin ilk ayəsinin (Allahın yardımı və fəth gəldiyində/ Nəsr 110: 1) mənasını soruşmuşdur. Hər kəs bu ayənin Allahın köməyi ilə fəth vaqe olduqda ona (Allaha) həmd etmək mənasına gəldiyini bildirmişdir. Bu cavabları dinlədikdən sonra Həzrət Ömər (r.a.) İbn Abbasa doğru dönərək; -“Bəs sən bu ayə haqqında nə düşünürsən?” deyə sual soruşmuşdur. İbn Abbas isə Nəsr surəsinin birinci ayəsinin dinin tamamlandığına və Həzrət Peyğəmbərin (s.ə.s) vəfatının yaxın olduğuna işarə etdiyini bildirmişdir. Həzrət Ömər (r.a.) İbn Abbasın bu cavabını bəyənmiş və məclis iştirakçılarına onun nə qədər savadlı olduğunu göstərmişdir (Buxari, “Təfsirus-surə”, 110 (3)).

İbn Abbas hədis sahəsində muksirun (çox hədis nəql edən şəxs) olaraq tanınan səhabələrdən birdir. Onun xətti ilə bizə 1660 hədis nəql edilmişdir. Bu hədislərdən 75 dənəsi Buxari və Müslimin birlikdə (Buxari və Müslimin birlikdə nəql etdiyi hədislərə “müttəfəqun əleyhi” deyilir) nəql etmişdir. Eyni şəkildə Buxari ondan 120 hədis, Müslim isə 9 hədis nəql etmişdir. Bu da İbn Abbasın təfsir elmində olduğu kimi hədis elmində də söz sahibi olduğunu göstərir.

Bu böyük səhabə ömrünün sonuna qədər siyasi intriqalardan uzaq dumuş və sadəcə elmlə məşğul olmuşdur. İbn Abbas həmçinin Həzrət Muhəmmədin (s.ə.s) duası ilə şərəflənən səhabələrdən biridir. Bu və bir çox faktor onun elminə təsir etmiş və onun adının müsəlmanlar arasında ehtiramla yad edilməsinə qapı aralamışdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA İSLAMOFOBİYA İLƏ MÜBARİZƏ LAYİHƏSİ QANUNLAŞA BİLƏR

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nümayəndələr Palatası, islamofobiya ilə mübarizə etməyi nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Nümayəndələr Palatasının ilk hicablı millət...

Bağla