AİLƏDƏKİ GİZLİ QAYDALAR PSİXOLOGİYAMIZA NECƏ TƏSİR EDİR?

0

Xoşbəxt olmayan əksər ailələrdə onların xoşbəxtliyinə və ümumi mənada psixikasına mənfi mənada təsir edən və şüuraltında mövcud olan bəzi qaydalar mövcuddur. Bu qaydalar hər zaman gizli olaraq qalır və üzə çıxarılmır. Eyni zamanda bu qaydalar ailə üzvləri tərəfindən müzakirə edilmədən olduğu kimi qəbul edilir. Xoşbəxt olmayan ailələrdə ailə fərdlərinin fərqində belə olmadan icra etdikləri qaydalar bunlardır:

  1. Davamlı nəzarət və kontrol: Hər zaman nəzarət və kontrol edildiyini düşünən uşaq, duyğu və düşüncələrini ifadə edərkən özünü qorxu içərisində hiss edir. Bu zaman o, ya duyğularını doğru şəkildə ifadə etmir, ya da ki, duyğularını gizlətməyə çalışır. Uşaq söyləyəcəyi sözü əvvəlcədən düşünüb, seçmək məcburiyyətində qalır. Çünki o bilir ki, spontan (özü-özündən) baş verən davranışlar ailə fərdləri tərəfindən pis qarşılanacaq və bağışlanmayacaqdır. Bu tip ailələrdəki fərdlər arasında inamsızlıq artır və etimad dərəcəsi minimuma enir. 
  2. Mükəmməlliyyətçilik: Görülən hər işdə və girilən hər imtahanda fərdin mükəmməl nəticələr göstərməsi tələb edilir. Bu zaman hər şey başqalarına göstərmək və başqalarımnın bəyənməsi üçün edilir. Mükəmməlliyyətçilik fərdin öz həqiqətlərinin heç bir dəyərinin olmadığını, özünün düşüncə və dəyərləndirmələrinin əhəmiyyətsiz olduğunu ifad edir. Bu mühitdə yetişən uşağın əsas duyğusu ümidsizlik olur. Bir müddət sonra o özünü dəyərsiz və səriştəsiz olaraq görməyə başlayır.
  3. Günahlandırma: Günahlandırma hadisəsi baş verən hadisələri olduğu kimi qəbul etməməyin nəticəsidir. Edilən günahlandırmalar hər şeyin nəzarət altında olması və mükəmməl olmasının şərt olduğunu göstərməkdir. Bu vəziyyət həmin adamda anksiyetə (təşviş) və utanc duyğuları meydana gətirir.
  4. Beş əsas duyğu azadlığının inkarı: Xoşbəxt olmayan ailələrdə fərdlərin normal olaraq ortaya qoyduqları qavrama (perception), duyğu, düşüncə, davranış, arzu və məqsədləri inkar edilir. “Daxildən gəldiyi kimi deyil, mükəmməlliyyətçi qaydalara tabe olaraq, başqalarının səndən gözlədiyi tərzdə qavra, duy, düşün, davran, arzu et və məqsəd qoy.” Bu vəziyyət fərdin öz həqiqətlərini inkar etməyə səbəb olur. Beləliklə fərd tamamilə xaricdən gələn əmirlərdən asılı və öz daxili dünyası ilə əlaqəsi kəsilmiş bir robot kimi yaşamağa başlayar. Belə fərdlərin də xoşbəxt olması mümkün deyildir.
  5. Danışmağın qadağan olması: Psixoloji sağlam olmayan ailələrdə xüsusilə uşaqların öz duyğu və düşüncələrini ifadə etmələrinə imkan verilmir. Bu vəziyyət də uşaqlarda dəyərsizlik duyğularına səbəb olur.
  6. Küsülülük və incikliyin davam etdirilməsi: Ailə daxilində küsülülük və incikliyin davam etdirilməsi fərdlərin bir-birini başa düşməsinə mane olur və problemin həllini gecikdirir.
  7. Heç kimə güvənməmək: Psixoloji olaraq sağlam olmayan ailələrdə heç kim bir-birinə güvənib etibar etmir. Əslində fərdlər arasında güvənin olduğu zənn edilsə də ünsiyyətin əsasında güvənsizlik vardır. Bu kimi ailələrdə yetişən fərd hörmət və həqiqi sevgi görmədiyi üçün heç kimin ona kömək etməyəcəyinə inanmağa başlayır. Ona həqiqi mənada kömək etmək istəyənlər haqqında da “yəqin ki, bir mənfəəti var ona görə kömək edir” kimi fikirlərə sahib olur. Ümumi mənada psixoloji sağlam olmayan ailələrdə yetişən fərdlərin özlərinə inamları olmur və bu fərdlər ümumi mənada ətraflarındakı insanlardan asılı vəziyyətdə yaşayarlar.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏRBİ TƏYYARƏLƏR QƏLƏBƏ PARADINA HAZIRLIQ UÇUŞLARI KEÇİRİB

Azərbaycan Ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradın hazırlıqlarını davam etdirir. Dekabrın 8-də...

Bağla