İnsan ağlına belə bir sual gələ bilər; Allahdan qorxmaq düzgünmü? Yəni insanın Allahı sevməsi ona bəs etmirmi? Bu suala doğru cavab vermək üçün Quran və Sünnəyə baxmaq kifayətdir. Quranda “qorxmaq” “çəkinmək” kimi mənalara gələn bir neçə kəlmə var. Ali İmran surəsi 175-ci ayədə belə buyrulur; “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”. Bu ayədə “məndən qorxun” deyə tərcümə etdiyimiz “خَافُونِ” kəlməsi həm dünyəvi, həm də axirət mənasındakı qorxunu ifadə edir. Maidə surəsi 28-ci ayədə (Habilin dilindən) belə buyrulur “اِنّٖٓي اَخَافُ اللّٰهَ رَبَّ الْعَالَمٖينَ”; yəni “Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram”. Ərəbcə “خوف” mənasında “qorxmaq” Quranda 124 yerdə keçir. Bu kəlmələrdən bəziləri “Allahdan qorxmaq”, bəziləri isə başqa şeylərdən qorxmaq mənasında işlənir. Amma onlarla ayədə bu kəlmə “Allahdan qorxmaq”, “axirətdən qorxmaq” və s. mənalarına gəlir. Fatir surəsi 28-ci ayədə Rəbbimiz belə buyurur; “Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.” Bu ayədə “يَخْشَى ٱللَّهَ” “Allahdan qorxarlar” (xaşiyə-خشي) kəlməsi istifadə edilir. Bu “qorxmaq” kəlməsi (xaşiyə-خشي) Quranda bir çox yerdə (Qaf 33, Ənbiya 28) xalis möminlərin vəsifləri kimi işlədilir. Quranda “təqva”-“تقوى” kəlməsinin (və bu kəlmədən əmələ gələn kəlmələrin) keçdiyi 285 ayədə əsas vurğulanan nöqtələr; “Allahın qadağan etdiklərinə riayət”, “Allahın əmrlərinə itaət”, “dini həssasiyyətlərə hörmət” kimi məsələlərdir. “Təqva” kəlməsi sevgi və qorxudan doğan “hörmət” mənasını ifadə edir. Bu o deməkdir ki, “təqva” kəlməsi eyni zamanda “qorxu” mənasını da ehatə edir. Quranda iki ayədə (Ali İmran 28 və 30) “Allah sizi Özündən çəkindirir” – “ وَيُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهُؕ” buyrulur. Bir nəsnədən çəkinmək o nəsnədən qorxmaqla mümkündür. Qorxmayan insan heç vaxt çəkinməz. Deməli, Allahdan çəkinmək Allahdan qorxmaqla mümkündür. Belə bir sual ağla gələ bilər; “Mən Allahı o qədər səvirəm ki, ondan qorxmağıma ehtiyacım yoxdur”. Bu doğru bir anlayış olsa idi, ilk əvvəl peyğəmbərlər belə edərdi. Amma bunun tam əksini görürük onların həyatında. Quranda bir neçə ayədə (Zümər 13, Ali İmran 15) “De: “Həqiqətən, əgər Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxuram” buyrulur. Bu ayədə “إِنِّي أَخَافُ”, yəni qorxuram sözü istifadə edilir. Bu o deməkdir ki, peyğəmbərlər də Allahın əzabından qorxurlar. O halda bütün möminlər Allahın əzabından qorxmalıdır. Allahdan qorxmağın əsası isə onun dininə sarılmaqla əldə edilir.
Rəşad Manafov