ALLAH SİZİN QƏLBİNİZƏ BAXAR!

0

İslam dinində insanların mənəvi inkişafı baxımından qəlbin önəmli bir yeri vardır. Uca Allah Qurani-Kərimin bir çox ayəsində qəlbin önəminə işarə etmiş və insanın kamilləşməsi üçün qəlbini inkişaf etdirməsinə diqqət çəkmişdir. (Ənfal, 8/24; Ali-İmran, 3/8) Qurana görə qəlb insanda Allahın nəzər etdiyi bir yerdir. Bu baxımdan İslam dini insandan Allahın nəzər etdiyi qəlbinin təmiz olmasını tələb etmişdir. Çünki qəlb imanın mərkəzi sayılır. (Maidə 5/41). İmanın kamilliyi qəlbin təmizliyi, imanın zəifliyi isə qəlbin kirliliyi ilə əlaqəlidir. Allah Rəsulu (s.ə.s) də Allahın insanın qəlbinə nəzər etdiyinə diqqət çəkərək belə buyurur: “Allah sizin xarici görünüşünüzə və mallarınıza baxmaz, Allah sizin qəlblərinizə və əməllərinizə baxar“. (Müslim, Birr, 34).

“Qəlb” sözü kəlmə olaraq tez-tez dəyişən, haldan hala düşən mənasına gəlir. Bu baxımdan qəlbi sabit bir istiqamətdə qoruyub saxlamaq insandan ciddi iradə tələb edir. Elə bu səbəblədir ki, Allah Rəsulu (s.ə.s) bunun üçün xüsusi dua etmiş və: “Ey qəlbləri çevirən Allahım! Qəlbimi dinində sabit et!” – buyurmuşdur. (Tirmizi, Dəavat, 89). Başqa bir hədisində Allah Rəsulu (s.ə.s) belə buyurur: “Qəlbə qəlb deyilməsinin səbəbi onun çox dəyişkən olmasındandır. Qəlb səhradakı bir ağacdan asılı qalan və küləyin oyana-buyana sovurduğu quş lələyinə bənzəyir“. (İbn Hənbəl, IV, 409). Başqa bir hədisində Rəsulullah (s.ə.s) qəlbin dəyişkən olmasını qazanda qaynayan suya bənzədərək belə buyurmuşdur: “Adəm oğlunun qəlbi odun üstündə qaynayaraq daim dəyişən qazan kimidir“. (İbn Hənbəl, VI, 4). Qəlb o qədər dəyişkəndir ki, Rəsulullah (s.ə.s): “Mənim də qəlbim pərdələnir və mən hər gün Allahdan yüz dəfə bağışlanmağımı diləyirəm” – demişdir. (Müslim, Zikr, 41). Allah Rəsulunun (s.ə.s) qəlbə bu qədər işarə etməsi həqiqət aləminə yol tapmağın qəlbdən keçdiyinə diqqət çəkməsi üçündür.

Son dövrlərdə insanlar arasında “qəlbim təmizdir” düşüncəsi geniş yayılıb. Halbuki, qeyd etdiyimiz hədislərə diqqət yetirdikdə Allah Rəsulu (s.ə.s) kimi bir insanın belə qəlbini təmiz tutmaq və inkişaf etdirmək üçün Allaha tam bir bağlılıqla təslim olduğunu görə bilirik. Belə olduğu halda bu anlayışda olan insanların həqiqətdən xəbərsiz olduqları və cahil cəsur olar fikrindən yola çıxaraq belələrinin cəhalət bataqlığında boğulduqları nəticəsi ortaya çıxır.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİR – CANLI YAYIM

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciət edir. Müraciət televiziya...

Bağla