APREL QƏLƏBƏSİNİN İLDÖNÜMÜDÜR

0

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində cəbhədə işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin dördüncü ildönümüdür.

2016-cı il, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.

Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Aprelin 2-dən 5-dək davam edən döyüşlər zamanı Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabitləri-polkovnik və generallar məhv edilib.

4 günlük döyüşlərdə Azərbaycan Ordusu 2000 hektar ərazisini işğaldan azad edib. Azərbaycan Silahlı Qüvvələrinin düşməndən təmizlədiyi strateji yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür.

Ermənilər aprelin əvvəllərində cəbhədə baş vermiş döyüşlərdə 100-dək hərbçi itirdiklərini açıqlasalar da, düşmən tərəfindən real ölü sayının 300-dən, yaralı sayının isə 500-dən çox olduğu barədə məlumatlar var. Döyüş toqquşmalarında Azərbaycan Ordusu da itki verib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüş qarşıdurması zamanı erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri, ləvazimatlar, düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KARANTİNDƏ OLAN RONALDO QURAN OXUMAĞA BAŞLADI

Dünya futbol ulduzu, Yuventusun oyunçusu və Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo karantin rejimində Quran oxumağa başlayıb. Bu barədə ulduz futbolçu...

Bağla