ALLAH VƏ PEYĞƏMBƏRLƏ YAŞAMAQ

0

Hərdən, İslam dinini məqsədə uyuğun şəkildə anlamadığımızı və gözəlliklərini görməmək üçün gözlərimizi yumduğumuzu düşündükdə vicdan əzabı çəkirəm. 

 İslam dinin mükəmməlliyinə onu tanımaqla bələd olmaq mümkündür. Buna görə Allahı bilmək və Rəsulunu tanımaq labüddür. Dəfələrlə oxuduğumuz ayə və hədislərin mənalarını düşünməmişik və ya bir hadisə ilə qarşılaşdıqda anlamışıq. Bəlkə də fikrimizi dəstəkləmədiyi üçün anlamaq istəməmişik. Bu xəstəlikdən qurtulmaq və dini özümüzə görə deyil, nəfsimizi dinə görə tənzimləmək üçün nə etmək lazımdır?

İlk əvvəl Allahın insanlara verdiyi baha biçilməz dəyər olan ağıl və təfəkkür qabiliyyətimizi istifadə etməliyik. Quranda önəmini vurqulamaq üçün, düşünüb-təfəkkür etmək əllidən çox yerdə qeyd oluunub. Əgər bu xislətimizdən istifadə etməsək, Allahın kafirlərə xitabən söylədiyi “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!” (Bəqərə, 7) ayəsinə müxatəb olarıq. Ayədə kafirlərə xitab edilməsinə baxmayaraq, eşidib dinləmək, baxıb görmək istəməyən hər şəxsi əhatəsinə alır.   

İkinci növbədə Peyğəmbərlə bərabər yaşamağa səy göstərmək lazımdır. Çünki Allah sevmək Peyğəmbəri sevməklə mümkündür. Bu sonsuz sevgiyə Quran belə işarə edir “əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.”( Əli İmran 31)

Əziz oxucular! Aşağıda qeyd edəcəyimiz hədisləri təsirli şəkildə anlamaq üçün sizlərə bəzi suallar soruşmaq istəyirəm. Əgər bu suala real cavab verə bilərsək Peyğəmbərə ümmət olmaqdan qürur duyarıq. Anidən bir gün həzrət Peyğəmbər (s) sizə qonaq gələrsə nə edərdiniz? Utandığınızdan başınızı əyərdiniz yoxsa gözlərinin içinə baxardınız?. Masanızdakı qəzet, kitab və ya jurnalları toplayıb yerinə Quranı kərim və hədis kitablarını qoyardınız?. Namazı evinizdə yoxsa ki, məsciddə qılardınız? Olduğunuz kimi görünərdiz yoxsa ki, Peyğəmbərin arzu etdiyi müsəlman kimi görünməyə çalışardınız?  Bu suala üz qızarmadan cavab vermək üçün mənliyimizlə, dinimizlə qürur duymalıyıq. Və bu əsnada Peyğəmbər həyat prinsiblərimizdən razı qalmayaraq bəzi tövsiyələr verir bizə. Yəqin ki, bu düsdurları ömür boyu unudmarıq. Çünki bizi sevdiyinə inandığımız şəxsin ağzından eşidirik bu kəlmələri. Sevgilimizin istəklərini canla-başla yerinə yetidiyimiz halda, sevdiyini söylədiyimiz Peyğəmbərin istəklərini isə tərəddüdsüz yerinə yetirərik. Əgər seviriksə. Buyurun sizə bəzi tövsiyələr:

“İnsanlara qarşı mərhəmətli olmayana Allah da mərhəmət etməz.” (Buxari, Tövhid 2)

“Həqiqi pəhləvan hər zaman rəqibinə qalib gələn deyil, qəzəbləndiyi an nəfsinə hakim ola bilən şəxsdır.” (Buxari, Ədəb 102)

“İçkidən çəkinin. Çünki o, bütün pisliklərin anasıdır.” (Nəsəi, Əşribə 44)

“Hər şəxs dostunun dini üzərinədir. Odur ki, kiminlə dostluq etdiyinizə diqət edin.” (Əbu Davud, Ədəb 16)

“Müsəlmanın müsəlman qardaşı ilə üç gündən çox küsməsi halal deyil.” (Buxari, Ədəb 57.)

 “Dörd xüsusiyyət var ki, kimdə bu xüsusiyyətlər olarsa o şəxs xalis münafiqdir. Hər kimdə bunlardan biri varsa, onu tərk edənə qədər üzərində bir münafiqlik xüsusiyyəti daşıyır deməkdir.

Özünə bir şey əmanət ediləndə xəyanət edər.

Danışdığında yalan danışar.

Söz verəndə sözündə durmaz.     

Düşmanlıq edəndə mərtcə davranmaz”.(Buxari, İman 24)

“Kim başqalarının qüsurunu ifşa edərsə, Allah da onun qüsurlarını hərkəsə duyurar.” (Buxari, Riqaq 36.)

“Sənə şübhə verən şeyi tərk edərək şübhə verməyəni al!” (Buxari, Büyu 3)

“ Rüşvət alan da, verən də, vasitəçi olan da lənətlənmişdir.” (Tirmizi, Əhkam 9)

“ Sizdən heç biriniz öz nəfsi üçün istədiyini (mömin) qardaşı üçün də istəmədikcə (tam) iman etmiş olmaz.” (Buxari, İman 7)

“Cəmaatla qılınan namaz, tək başına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.” (Buxari, Əzan 30)

“Qəlbində Qurandan bir miqdar olmayan kimsə xarab ev kimidir”(Tirmizi, Fəzailul Quran 18)

“Qiyamət günü mənə insanların ən yaxını, mənə ən çox salavat gətirəndir.” (Tirmizi, Salat 357)

“Müsəlman, dilindən və əlindən müsəlmanların zərər görmədiyi kimsədir.” (Buxari, İman 5)

Bu hədislərdən əlavə Peyğəmbərimizdən minlərlə hədis bizlərə rəvayət edilmişdir. Əgər biz bunları görmürüksə və ya oxuyub əməl etmiriksə yuxarıda qeyd olunan ayəni bir az düşünmək lazımdır.

Xəyali qonağınız olan Peyğəmbərin tövsiyələrini oxuduqda sizə müsbət mənada təsir etdiysə, hər zaman yanımızda olan və bizə şah damarımızdan daha yaxın olan Allahı düşünün. Hər gün, O görə-görə utanmadan çəkinmədən nə qədər qüsur edirik.

Gəlin Allaha qul olaraq, Peyğəmbərə də ümmət olaraq həyatdakı məqsədimizi anlamlı qılaq.

Ey uca Allah! Bizləri gözləri olub görməməkdən, qulaqları olub eşitməməkdən qoru.

Bizi gülün ətrindən məhrum etmə.

Bizə sənin və həbibinin yolundan bir an belə ayırma….

Rüfət Şirinov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Alimlər: Fəlakət qaçılmazdır

Çinli alimlər planetin quraqlığa meyilli regionlarının adlarını açıqlayıblar. Təyin olunmuş limitlərin aşılması nəticəsində Yer kürəsinin bütün ərazilərdə suyun əldə olunması...

Bağla