Myanmarda arakanlı müsəlmanların məruz qaldığı kütləvi qətliamlar ABŞ tərəfindən soyqırımı kimi qəbul edilib.
Bu barədə ABŞ-ın Dövlət Katibi Entoni Blinken, Vaşinqton şəhərindəki “Holokost” muzeyində açıqlama verib.
ABŞ-ın indiyə qədər Holokost da daxil 7 hadisəni soyqırımı kimi qəbul etdiyini xatırladan Blinken, Myanmar ordusunun arakanlılara qarşı işlədiyi bəşəri cinayətləri 8-ci soyqırımı kimi tanıdıqlarını bildirib.
Dövlət katibi bu qərarı, beynəlxalq təşkilatların, QHT-lərin sənəd və dəyərləndirmələri ilə yanaşı ABŞ Dövlət Departamentinin hazırladığı ətraflı və qanuni analizlərlə qəbul etdiklərini deyib.
Myanmar ordusunun arakanlı müsəlmanlara qarşı iri həcmli və sistemli cinayətlər törətdiyi qeyd edən Blinken, bölgə sakinlərinin kəndlərin yandırılması, kütləvi qətliamlar, təcavüzlər və digər dəhşətli cinayətlərə məruz qaldıqlarını deyib.
Dövlət katibi çıxışında ABŞ rəhbərliyinin, rəsmi Pekinin Uyğur Türklərinə qarşı hərəkətlərini də soyqırımı kimi qəbul etdiyini xatırladıb.
Myanmar ordusunun müxtəlif tarixlərdə törətdiyi qətliam və məcburi deportasiya siyasəti barədə nümunələr göstərən Blinken, bütün bunların etibarlı mənbələr tərəfindən qeyd edildiyini və verdikləri qərarın arxasında olduqlarını açıqlayıb.
2021-ci ildə Myanmarda baş verən hərbi dövlət çevrilişini xatırladan Blinken, həm soyqırımı törədənlərin, həm də dövlət çevrilişi edənlərin cavab verəcəklərini vurğulayıb.
Xatırladaq ki, Myanmarın Arakan əyalətində 2012-ci ildə müsəlmanlarla buddistlər arasında iğtişaşlar başlamış, hadisələr nəticəsində əksəriyyəti müsəlman olan minlərlə insan ölmüşdü.