ALLAH İLƏ ALDATMAQ NƏDİR?

0

İnfitar surəsinin 6-cı ayəsində Allah təala insanlara belə buyurur; “Ey insan! Rəbbinə qarşı səni aldadat nədir? (əl-İnfitar 82/6). Buradan belə bir sual yaranır; İnsanın Rəbbi ilə aldatılmasının mahiyyəti nədir? Rəbbi ilə aldatılmaq, Onun rəhmətinə və mərhəmətinə sığınaraq günah işləmək və qəflət içərisində olmaqdır. Bu da Allahın feil, sifət və adlarının doğruyu əks etdirməyən və ya əksik təvilindən (yozumundan/təhlilindən/açıqlanmasından) meydana gəlir. Uca Allahı bütün feil və adlarıyla birgə düşünmək lazımdır. Haqq təala rəhmət və bağışlayan olduğu kimi işlənən günahların dərəcəsindən aslı olaraq insanları cəzalandırandır. Yəni, Allahın verdiyi ömrü insanların və cəmiyyətin zərərinə xərcləyən hər kəsi şiddətli bir əzab gözləyir (Uludağ, 2011: 82).

Bu bir həqiqətdir ki, şeytan insanı aldatmaq üçün hər an hərəkət halındadır. Şeytan nəfs və dünya hərisliyi (və ya dünya malı) kimi tələlərini məharətlə istifadə edərək insanları aldatır, möminləri qəflətə vasil edir və haqq yoldan üz döndərmələri üçün hər cür yola əl atır. Uca Allah Fatir sursəinin 5-ci ayəsində şeytanın hiylələrinə təmas edərək insanları diqqətli olmağa dəvət edir: “Ey insanlar! Şübhəsiz ki, Allahın vədi haqdır. Elə isə dünya həyatı sizi aldatmasın! O çox hiyləgər şeytan sizi Allahın rəhmətinə və bağışlamasına təvəkkül edərək sizi aldatmasın!” (Fatir 33/5). Şeytan, nəfs və dünya hərisliyi aldatan, insan isə aldatılandır. Aldatma vasitələri çoxdur. Ancaq şeytan, nəfs və dünya hərisliyi insanları Allahın feil, sifət və isimləri ilə aldatır (Uludağ, 2011; 83).

Allah ilə aldatılmaq kafir və günahkarlarda görüldüyü kimi müsəlmanlarda, dindarlarda və zahidlərdə də görülə bilər. Allah ilə aldatılma mövzusunda müstəqil əsər yazan alimlərdən biri Haris əl-Muhasibidir. O ər-Riayə” adlı əsərində bu mövzuya təmas etmişdir. Əl-Muhasibi xüsusilə zahidlərin necə aldatıldıqlarına diqqət çəkir. O, bəzi zahidlərin elmlə, bəzilərinin etdikləri ibadətlərlə, bəzilərinin müzakirə əsnasındakı nitq qabiliyyəti və hazırcavablığı ilə, bəzilərinin də hörmət və izzət sahibi olmaları ilə necə aldatıldıqlarını misallarla açıqlamışdır (Muhasibi, ər-Riayə: 54).

Allah ilə aldatlmaq eyni zamanda nəfsin də bir hiyləsidir. Belə ki, bu aldatma insanın Allah təaladan boş-boşuna ümidli olması, müəyyən ibadətlər edərək və ya elmlə qürurlanması şəklində özünü büruzə edir. Şeytanın ən mənfur oyunlarından biri olaraq qarşımıza çıxan Allah ilə aldanmaq insanı təlatümlü nəticələrlə üzləşməsinə səbəb ola bilər. Məhz buna görə hər bir müsəlman bu mövzuda diqqətli olmalıdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏUDİYYƏ ƏRƏBİSTANI ZƏVVARLAR ÜÇÜN SUAL-CAVAB XƏTTİ YARADIR

Səudiyyə Ərəbistanında Məscidül-Həram və Məscid-i Nəbəvi komitəsinin rəhbəri, Kəbə İmamı Əbdürrəhman əl-Sudeys müqəddəs torpaqları ziyarət edənlərin namazla bağlı suallarını telefonla...

Bağla