Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 14 noyabr 2018-ci il tarixdə “İslam ənənəsində mötədillik” mövzusuna həsr olunmuş seminar keçirib.
Bildirilir ki, tədbirdə İnstitut rəhbərliyi, müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov açaraq bildirib ki, zəngin dünyagörüşə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanması məqsədilə Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlərin xüsusi əhəmiyyəti vardır. Ə.Niyazov mövzunun aktuallığına toxunaraq, dinlərin ifrata qarşı olduğunu, insanlara ibadətlərində, danışıq və davranışlarında orta yol tutmağı tövsiyə etdiyini bildirib.
“İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov məruzəsində qeyd edib ki, tarix boyu bütün dinlər, ideologiyalar və fəlsəfi cərəyanlar nümunəvi insan modelini formalaşdırmağa çalışıblar. Bununla yanaşı, cəmiyyətdə dini tolerantlığın, sosial-siyasi ədalətin, sabitliyin təşəkkülü və qorunması üçün məhz mötədillik şüurunun mənimsənilməsi istiqamətində çoxsaylı elmi tədqiqat əsərləri yazılıb.
Məruzəçi islamın çətinləşdirməyi tövsiyə etmədiyini; nifrəti bəyənmədiyini; zorakılığa “yox” dediyini; bəşəriyyəti sülhə və əmin-amanlığa çağırdığını; təəssübkeşliyi yox, tolerantlığı təbliğ etdiyini xüsusi vurğulayıb.
A.Qurbanov insan davranışları və əxlaq fəlsəfəsi baxımından əhəmiyyət kəsb edən mövzunun islam mütəfəkkirlərinin də diqqət mərkəzində olduğunu bildirib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.