ABDULLAH İBN MƏSUD

0

Nazil olan son haqq dini ilk qəbul edən şəxsiyyətlərdən biri Abdullah ibn Məsuddur. Tam adı Əbu Əbdürrəhman Abdullah ibn Məsud ibn Ğafil ibn Həbib əl-Hüzəlidir. Abdullah ibn Məsud, bilinən adından başqa anası İbn Ümmi Əbd bint Əbduha nisbətlə “İbn Ümmi Əbd” olaraq çağırılmışdır. İslamdan əvvəlki həyatı haqqında əlimizdə çox məlumat yoxdur. Klassik İslam qaynaqlarının verdiyi məlumata görə o, müsəlman olmadan əvvəl Üqbə ibn Əbi Muaytın qoyun sürülərini otarırmış. İslam nazil olunca Abdullah ibn Məsud Həzrət Muhəmmədin (s) təbliğini qəbul edən altıncı müsəlman olmuşdur (Zəhəbi 2005, I/116).

Müsəlman olduqdan sonra Abdullah ibn Məsud Həzrət Peyğəmbərin (s) xüsusi işlərini görməyə başlamışdır. Belə ki, o, Həzrət Peyğəmbərin (s) ayaqqabılarını təmizləmiş, dəstəman suyunu hazırlamış, misvakından məsul olmuş, səhərlər namaza oyandırmış və Həzrət Peyğəmbər (s) yeriyərkən onun önündə getmişdir. Məhz Həzrət Peyğəmbərə (s) olan bu yaxınlığı bir çox səhabəni təəccübləndirmişdir. Əbu Musa əl-Əşarinin qeyd etdiyinə görə, o və qardaşı İslamı öyrənmək üçün Mədinəyə gəlmişdilər. Bu əsnada Abdullah ibn Məsudun və anasının Həzrət Peyğəmbərin (s) otağına tez-tez girib çıxdıqlarını görmüşdülər. Hətta bu hadisə Əbu Mussa əl-Əşariyə o qədər təsir etmişdir ki, Abdullah ibn Məsudun və anasının Həzrət Peyğəmbərin (s) ev xalqından olduğunu zənn etmişdir (Buxari, “Fəzailus-səhabə”, 27; Müslim, “Fəzailus-səhabə”, 110).

Abdullah ibn Məsud Həzrət Peyğəmbərin (s) bütün doyüşlərində və qəzvələrində (hərbi yürüşlərində) iştirak etmiş, Bədr döyüşü əsnasında ağır yaralanan Əbu Cəhli öldürmüşdür. Bu böyük səhabə Xüləfai-Raşidin dövründə də əhəmiyyətlə işlərdə iştirak etmişdir. Həzrət Ömər (r.a.) onu Kufəyə İslam dini öyrətmək və Beytül-mala rəhbərlik etmək üçün göndərmişdir. Abdullah ibn Məsud ömrünün sonlarına doğru Mədinəyə geri dönmüş, hicri 32-ci ildə (miladi 652-653-cü il) vəfat etmiş və Baqi qəbirstanlığında dəfn edilmişdir.

Abdullah ibn Məsud Qurani-Kərimin təfsirində önə çıxan dörd böyük səhabədən biridir. O, eyni zamanda Həzrət Peyğəmbərdən sonra Kəbədə açıq halda Quran oxumuş ilk səhabədir. Eyni zamanda Abdullah ibn Məsud gözəl Quran oxunması ilə də tanınmışdır. Əhməd ibn Hənbəlin “Müsnəd”ində yer alan məlumata görə, Həzrət Peyğəmbər (s) bir gün Abdullah ibn Məsuddan Qurani-Kərim oxumasını istədi. Bunun üzərinə Abdullah ibn Məsud Həzrət Peyğəmbərə (s): -“Ey Allahın Rəsulu! Quran sizə nazil olmuşkən, mən sizə Quran oxuyum?” dedi. Həzrət Peyğəmbər (s) isə belə cavab verdi: -“Mən başqasından Qurani-Kərim dinləməyi çox sevirəm”. Daha sonra Abdullah ibn Məsud Nisa surəsindən oxumağa başladı. “Hər bir ümmətin içindən bir şahit gətirdikdə, səni də onlara şahit olaraq göstərdiyimiz zaman halları necə olacaq!” (Nisa, 4/41) ayəsini oxuyub bitirincə Həzrət Peyğəmbər (s); -“Bu qədər kifayətdir” demiş və gözlərindən yaşlar boşalmağa başlamışdır (Buxari, “Təfsirus-surə”, 9; Müslim, “Müsafirun”, 247, 248). Həzrət Muhəmməd (s) Abdullah ibn Məsudun oxunuşundan çox təsirlənmiş və onun haqqında belə buyurmuşdur; -“Hər kim nazil olduğu zaman yaşanan hiss-həyəcanla Qurani-Kərimi oxumaqdan xoşlanırsa, İbn Ümmi Əbdin oxunuş tərzinə görə oxusun” (Əhməd ibn Hənbəl, I/7).

Məsruk qeyd edir ki. Abdullah ibn Məsud Qurani-Kərimdən on ayəni əzbərləyib, onun təfsirini bilmədən və həyatına tətbiq etmədən başqa ayələri əzbərləmirdi. Bu da Abdullah ibn Məsudun Qurani-Kərim mövzusunda nə qədər diqqətli olduğunu göstərir. Bu böyük səhabə həmçinin Kufə təfsir və fiqh məktəbinin qurucusudur. Qiraət sahəsidə Həsən əl-Bəsri, Qətadə, Əbu Əbdürrəhman əs-Süləmi, Əbu Əmr əş-Şeybani, Fiqh və digər sahələrdə isə Əlqamə ibn Qeys, Məsruk ibn Ecda, Əsvəd ibn Yezid, Haris ibn Qeys, Əmr ibn Şürahbil önə çıxan alim tələbələrindəndir. Əbu Hənifə, Əlqamə ibn Qeysin tələbələri İbrahim ibn Nəhai və Şabidən dərs alan Həmmad ibn Əbu Suleymanın yanında 20 il dərs oxumuşdur. O, bu silsilə ilə əslində böyük müfəssir və müfəqqif Abdullah ibn Məsuddun elm məktəbinin tələbəsi olmuşdur.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ ERMƏNİSTANIN NÖVBƏTİ TƏXRİBATI DAYANDIRILIB

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb....

Bağla