ALLAH-TƏALA HARADADIR?

0

Allah-Təala varlıq aləmini yaradan, onların varlığını və hökmranlığını əlində tutandır (Mülk, 67/1). Göylərin ve yerin mülkü Onundur (Zümər, 39/44). Göylərdə və yerdə olan hər bir şey Ona məxsusdur (Yunis, 10/66). Odur ki, Uca Allahın yaradıb idarə etdiyi və sahib olduğu aləmdə bir yerdə olduğunu iddia etmək düzgün bir yanaşma deyil. Çünki bir yerdə, bir məkanda olmaq yaradılanlara məxsus bir xüsusiyyətdir. Uca Allah isə yaradılmış bir varlıq yox, Yaradıcıdır. Belə olan halda Ona bir yer, yaxud bir məkan nisbət etmək düzgün deyil. Qurani-Kərimin bəzi ayələrində olan “Uca Allah ərşə istiva etmişdir” (Taha, 20/5; Hədid, 57/4) və yaxud “Göydəkinin sizi yerlə bir etməyəcəyindən arxayın oldunuz?” (Mülk, 67/16) kimi ayələrdən yola çıxaraq, Uca Allahın göydə olduğunu iddia etmək əksər alimlər tərəfindən düzgün qəbul edilməmişdir. Çünki bu kimi ayələr və hədislər məcazi mənaya gəlir və Allah-Təalanın ucalığına, gücünə və qüdrətinə işarə edir. Bizim nəzərimizdə isə ucalığın ən zirvə nöqtəsi səma olduğu üçün Uca Allahın ucalığı da məhz bununla izah edilmişdir. Çünki Uca Allah başqa ayələrdə: “Ən uca və ən böyük olan da Odur!” (Bəqərə, 2/255) , “O, hər şeyə qadirdir”, (Hədid, 57/2) “Bilin ki, O, (elmi və qüdrəti ilə) hər şeyi əhatə edir, (Füssilət, 41/54) “Onun heç bir bənzəri yoxdur”, (Şura, 42/11) – deyə buyuraraq, Özünün mütləq mənada hökmranlığını, əzəmətini, gücünü, qüdrətini və misilsizliyini vurğulamışdır. Bundan əlavə, Uca Allah insanların Onun haqqında düşündükləri və Ona isnad etdikləri bəşəri təsəvvürlərin hər birindən uzaq olduğunu “Saffat” surəsinin 180-ci ayəsində belə vurğulayır: “Yenilməz qüvvət sahibi olan Rəbbin onların isnad etdikləri sifətlərdən tamamilə uzaqdır, pakdır!”

Odur ki, dini mətnlərdə qeyd edilən “Allah səmadadır” ifadəsi Uca Allaha bir yer və məkan müəyyən etmək məqsədi ilə yox, Onun ucalığını və hökmranlığını vurğulamaq məqsədini daşıyır. Çünki zaman və məkan məxluq, yəni yaradılmış bir məfhumdur. Başqa sözlə, “məkan” varlıq və əşyaların olduğu yerdir və bunların hamısı yaradılmışlardır. Uca Allah isə Yaradıcıdır. Belə olan təqdirdə Allah-Təala məxluqata xas olan xüsusiyyətlərdən münəzzəhdir (uzaqdır). Uca Allah təcəlla edən isim və sifətləri ilə hər yerdədir. Allah-Təalanın Zatına gəlincə isə, O, bütün idrak və təsəvvürlərin fövqündədir.

f.f.d Anar Qurbanov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AİHM, ÖVLADI XRİSTİAN AİLƏYƏ VERİLƏN MÜSƏLMAN ANAYA DƏSTƏK VERDİ

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM), Norveçdə övladı əlindən alınaraq xristian ailəyə övladlıq verilən müsəlman ananın şikayətinə baxıb. AİHM, bu addımla...

Bağla