“Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ölkədə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: “Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Bu bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır”.
O qeyd edib ki, Azərbaycan artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib.
A.Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir: “Müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə- məscidlərlə yanaşı xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir”.
“Təəssüf ki, hazırda dünyada humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar gündəmdədir. 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işğal olunmuş, bir milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. Konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı — milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır”, – Şeyxülislam bildirib.