Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu günlərdə xalqımız öz tarixinin ən möhtəşəm həyəcanını və qürurunu – Zəfər yolunun başlanğıcı sayılan 27 sentyabr – Anım Gününü qeyd edib. 44 gün davam edən savaş düşmənin tam təslim olması ilə Azərbaycan Ordusunun şanlı Zəfəri kimi tarixə yazıldı. Noyabrın 8-də Ermənistanın 30 illik işğalçılıq siyasətinə son nöqtə qoyuldu. Azərbaycan öz əzəli torpaqlarında ulu öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi” adlandırdığı üçrəngli bayrağını ucaltdı. Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə yazılan Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu 44 gün ərzində onun əzmi, qətiyyəti, mərdliyi, cəsarəti hər kəsə – Ordumuzun əsgərlərinə, xalqımızın övladlarına, dinindən və dilindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı, Azərbaycanın dostlarına da, düşmənlərinə də siyasi Liderimizin qüdrətini, dəmir yumruq kimi birləşən xalq-dövlət birliyini nümayiş etdirdi. Bu mübarək günləri xalqımıza, bütün dindarlara yaşatdığı üçün Uca Yaradana şükr-səna edirik, çünki “Qurani-Kərim”də buyurulan ayeyi-şərif bizlərə nəsib oldu. Bizim üçün çox çətin və məsuliyyətli bir tarixi dönəmdə göstərilən qardaş sevgisi, uzadılan dost əli və arxalandığımız xalq dəstəyinə görə xüsusilə Türkiyə dövlətinə, haqq işimizi müdafiə edən qardaş və dost ölkələrə, bütün tərəqqipərvər ictimaiyyətə minnətdarlığımızı bildiririk. Bizi 27 Sentyabra aparan səbəblərin nə qədər ciddi həqiqətlər olduğunu dünya ictimaiyyəti yaxşı bilir. Otuz ildən çox müddətdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı, Xocalı şəhərində mülki əhalinin qətliamı, milyondan çox soydaşımızın məcburi köçkün həyatı, zəbt olunmuş ərazilərimizdə məscid və qəbiristanlıqların məhv edilməsi və sırası bitməyən erməni terror təxribatları sonunda layiqli cavabını almalı idi. Qarabağ bölgəsindəki yarıdağılmış məscidlərdə haram buyurulan heyvanların saxlanılması, qəbirlərdən cəsədlərin sümüklərinin oğurlanması, viran qalmış evlər, yandırılmış meşələr, minalanmış ərazilər – erməni vandalizmini sözlə ifadə etmək yetməz, bunu biz Ağdama və Şuşaya səfərlərimiz zamanı görmüşük. Üstəlik, Ermənistan silahlı qüvvələri qadağan olunmuş silah və bombalarla təmas xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Xızı şəhərlərini atəşə tutur, yüzlərlə günahsız insanın, uşaq, qadın və qocaların ölümünə səbəb olur, mülki məntəqələrə zərbələr endirirdi. Bu cinayətlərinə görə Allahın izni ilə 27 sentyabrdan başlanan və 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan Ordusunun şanlı Zəfəri kimi tarixə yazılmalı idi. Müxtəlif xalqlara mənsub olan Azərbaycan vətəndaşları – ruslar, yəhudilər və digər xalqların nümayəndələri Allah yolunda, Vətənin azadlığı uğrunda canlarını fəda etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu gün bizim bura cəm olmağımızın da əsas səbəbi Vətən uğrunda şəhid olanlarımızı rəhmət duaları ilə yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-Təaladan şəfaət və səadət diləməkdir.
QMİ sədri qeyd edib ki, bu günlər həm də İslam tarixində şəhidlik məktəbinin ali nümayəndəsi İmam Hüseyn əleyhissalamın vəfatının, Kərbəla şəhidlərinin Ərbəin təziyələri günləridir. Şəhidlərimizin anım günlərinin belə bir tarixə təsadüf etməsinin özündə də bir hikmət vardır. Bizim əqidəmizə görə, şəhidlik məqamına ucalan şəxslər həm Allahın razılığını, həm də Rəsullulahın (s) məhəbbətini qazanan bəxtiyar insanlardır, çünki şəhadətləri ilə Haqqın zəfərinə, mənəvi qələbəyə nail olublar. Şəhadət Azərbaycanın milli azadlıq tarixinin əsasını təşkil edir. Şəhidlik məqamının ucalığını yaxşı dərk edən Azərbaycan dövləti şəhidlərə hər zaman böyük dəyər verir. Prezident İlham Əliyevin şəhidlərə yüksək fəxri adlar verməsi, həmçinin Prezidentimizin silahdaşı, siyasi və ictimai xadim, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə, yaralı hərbçilərə maddi-mənəvi dəstəyi, sosial yardım proqramlarına rəhbərliyi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır. Dövlətimizin başçısının bu günlərdə təməlini qoyduğu möhtəşəm Vətən müharibəsi Memorial kompleksi və Zəfər muzeyi qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə layiqli töhfə və dəyərli abidədir.
Qeyd etmək istərdim ki, Birinci və İkinci Qarabağ savaşlarında Qafqaz Müsəlmanları İdarəsinin din xadimləri, qazıları, imamları, hətta sıravi işçiləri də iştirak ediblər. Şəhidlik məqamına yüksələnlər sırasında çoxlu sayda dindarlarımız, Quran hafizlərimiz, İslam kolleclərinin tələbələri vardır. Bu müddətdə din xadimlərimiz müharibənin ən yaralı, ən ağır işlərini – şəhidlərin dəfn xidmətini ləyaqətlə yerinə yetiriblər, şəhid ailələrinə mənəvi dəstək olublar və mən bu əvəzedilməz zəhmətlərinə görə onlara Allahdan əcr diləyirəm.
“Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərə, səlahiyyətli nümayəndələrinə, qazı və imamlara müvafiq tapşırıqlarını verir. 8 Noyabr – Zəfər gününədək ölkəmizin bütün məscidlərində əziz şəhidlərimizin xatirəsi yüksək ehtiramla yad edilməli, mübarək ruhları anılmalı, Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə tezliklə şəfaət dilənməlidir. Bu dövr ərzində 44 günlük Vətən müharibəmizdə Müzəffər Ali Baş Komandanımızın qalib siyasi iradəsi, mahir sərkərdəliyi ilə, xalq-dövlət, xalq-ordu birliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimizin qazandığı misilsiz Zəfər, tarixi Qələbə, qəhrəman şəhidlərimizin igidliyi, cəsur əsgər və zabitlərimizin yenilməz əzmi təbliğ edilməli və gənc nəslə örnək olaraq təşviq olunmalıdır, vətənpərvərlik, Vətən sevgisi, müqəddəs Vətən torpağına bağlılıq mövzusunda xütbələr oxunmalı, moizələr edilməlidir. Şəhidliyə yüksəlmiş Vətən övladlarının unudulmaz xatirələri onların uca məqamına layiqli şəkildə yad edilməli, şəhid ailələri diqqət və qayğı ilə əhatə olunmalıdır.
Bu gün biz gələcəyə böyük inam və ümidlə baxırıq. Bu ruh yüksəkliyinin əsas mənbəyi dövlətimizin başçısı İlham Əliyevin tutduğu prinsipial və qətiyyətli mövqedir. Məhz bu mövqe nəticəsində ordumuz işğala son qoymuş və düşmən qarşısında misilsiz üstünlük əldə edib. Qələbə daim dindarlarımızın dualarında olmuşdur. Bu Qələbəni bizə bəxş edən şərafətli şəhidlərimizin anaları başlarını dik tutsunlar, biz onların Allahın cənnətinə, Peyğəmbərin məqamına yüksələn övladları ilə daim fəxr edirik, qürur duyuruq. Çünki Kitabımızda buyurulduğu kimi, “Allah yolunda şəhid olanları əsla ölü zənn etməyin! Əksinə, onlar diridirlər və onlara Rəbbinin cənnət ruzilərindən əta olunur” (Ali-İmran, 169). Allah Azərbaycanımızı qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun”, – deyə şeyxülislam Allahşükür Paşazadə qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev deyib ki, 44 günlük Vətən müharibəsində böyük Qələbə qazanmışıq. Lakin düşmən yenə də susmur, azad etdiyimiz torpaqları “öz ərazilərinin işğalı kimi” qələmə verməyə çalışırlar. Buna görə, biz bu məsələni daim diqqətdə saxlamalı, bu sahədə də öz mübarizəmizi davam etdirməliyik. Beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini çatdırmalıyıq.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, ermənilər bütün dünyaya Azərbaycanla bağlı yalan məlumatlar yaymağa çalışırdılar. Biz 44 günlük mübarizədə təkcə torpaqlarımızı azad etmədik. Biz, eyni zamanda, bütün dünyaya göstərdik ki, döyüşkən xalq necə olur. Biz bütün dünyaya sübut etdik ki, Vətənimiz üçün canımızdan da keçməyi bacarırıq. Ermənilər bütün dünyaya bizim imanlı xalq olmadığımızla bağlı yanlış məlumatlar yaymağa çalışırdılar. Lakin 44 günlük mübarizədə çox sayda dindarımız şəhid ailələri ilə birgə oldular, onların dərdinə şərik çıxdılar. Onlar bu mübarizədə təkcə dindar olmadılar, həmçinin Vətən övladı oldular. Din xadimlərimiz necə ki, daim dövlətimizin yanında olublar, əminəm ki, bu, bundan sonra da davam edəcək.
Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və digər çıxış edənlər şəhidliyin ən uca zirvə olduğunu bildiriblər. Qeyd edilib ki, belə ucalığa yüksələn, bu şərəfli adı daşıyanların xatirəsi daim yaşayıb, yaşayır və nəsillər dəyişdikcə də yaşayacaq. Vətənimizin müstəqilliyi, işğal altında olan torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Azərbaycan xalqı Qəhrəman xalqdır. Bunu 44 günlük Vətən müharibəsi bir daha sübut etdi. Şəhidlər ölməz, unudulmazlar. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ürəklərdə daim yaşayırlar.