PEYĞƏMBƏR SÜFRƏSİ

0

Hz. Peyğəmbər (s.ə.s) ümməti üçün qiyamətə qədər nümunə alınacaq bir rəhbər, izlərini təqib edərək Haqqa götürəcək bir bələdçidir.

Onun təkcə dinin hökmlərini tətbiq şəkli deyil, gündəlik həyat tərzi də ümməti üçün hüzurlu həyat rəhbəri olmuşdur.

“O, peyğəmbərdir, günahsızdır, bizim ondan daha çox ibadət etməyimiz, ondan daha çox tərki-dünya olmağımız lazımdır” deyə düşünərək xanımından, yeməklərdən və yatmaqdan imtina edən üç səhabənin bu hərəkətini eşidəndə necə üzüldüyünü, onları çağıraraq, “mən həm xanımıma, həm yeməyə, həm yatmağa, eyni zamanda həm də Rəbbimə ibadətə vaxt ayırıram”  mənasındakı sözləri ilə onları qınayan hədisini, yəqin ki, hamımız eşitmişik və bir çoxumuz gündəlik həyatımızda bu hədisi rəhbər tuturuq. Çünki həm ailəmizə, həm yeməyə, həm də yatmağa xeyli vaxt ayırmağa ehtiyacımız var. Bunun minimum həddini çox yaxşı təsbit etmişik və heç vaxt bu dünyalıq münasibətlərlə əlaqəmizi minimum həddə endirmirik. Haşa, sünnəyə tərs düşərik (!) Bəs görəsən bunun maksimum həddi də varmı?

“Oruc tutun, sağlam olun!” – buyuran bir peyğəmbərin buyurduğu şəkildə oruc tutmağı kim istəməz ki?! Əvvəla, orucun başlanğıcı və bitişini ifadə edən sahur və iftar haqqında bir-iki hədisi-şərifi xatırlamaq yerinə düşərdi. Peyğəmbər (s.ə.s) belə buyurur:

“Kitab əhlinin (xristian və yəhudilərin) orucu ilə bizim orucumuzun arasındakı fərq, sahur (obaşdan) yeməyidir”.

“Sahur yeməyi yeyin, çünki sahurda bərəkət vardır”.

“Sahur yeməyi bərəkətdir, heç olmasa bir qurtum su da olsa, əsla sahuru tərk etməyin! Həqiqətən, Allah və mələkləri sahur yeməyi yeyənlərə səlat (yardım, dua) edərlər”.

“Qul üç yeməkdən hesaba çəkilməz. Bunlar: sahur, iftar və mömin dostları ilə yediyi yeməkdir”.

“İnsanlar vaxtı girən kimi iftar etməkdə tələsdikləri müddətcə xeyir üzrə olarlar”.

Yemək üçün bizi necə də təşviq edici, gözəl sözlərdir, elə deyilmi? Bunun ən aşağı səviyyəsi məlumdur: Peyğəmbərimiz sahur və iftar etmədən oruc tutmağı, özümüzə əziyyət verməyi qadağan etmişdir. Buna görə: kamil bir oruc üçün mütləq yeməliyik. Bəs bunun ən üst həddi nə olacaq? Bunun üçün də yemək haqqında bir neçə hədisə baxaq:

“Mədənin üçdəbirini yeməyə, üçdəbirini suya ayırın, üçdəbirini də boş buraxın”.

“Peyğəmbərimizin yeməyi – tapdığı qədər arpa çörəyi; şirniyyatı – xurma; ocağı isə –xurma yarpaqları ilə budaqları idi”.

“Peyğəmbərimizin oruc tutduğu günlərdəki yeməyi iftarda və sahurda adətən tək cins bir içəcək olardı. Bu, bəzən içəcək süd, bəzən də içinə çörək doğranmış su olardı”.

“Peyğəmbərimiz çox zaman harisə (qovrulmuş un şorbası) yeyər və sahuru da onunla edərdi”.

Hz. Peyğəmbərin ömrü boyunca heç qızardılmış ət yemədiyini bilirdinizmi? Yəqin ki, bunun səbəbi o dövrdə qoyun və ya dəvəyə sahib olmaması deyildir. Çünki bir bədəvinin gəlib Peyğəmbərimizdən Mədinə xaricində otlayan sürüsünü istədiyi, Peyğəmbərimizin də bütün sürünü ona hədiyyə etdiyi gerçəyini bilirik. Kəsdiyi qurbandan geriyə sadəcə bel sümüyünün qaldığını, qalanının paylandığını eşidəndə necə məmnun olduğunu da bilirik. Məncə bunun səbəbini, hikmətini Əbu Zərrə məsləhət verərkən buyurduğu bir hədisi-şərifində görə bilərik: “Ey Əbu Zərr! Şorba bişirəndə suyunu bir az çox et, qonşunu da nəzərə al”. Bir yemək təkcə ət şəklində yeyilsə, yarım kilosu ancaq bir adamı, bəlkə, doyurar. Amma sulu yeməklərdə daha çox bərəkət və paylaşaraq daha çox savab əldə etmə imkanı var; özündən başqalarını fikirləşmək, qonşu haqqı və yayılan qoxunun hiss edildiyi hər evə qarşı hiss edilən paylaşma hüququ və həssasiyyəti…

İndi əyri oturub düz danışaq. Yeməyin, sahurun, iftarın minimum həddinə sünnə olaraq (!) əzəmi dərəcədə diqqət edən bizlər, görəsən, maksimum həddinə nə qədər yaxınlaşa bilirik, və ya maksimum həddini nə qədər aşırıq?

 

 ƏZİZ SULTANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİMDİR, HİKMƏT SAHİBİ?‎

Həyatın nə şəkər kimi ləzzətinə, nə də bibər kimi acısına aldanar... Onun üçün həyatın hər anı içərisində kəşf edilməyi gözləyən...

Bağla