ABDULQADİR GİLANİ HƏZRƏTLƏRİ

0

Abdulqadir Gilani həzrətləri buyurur:

“Ey oğul, təqvaya sarıl, müttəqi ol! Şəriətin əsaslarına sarıl; nəfsə, nəfsi arzulara, şeytana və pis insanlara müxalif ol, onlara uyma!

Mömin bu xüsuslarda daima cihad halındadır. Əsla dəbilqəsi başından əskik olmaz, qılıncı heç vaxt qınına girməz, atı yəhərsiz qalmaz…”

İman layiq olana məhəbbət, haqq edənə nifrəti zəruri qılır. Allah üçün sevmək nə qədər vacibdirsə, Allah və Rəsulunun düşmənlərinə qəzəb etmək də bir o qədər lüzumludur.

Çünki Allaha qulluq son nəfəsə qədər nəfsə, şeytana, pis insanlara, günahkarlara və batilə qarşı daima davam edən müqavimət, müxalifət və mücadilə istər. Elə bu səbəbdən təsəvvüfün bir çox təriflərindən biri də “nəfsə qarşı sülhü olmayan bir cəng”dir.

Bu mənada hər bir müsəlman əcəl gələnə qədər haqq və batil arasındakı daimi cəngdə haqqın və xeyrin səfində yerini tutmaqla mükəlləfdir. Bu böyük cihadın bir əsgəri olmaq hər möminin əbədi səadət və əmin-amanlığı üçün zəruridir.

Ayeyi-kərimədə belə buyurulur:

“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!”. (əl-Ənkəbut, 69)

Təfsir alimi İsmayıl Haqqı Bursəvi rəhimahullahi aleyh bu ayeyi-kərimə haqqında belə izah verir:

“Burada “cihad”ın mütləq şəkildə zikr edilməsi zahiri və batini bütün düşmənləri içərisinə aldığı üçündür. Birincisi, (İslama qarşı) hərb edən kafirlərlər cihad; ikincisi isə nəfs və şeytanla cihaddır”.[1]

Hədisi-şərifdə də:

“Əsl mücahid nəfsinə (həva və həvəslərinə) qarşı cihad edəndir”,- buyurulmuşdur. (Tirmizi, Fəzailul-Cihad, 2/1621)

Əslində mömin xarici düşmənə qarşı cihada hazır olmaq üçün də hər şeydən əvvəl daxili düşmənə qarşı mücadilədə qalib gəlmək məcburiyyətindədir. Nəfsə və şeytana qarşı təqva zirehinə bürünərək mənəvi cihadda qalib olmadan zahiri düşmənə qarşı gerçək bir zəfər gözləmək əbəsdir.

Verəcəyimiz misal bu həqiqəti necə də gözəl izah edir:

Yavuz Sultan Səlim xan Misir yürüşünə çıxdığı zaman ordusunun Gəbzə yaxınlığından keçdiyi yerlər bağ-bağçalıq idi. Sultan Səlim xan “görəsən, əsgərlərim sahibindən izinsiz alma və üzüm qoparıb yedilərmi?” – deyə düşüncələrə daldı. Sonra yeniçəri ağasını hüzuruna çağırıb bu əmri verdi:

“Ağa, fərmanımdır, bütün əsgərlərin heybəsi yoxlansın. Heybəsindən alma və ya üzüm salxımı çıxan əsgər olarsa, dərhal hüzuruma gətirilsin!”.

Yeniçəri ağası dərhal heybələri yoxlatdı. Sonra sultanın hüzuruna gəlib:

– Sultanım, qoparılmış heç bir meyvə izinə rastlamadım, – dedi.

Bu xəbər Yavuzu çox sevindirdi. Üstündən böyük bir yük qalxdı. Əllərini uca dərgaha açıb belə dua etdi:

“Allahım, Sənə sonsuz həmd-səna olsun! Mənə haram yeməkdən çəkinən bir ordu bəxş etdin…”

Sonra üzünü yeniçəri ağasına tutub dedi:

“Əgər əsgərlərim izinsiz meyvə qoparmış olsaydı, Misir yürüşündən vaz keçəcəkdim. Çünki haram yeyən bir ordu ilə ölkələri fəth etmək mümkün olmaz!”.

Biz də o mübarək əcdadın bugünkü təmsilçiləri olmalıyıq. Bunun üçün bütün ilahi əmr və qadağalara həssas ölçülərlə riayət etməliyik. Həyatımızın hər anında İslamın hökmlərinə tam təslimiyyətlə itaət etməli, bütün varlığımızla Haqqa ram olmalıyıq.

Əsl cihad zahirən və batinən kamillik qazanan möminlərin yer üzündə zülmü ortadan qaldıraraq insanların əbədi qurtuluşuna vəsilə ola bilmə səyi və həyəcanı içində yaşamalarıdır. Ayeyi-kərimədə buyurulur:

“ Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız…” (Ali-İmran, 110)

Bu cür pak bir qəlb və yüksək ruhaniyyətlə həm sözümüz, həm də davranışlarımızla İslamı ən gözəl şəkildə təmsil etməliyik.

Lakin bunu da unutmamalıyıq ki, daima pisliyi əmr edən nəfs içimizdə, ayağımızı doğru yoldan sürüşdürməyə çalışan şeytan isə hər an arxamızdadır. Bir anlıq qəflətlə nəfsaniyyətə qapılmaq bütün əməllərin içini boşalda bilər. Şeytanın verdiyi vəsvəsəyə uymaq insanı qürur, təkəbbür və ənaniyyət uçurumlarına sürükləyərək mənən həlakına səbəb ola bilər. Bu kimi yanlışlar saleh əməlləri puça çıxarmaqla qalmaz, həmçinin ilahi qəzəbi də cəlb edər.

Bu səbəblə Həzrət Əli -r-a-:

“İşlədiyiniz saleh əməllərə göstərdiyiniz əhəmiyyətdən daha artığını onun qəbuluna və qorunmasına göstərin”, – buyurmuşdur.

Nəticə olaraq nəfs və şeytanın tələlərinə qarşı daima ayıq-sayıq olmalıyıq. Haqq-Təala belə buyurur:

“Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın!..” (əl-Fussilət, 36)

Başqa bir ayeyi-kərimədə isə nəfsin sərhəd tanımayan istəklərinə qarşı Həzrət Yusuf -a.s- kimi مَعَاذَ اللّٰهِ / Allaha sığınıram”[2] deyərək ehsan şüuru ilə “Allahla bərabərlik” zirehinə bürünməyin vacibliyi təlqin edilir.

İbadətlərimizin hədər olmaması üçün nəfs və şeytanın hiylə və tələlərindən çəkinməli olduğumuz kimi, axirətimizi əbədi xüsrana çevirməmək üçün də pis insanların ardınca düşməkdən, onların nəfsani həyat tərzini yaşamaqdan da həssaslıqla çəkinməliyik. Kafirlərin, batil əhlinin, fasiqlərin, zəlalət və fəsadı yayan pis insanların dünyəvi rifah və səadətinə baxıb aldanmamalı, onların heç bir halına qibtə etməməliyik.

Vaxtilə Qarunun zənginlik və ehtişamına qibtə edənlər onun həzin aqibətini gördükdə daha əvvəl etdiklərindən peşman oldular. Qurani-Kərimdə bu ibrətli hadisə belə nəql edilir:

“(Bir gün Qarun) öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!”

(Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbir edənlər qovuşarlar!”

Nəhayət, onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi.

Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!” (əl-Qasas, 79-82)

Başqa bir ayeyi-kərimədə də Rəbbimiz belə buyurur:

“Küfr edənlərin rifah içində diyar-diyar gəzib dolaşması səni aldatmasın! Bu, (axirət nemətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!”. (Ali-İmran, 196-197)

Deməli, batil əhlinin dünyəvi rifah və ehtişamına baxıb onlara həsəd aparmaq, onların adətlərinə, həyat tərzinə, dəbinə uymaq, onlar kimi olmağa çalışaraq öz kimliyindən uzaqlaşmaq böyük aldanışdır. Bu hal aşağılıq duyğusuna düçar olmanın nəticəsidir. İslam şəxsiyyət və xarakterinə vurulan ən ağır zərbədir.

Halbuki Rəsulullah -s.ə.s- möminlərə ibadətdə belə qeyri-müslimlərə bənzəməyi, onların adət-ənənəsinə uymağı qadağan etmişdir. Məsələn, Ramazandan sonra ən məqbul oruc Məhərrəm ayının 10-da, yəni Aşura günü tutulan orucdur. Lakin bu orucu yəhudilər də tuturdu. Ona görə hədisi-şərifdə:

“Aşura orucunu tutun, ancaq bir gün əvvəl və ya bir gün sonra da tutmaq surəti ilə yəhudilərə müxalifət edin!”- buyurulmuşdur. (Əhməd, I, 241; Bəzzar, № 1052; Heysəmi, III, 188)

Çünki İslam şəxsiyyət və vüqarını mühafizə etməyin ən mühüm şərtlərindən biri qeyri-müslimlərə bənzəməməkdir.

Hər gün beş vaxt namazda ən azı qırx dəfə Rəbbimizə belə yalvarırıq:

اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَق۪يمَ . صِرَاطَ الَّذ۪ينَ اَنْعَمْتَ عَلَيْهِمْ

غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالّ۪ينَ

“Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!”. (əl-Fatihə, 6-7)

Yeganə haqq din olan İslam mükəmməldir. Mükəmməl olanınsa özündən geridə olana ehtiyacı yoxdur. Yəni İslam heç bir bəşəri sistemdən və ya təhrif olunmuş dindən nə isə götürməyə möhtac deyil. Bu etibarla haqq din İslamla batil dinlər arasında dialoqa meyl etmək qəlbin zəifliyindən irəli gəlir. Bu səbəblə hər bir müsəlman həyatının bütün mərhələlərində İslamın şəxsiyyət, xarakter və vüqarına yaraşan duruş sərgiləməklə mükəlləfdir. İslamdan kənar adətlərə, batil ənənələrə, qeyri-müslimlərin xüsusi günlərinə, onların modasına həvəs və meyl etməkdən ciddi mənada çəkinmək məcburiyyətindədir. Bu həssaslığı göstərmək böyük əhəmiyyət kəsb edir. Əks təqdirdə imanın zəifləməsinə səbəb ola bilər.

İmam Rəbbani həzrətlərinin bir məktubunda nəql etdiyi bu hadisə nə qədər də ibrətlidir:

“Bir dəfə xəstə bir adamı ziyarətə getmişdim. Ölümü yaxınlaşmışdı. Halına (mənən) nəzər saldığım zaman gördüm ki, qəlbi şiddətli qaranlıq içindədir. Hər nə qədər qaranlığın qalxması üçün mənən kömək etməyə çalışsam da, qalxmadı. Bir çox təvəccöhdən sonra məlum oldu ki, bu qaranlıqlar küfr əhlindən ona sirayət edən mənfi hallardan qaynaqlanır. Bu sıxıntıların mənşəyi küfr əhli ilə dostluq etməsidir…” (Bax. Məktubati-İmam Rəbbani, c. I, 266. Məktub)

Təəssüf ki, bu gün də batil əhlinə qarşı göstərilən heyranlıqlar mənəviyyata zəhər saçır. Açılan yanlış internet səhifələri, televiziyanın mənfi yayınları, modalar, reklamlar onların nəfsaniyyəti təhrik edən və axirəti unutduran həyat tərzini gözümüzə və könlümüzə nəqş etməyə çalışır. İslam tərbiyəsindən uzaq yetişən gənc nəsillər də batilin nəfsə xoş gələn bərbəzəkli həyat tərzinə həvəs etməyə başlayır. Geyim-kecimdən yeyib-içməyə, danışıq tərzindən saç düzümünə qədər hər xüsusda bir heyranlıq meydana gəlir. Bu zahiri bərabərliklər zehni bərabərliyə, o da zamanla qəlbi bərabərliyə apararaq imana zərər verir.

Necə ki, səhabədən Abdullah bin Məsud -r.a-:

“Libaslar libaslara bənzədikdə qəlblər də qəlblərə bənzəməyə başlayar”, – buyurmuşdur. (Vəki, Zöhd, s. 597)

İnsan bütün üzvlərində iradə sahibidir. Məsələn, istədiyi vaxt gözünü yumub-aça bilər, istədiyi vaxt qolunu qaldıra bilər. Lakin qəlbində iradə sahibi deyil. Qəlb nələrlə oturub-durursa, zamanla onlara meyl edər. Xəta və yanlışlar belə, bir müddət sonra ona təbii görünməyə, hətta xoş musiqi kimi həzz verməyə başlayar. Yəni qəlb ünsiyyətdə olduğu atmosferin şəklinə, rənginə və ahənginə bürünər. Bu səbəbdən Haqq-Təala qəlblərimizin daima xeyirli təsirlərdən faydalanması üçün saleh və sadiqlərlə bərabərliyi əmr edir. Bunun əksinə, qəlblərimizin yanlış təsirlərdən mühafizə edilməsi üçün də biz qullarını zalım və fasiqlərlə oturub-durmaqdan çəkindirir.

Hədisi-şərifdə buyurulur:

“Hər kim bir qövmə bənzəməyə çalışarsa, o da həmin qövmdəndir”. (Əbu Davud, Libas, 4/4031)

Bu gün kapitalist sistem nəyi moda etməyə qərar verirsə, cəmiyyətlərdə şüursuz yetişən nəsillər sanki seldə sürüklənən kötüklər kimi həmin axıntıya qapılırlar. Hətta bir çox valideynin bu xüsusda övladına sözü keçmir. Kişilərin sırğa taxması, – Sünnəyə tabe olmaq üçün deyil, moda xətrinə – saqqal saxlaması, qısa şortla gəzməsi, yöndəmsiz qiyafətlər geyinməsi, kişini qadına, qadını kişiyə bənzədən saç düzümü, təəssüf ki, bütün bunlar moda adı altında müsəlman cəmiyyətlərdə belə özünə yer tapa bilir. Halbuki İslam qadın və kişinin özünəxas şəxsiyyət və xarakterdə yaşamasını istəyir. Necə ki, Rəsulullah -s.ə.s- qadına bənzəməyə çalışan kişiyə və kişiyə bənzəməyə çalışan qadına lənət etmişdir.[3]

Haqq-Təala Qurani-Kərimdə Rəsulullah -s.ə.s-in yanında olan, Onun səfində yer alan və Onun izindən gedən möminlərin din qardaşlarına qarşı təvazökar və mərhəmətli, lakin kafirlərə qarşı şiddətli və sərt olduğunu buyurur.[4] Yəni qeyri- müslimlərə qarşı güzəştə getməyən, onların nəfsani həyat tərzinə həvəs etməyən, şəxsiyyətli və vüqarlı insanlar olaraq vəsf edir.

Bu səbəbdən, xüsusilə valideyn olaraq övladlarımızı İslam şəxsiyyətinə və xarakterinə yaraşan tərzdə, təmiz, intizamlı, düzgün, ədəbli geyimə alışdırmalıyıq. “Hələ balacadır, yaşı azdır, qoy həvəsi qursağında qalmasın, sonra geyməz” deyərək uşaqlara islami ədəbə və fitrətə zidd libaslar geydirmə qəflətindən uzaq olmalıyıq. Çünki bunlar zamanla vərdişə çevrilir. Ağac da yaş ikən əyilər…

Xülasə, əbədi qurtuluşumuz üçün nəfsə, şeytana və pis insanların şərinə qarşı son nəfəsə qədər “təqva libası”na bürünməyimiz şərtdir. Təqva libası isə özümüzü daima ilahi müşahidə altında görərək Allah-Təalanın razı olmadığı hal və davranışlardan uzaqlaşmaqdır. Bu xüsusda bir an belə nəfs və şeytan qarşısında qafil qalmamaqdır. Rəsulullah -s.ə.sin:

“Ya Rəbb! Məni bir göz qırpımlıq da olsa, nəfsimlə baş-başa qoyma!..”[5] duasını həyat düsturu etməkdir.

Biz də bu şüur və idrak içində, Allahın qəlblərimizi mühafizə buyurması üçün, bu duaları çox edək:

“Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!”. (Ali-İmran, 8)

“Ey qəlbləri haldan-hala salan Allahım, qəlbimi dinin üzrə sabit qıl!”. (Tirmizi, Dəavat, 89/3522; Əhməd, IV, 182, VI, 91)

“…(Ey Rəbbim!) Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusuf, 101)

Abdülqadir Gilani həzrətləri buyurur:

“Bunu yaxşı bilmək lazımdır ki, (ilahi sirləri gizləyən) pərdələr yalnız fani varlıqlardan, nəfsani və şeytani duyğulardan təmizlənmiş qəlblər üzərindən qaldırılar. Fanilərə bağlanan, nəfsani və şeytani həvəslərdən təmizlənməyən qəlblərdən isə pərdələr qalxmaz. Nəticə etibarilə bu halda olan qəlblər ilahi sirləri müşahidə edə bilməz. Qəlb gözündən pərdələr qaldırılan adamın əlinə yer üzündəki xəzinələrin açarları verilər. Fəqət artıq onun nəzərində çınqıl daşlarla inci və zümrüd arasında heç bir fərq olmaz”.

Yeni doğulan körpəyə yalnız süd verilər, yavaş-yavaş böyüdükcə fərqli və ləzzətli qidalar yeməyə başlayar. Mənəvi həyatda da belədir. Xam insanlar dünyəvi ləzzətləri həqiqi ləzzət zənn edərlər. Halbuki qəlblər mərifətullahda məsafə qət etdikcə duyum və görüşdə dərinlik artar, ləzzətlər dəyişər. Dünyanın bütün var-dövləti çınqıl daşından fərqlənməz, uşaq oyuncağı kimi əhəmiyyətini itirər, gözdən və könüldən düşər. Dünyəvi və nəfsani zövqlər yerini mənəvi ləzzətə verər.

Dünya səltənətini tərk edərək ilahi eşq dəryasına dalan İbrahim bin Ədhəm həzrətləri belə buyurmuşdur:

“İlahi məhəbbətdəki vəcd, ləzzət və istiğraqımız[6] gözlə görülsəydi, krallar ona sahib olmaq üçün bütün xəzinələrini və krallıqlarını fəda edərdilər”.

İmam Qəzali həzrətləri də Allah-Təala ilə dostluğun bütün məqamlardan üstün olduğunu belə ifadə edir:

“Bir ləzzət var ki, cənnətin ləzzəti belə onun yanında heç qalır. Onu anlamaq üçün bu misallara diqqət et, üzərində təfəkkür et!

Həyatın müxtəlif mərhələlərində insanın varlıqlardan ləzzət alması bir-birindən fərqlənir.

Uşağın bütün ləzzəti yeməkdədir. Bundan başqa heç nə bilməz. Yeddi yaşına gəldikdə yediklərini bir-birindən ayırmağa, seçməyə başlayar. Bundan deyil, o birindən daha çox ləzzət alar. Gözəl geyinməyin zövqünü on yaşından sonra dadmağa başlayar. Bir az da böyüyüb mənəviyyatda yüksək məqama çatdığı zaman dünya ləzzətləri sona çatar. Gözü varsa, bunların heç birinin batinini doyurmadığını görər. Çünki bunların hamısı Allahı tanımağın yanında bir heçdir.

Ariflərin sözlərinə qulaq as və diqqət et, hallarını anlamağa çalış. O zaman mərifətullah və Haqqa dost olmağın hər şeydən qiymətli olduğunu anlayarsan”.[7]

Məhz bu idraka nail olanlara əşyanın həqiqəti ayan olar. Onların nəzərində fani ləzzətlər qiymətini itirər. Yer üzünün bütün keçici mərhələləri yox olmağa məhkum kölgələrə çevrilər.

Həzrət Süleyman -ə.s-a heç bir bəşər övladına nəsib olmayan bir dünya sərvəti və səltənəti verildi. Lakin o, sahib olduğu dünya nemətlərinin qəlbinə yol tapmasına imkan vermədi. Heç vaxt dünya mənfəəti Rəbbi ilə onun arasına pərdə olmadı. Nemətlərin əsl sahibinin Allah olduğu şüuru içində daima həmd və şükür halını qorudu. Mərifətullahın tərifəsığmaz həzzi ilə qulluğuna davam etdi. “Mən fəqirəm, fəqirə fəqirlərlə bərabərlik yaraşar” deyərək qərib, kimsəsiz və möhtacların yanında oldu, onlara arxa durdu. Allah-Təala da onun üçün نِعْمَ الْعَبْدُ : nə gözəl qul”[8] buyurdu.

Abdulqadir Gilani həzrətləri buyurur:

“Təqva sahibi olan kəs Allaha qulluğu zəhmət kimi görməz. Çünki ibadət, yəni qulluq artıq onun təbiətinə çevrilmişdir. O, heç bir çətinlik çəkmədən həm zahiri, həm də batini ilə Allaha qulluq edər…

Münafiqə gəldikdə isə hər halında özünü zəhmət içində görər. Xüsusilə Allaha ibadət / qulluq əsnasında. Allaha ibadəti çətinliklə və zahirən edər. Lakin batinən onu tərk edər. Əsla müttəqilərin girdiyi yerə girə bilməz…”

İbadətdən zövq almaq təqva əhlinin əlamətidir. Bu isə halal qida ilə bəslənən, haramlardan qorunan bədənlərin və dünyaya deyil, axirətə yönələn qəlblərin nəsibidir.

İbadətdən zövq almamaq və xüşu halını yaxalaya bilməmək isə haram və ya şübhəlilərə qarışmış qazanc və qidanın, həmçinin dünya ehtirasının nəticəsidir. Bu mənfilikləri kənarlaşdırıb qəflətdən qurtulmadıqca təqva əhlinin ibadətlərdən aldığı mənəvi həzzi duya bilmək imkansızdır.

Bu nöqteyi-nəzərdən ibadətlərimizin keyfiyyəti eyni zamanda qəlbimizin mənəvi güzgüsü kimidir. Bu xüsusda tez-tez özümüzü yoxlamalıyıq:

P Namaz bizi nə qədər xüşuya / Allah qorxusuna, yüksək ədəb və hörmətə sövq edir? Pis əməllərdən, haram və məkruhlardan nə qədər uzaqlaşdırır? Namazın qiymətini nə qədər dərk edə bilirik? Allaha səcdə edə bilmə nemətinə nə qədər şükür edirik?

P Oruc bizi nə qədər təqvaya sövq edir? Mərhəmət və şəfqətimizi artırırmı? Haqq-Təalanın nemətlərini təfəkkürə vəsilə olub şükür duyğularımızı inkişaf etdirirmi? Bizi dedi-qodudan, boş sözlərdən, gərəksiz işlərlə məşğuliyyətdən qoruyurmu?..

P Zəkat, infaq, sədəqə verərkən sevinirikmi? Yoxsa “malım azaldı” deyib heyifsilənirikmi? Allahın var-dövləti bizə imtahan olaraq verdiyini, malımızı azaldıb-artırmasının da bir imtahan olduğunu dərk edə bilirikmi?..

P Bir din qardaşımızın dərdi ilə maraqlanmaq bizə ağır gəlir, yoxsa bu işi rəhmət olaraq görürük?..

Bütün bunlar bizim mənəvi simamızı seyr edəcəyimiz bədənnüma güzgüsüdür. Bu güzgüdə halımızı tez-tez gözdən keçirib qüsurlarımızı düzəltməyə, gözəl hallarımız varsa, onları da artırmağa çalışaq.

Allah-Təala qəlblərimizi mərifətullah və məhəbbətullahla əhya etsin. Hər birimizi ixlas və təqva üzrə qulluq həyatı yaşamağa müvəffəq qılsın.

Amin!..

[1] Bursəvi, Ruhul-Bəyan, c. 14, s. 673, Erkam Yayınları, İstanbul, 2010.

[2] Bkz. Yûsuf, 23.

[3] Bax. Buxari, Libas, 61.

[4] Bax. əl-Fəth, 29; həmçinin bax. əl-Maidə, 54.

[5] əl-Camius-Sağir, I, 58.

[6] Qərq olmaq

[7] Hacə Musa Topbaş, Altınoluk Sohbetleri, c. 2, s. 111.

[8] Bax. əs-Sad, 30.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AİHM: İSLAM PEYĞƏMBƏRİNİ TƏHQİR ETMƏK SÖZ AZADLIĞI DEYİL

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İslam peyğəmbəri Həzrəti Muhammədi (SAV) təhqir etmənin söz azadlığı olmadığına qərar verib. Məhkəmə heyəti yekdilliklə,...

Bağla