Almaniyada hicablı qadın bir neçə polisin zorakılığına məruz qalıb.
İHA-nın xəbərinə görə, hadisə Şimal-Ren Vestfalya əyalətinin Vuppertal şəhərində baş verib.
Diş həkimindən körpəsi ilə birlikdə çıxan hicablı qadın tibbi maska taxmadığı üçün bir anda polislərin hücumuna məruz qalıb. Bu vaxt polis qadını yerə yıxaraq qollarına qandal taxıb. Bu vaxt zərərçəkmişin arabada olan körpəsi ağlamağa başlayıb və polis onu da eşitməməzliyə vurub.
Ölkə vətəndaşlarından birinin baş verənləri telefonla qeyd etməsi isə polisləri özündən çıxarıb. Polislərdən biri çəkilişin qarşısını almağa çalışsa da tərəflər arasında mübahisə baş verib.
“Mən nə etdiyimi bilirəm. Telefon mənim telefonumdur. Mənə müdaxilə edə bilməzsiniz. İstəyirsinizsə sizə vəkilimin nömrəsini verim…” – deyə telefonun sahibi etirazını bildirib.
Ətrafdakı insanların etirazlarının çoxalması ilə polis qandalları açaraq qadını sərbəst buraxıb. Qadın isə şikayət edəcəyini bildirib.
Qeyd edək ki, son illərdə alman polisinin irqçi və aqressiv hərəkətləri ölkədə xüsusilə miqrantları narahat etməkdədir.