Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İslam peyğəmbəri Həzrəti Muhammədi (SAV) təhqir etmənin söz azadlığı olmadığına qərar verib. Məhkəmə heyəti yekdilliklə, Həzrəti Muhammədə (SAV) qarşı sərf edilən təhqir məzmunlu ifadələrin İnsan Hüquqları Konvensiyasının söz azadlığı barədə qanununun 10-cu maddəsi çərçivəsində olmadığına qərar verib.
AİHM qərarında, Avstriya məhkəməsinin verdiyi müvafiq qərarın düzgün olduğu vurğulanıb.
“İstifadə edilən ifadələr “tərəfsiz mübahisə” hüdudlarını aşmışdır. Bu ifadələrin İslam peyğəmbəri Həzrəti Muhammədə (SAV) qarşı təhqir məzmunlu hücum olduğuna qərar verilmişdir. Həmçinin bu cür hadisələr kortəbi fikirləri dəstəkləyir və Avstriyada din azadlığını təhdid edir.” – deyə AİHM qərarında bildirilir.
Qeyd edək ki, 2009-cu ildə Avstriyada 47 yaşlı bir kişi “İslamın əsas ünsürləri” adlı seminarda İslam peyğəmbərini təhqir etmişdi. Yerli birinci instansiya məhkəməsi 2011-ci ildə dini atributu təhqir etdiyi üçün həmin şəxsi 480 euro cərimə etmişdi. Cəriməyə etiraz edən şəxs ali məhkəməyə müraciət etmiş, Ali çəhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı.