Artıq neçə gündür ki, yaşayıram.
“Anamın bətnində oturmuşam, bir neçə aydan sonra doğulacağam. Anam məni sevir, qayğımı çəkir. Tez-tez həzin musiqiyə qulaq asır və mən də onunla birlikdə həzz alır, çox vaxt da elə musiqi dinləyərək yuxuya gedirəm.
Bilirsinizmi, mən doğulanda dünyanın ən bəxtəvər ailəsi olacağıq – axı mən onları çox, lap çox sevirəm! Anam vaxtının çox hissəsini evdə keçirir. Axşam atam işdən gəlir, yemək yeyir, dincəlir və yatmağa gedir. Atam elə həlim, gözəldir ki! Doğulmağa tələsirəm – hər axşam atamı qucaqlayar, öpər, sonra da onunla oynayardım. Əla olardı, hə!
Hər gün böyüyürəm. Əllərim, ayaqlarım var artıq. Hər şeyi görür, hiss edirəm. Atamla anam yəqin ki, bunu hələ bilmirlər.
Bir az böyümüşəm… Amma nəyisə özüm etmək üçün hələ çox kiçiyəm. Anam mənimçün əlindən gələni edir və ən gülməlisi də budur ki, məni burada, düz ürəyinin altında gəzdirdiyindən xəbərsizdir.
Bu gün ilk dəfə ağrıdım…
Və nədənsə sol qolumda sancı yarandı. Bəlkə ona görə ki, anam əsəbləşmiş, ağlamışdı. O, qəflətən kreslodan qalxıb, otaqda ora-bura gəzişməyə başladı, amma gözlərindən yaş axmağa davam edirdi. Yemək istəyirdim, acmışdım – deyəsən, anam məni yaddan çıxarmışdı. Qəribədir, əvvəllər o, heç zaman belə etməzdi. Eyb etməz, dözərəm. Təki anama yaxşı olsun və o, küsdüyü atamla barışsın.
Bu axşam atam işdən qayıtmadı, anam yenə ağladı. Biçarə anam – yata bilmir, ağlayır. Onun bətnindən çıxmaq, anamı qucaqlamaq, öpmək, sakitləşdirmək istəyirəm.
Hər şey daha da pisləşir… Atam isə bizə baş çəkmir. Bəlkə bizi artıq sevmir və artıq ona gərək deyilik?! Bəlkə bizi unudub? Yox, ola bilməz! Anamla dalaşana qədər bizi sevirdi axı… Nə olub, nə baş verib – bilmirəm. Bütün günü ağlayıram.
Günorta nənəm gəldi. Anamla nədənsə danışdılar, sonra da mübahisə etdilər. Əvvəlcə sakitcə danışırdılar. Amma anam bir söz deyəndən sonra nənəm ağlamağa başladı. Heç nə anlamıram – axı anam nə dedi ki?! Hə, yadıma düşdü. “Abort etməliyəm, başqa yolum yoxdu”, – söylədi sevimli anam. “Abort”… Bu nə deməkdi görəsən?
Bu səhər anam yuxudan oyanan kimi geyindi və evdən çıxdı. Gedir və ağlayırdı. Anam hansısa binaya yaxınlaşdı və dua etdi. Binanın içində çoxlu adam vardı.
“Allahım, bağışla məni! Bağışla, bunu etmək istəmirəm – amma məcburam. Yalvarıram sənə, məni bağışla!” – dedi anam.
Qəribədir, anam nəyə görə bağışlanmasını istəyirdi? Bəlkə məni qidalandırmadığına görə ağlayır? Bəlkə atamdan bağışlanmasını istəyir, atamın yanına qayıtmaq fikrindədi? Doğrudanmı hər şey yenə yaxşı olacaq?
Nəhayət, harasa çatdıq. Anam binaya girdi və başlarında gülməli papaq olan ağ paltarlı adamlar anamın yanında təlaşla ora-bura getməyə başladılar. Nədənsə ürəyim sıxılır, başım ağrıyır…
Ağ paltarlı adamlar anamı və məni “əməliyyat masası” dedikləri qəribə çarpayıya uzadır, qapını bağlayır və nəyəsə hazırlıq görməyə başlayırlar.
Tanrım, onlar bu eybəcər və qorxunc alətlərlə nə etmək istəyirlər?
Bəlkə dəcəlliyimə görə anam məni qorxutmaq istəyir?
Etmə, ana – onsuz da qorxmuşam. Söz verirəm, dünyanın ən ağıllı, sakit və sözəbaxan qızı olacağam bundan sonra.
Ana! Bu ağ paltarlı adamları qoyma mənə toxunsunlar. Onlardan qorxuram, ana…
O adamlardan biri qəflətən iynəni götürür və anama nəsə vurur. Bir neçə dəqiqə sonra anam yuxuya gedir. Amma mən yatmıram.. Hər şeyi görür, hər şeyi hiss edirəm.
Tanrım, niyə bədənim uçunur, niyə belə qorxuram, balaca qəlbim sıxılır, gözlərimdən yaş axır?
Bu insanlar nə etmək istəyirlər, Axı anam mənə pislik etmələrinə yol verməz. Axı anam məni sevir…
Ana, haradasan, ana?! Ayıl, bax – onlar qızını kəsmək istəyirlər, ana!
Yalvarıram, toxunmayın mənə. Qıymayın…
Axı günahım nədir ki, mənə belə ağrı verirsiniz?! Gücüm azalır, duyuram ki, həyat canımdan çıxır yavaş-yavaş. Bir dəmir alət nazik boynumdan yapışıb dartır. Müqavimətə və ağlamağa gücüm qalmayıb. Onsuz da məni kimsə eşitmir. Boğuluram, bədənimdən qan sel kimi axır. Ağ paltarlı adamlar məni öldürdülər.
Onlar soyuqqanlılıqla mənə baxıb otağın küncündəki zibil qutusuna atırlar.
Ana, sən az sonra ayılacaqsan – başqa otaqda. Evə gedəcəksən, hər şey əvvəlki kimi olacaq. Amma mən heç zaman doğulmayacaq və böyuməyəcəyəm. Həmişəlik olaraq burada, zibil qutusunda qalacağam.
Ana, səni heç vaxt qucaqlaya bilməyəcəyəm. Öpə bilməyəcəyəm. Oxşaya da bilməyəcəm. Ana, ilk addımları görməyəcək, dediyim ilk sözü eşitməyəcəksən. Və heç zaman bilməyəcəksən ki, səni necə sevmişəm.
Anam məni öldürdü. Adımı, özümü, kimliyimi, arzularımı bilmədən…
Mətanət Kərimova