ALLAHIM! RƏCƏB AYINI BİZİM ÜÇÜN MÜBARƏK EYLƏ!

0

Rəcəb ayı Zülqadə, Zülhiccə və Məhərrəm ayları kimi haram aydır. Yəni Allaha və Onun əmrlərinə qarşı hörmət və təzim ayıdır. Bu aylarda ərəblər arasında savaşlar dayanar, karvanlar qarət edilməz, insanlar bir-birləri ilə döyüşməzdilər. Uca Allah bu barədə Qurani-Kərimdə belə buyurur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Allah bunu göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin“. (Tövbə, 9/36).

Rəcəb ayında hər hansı xüsusi bir ibadətin olub-olmaması haqqında əsas hədis mənbələrində məlumata rast gəlmirik. Lakin bəzi hədis mənbələrində haram aylarda oruc tutmağa işarə edilmişdir. Belə ki, Rəsulullahdan (s.ə.s) ayrıldıqdan sonra bütün ili oruc tutan Bahili adında bir səhabə bir il sonra Həzrət Peyğəmbərin (s.ə.s) yanına gəlincə Rəsulullah (s.ə.s) onu tanımamış və həmin səhabə özünü tanıtdıqdan sonra bir il boyunca oruc tutduğunu söyləmişdir. Bundan sonra Rəsulullah (s.ə.s) ona səbir ayı olan Ramazanda oruc tutmasını bildirmiş lakin o daha çox tutmaq istədiyini deyincə Allah Rəsulu (s.ə.s) hər aydan bir, iki və ya üç gün oruc tutmasını söyləmişdir. O daha çox oruc tuta biləcəyini söyləyincə Rəsulullah (s.ə.s) üç barmağını büküb açaraq üç dəfə belə buyurmuşdur: “Haram aylardan bu qədər (üç gün) tut və tərk et!” (Əbu Davud, Savm, 54). Hədisdən görüldüyü kimi Allah Rəsulu (s.ə.s) haram aylarda oruc tutmağı tövsiyə etmiş lakin üç gün oruc tutduqdan sonra fasilə verdikdən sonra yenə üç gün oruc tutula biləcəyini buyurmuşdur. Rəcəb ayı da haram aylardan olduğuna görə bu ayda oruc tutmaq istəyən kimsə qeyd olunan bu hədisə əsasən fasilələrlə üç gün, üç gün oruc tuta bilər.

Rəcəb ayı haqqında bir çox zəif və uydurma hədislər də nəql olunmuşdur. Bunlardan bir neçəsi belədir: “Rəcəb Allahın, Şaban mənim, Ramazan ayı isə ümmətimin ayıdır“. (Əliyyül-Qari, “əl-Əsrarul-mərfuə”, s. 460).

“Kim Rəcəb ayında inanaraq və bağışlanacağını ümid edərək oruc tutarsa, Allahın böyük rizasını qazanar və Uca Allah onu Firdövsi-Əlaya (Cənnətə) yerləşdirər”. (İbnül-Cövzi, “əl-Mövzuat”, II, 205).

Bəzi hədis mənbələrində Rəsulullahın (s.ə.s) Rəcəb ayı girincə etdiyi bir duası yer alır. Bu duasında Allah Rəsulu (s.ə.s): “Allahım! Rəcəbi və Şabanı bizim üçün mübarək et və bizi Ramazana qovuşdur“, – deyərək dua etmişdir. (Əhməd ibn Hənbəl, “Müsnəd”, I, 259). Allah Rəsulu (s.ə.s) bu duasında Ramazan ayına qovuşmaq üçün keçirdiyi həyəcanı dilə gətirmişdir. Çünki ildə bir aylıq ibadət mövsümünə qovuşmaq Rəsulullah (s.ə.s) üçün böyük əhəmiyyətə malik idi. Belə ki, Ramazan ayı İslamın bütün əsaslarını özündə cəm edən bir aydır. Bu səbəblə də Rəcəb ayından etibarən Allah Rəsulunun (s.ə.s) Ramazana qovuşma həyəcanı ilə ibadətlərini daha da çoxaltdığını söyləmək mümkündür. Belə ki, Həzrət Aişənin (r.anha) nəql etdiyi kimi Allah Rəsulu (s.ə.s) Ramazan ayından sonra ən çox Şaban ayında oruc tutarmış. Allah Rəsulunun bu tətbiqatı Ramazan ayını cismən və ruhən hazır olaraq qarşılamaq kimi izah oluna bilər. 

Rəcəb ayı eyni zamanda Rəsulullahın (s.ə.s) Meraca getdiyi bir aydır. Əksər İslam alimlərinin fikrinə görə Rəsulullah (s.ə.s) Rəcəb ayının 27-si Meraca yüksəlmiş və möminlərin meracı sayılan beş vaxt namaz İslam ümmətinə fərz buyurulmuşdur.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALİMLƏR ÖLÜMDƏN SONRAKI HƏYATIN VARLIĞINI SÜBUT ETDILƏR

ABŞ-dan olan tədqiqatçılar bədənin fizioloji ölümündən sonra ruhun varlığını istisna etmirlər. Belə bir nəticəyə kvant fizikası sahəsində fəaliyyət göstərən mütəxəssislər...

Bağla