Peyğəmbərimizin (ﷺ) həyatda ikən cənnətlə müjdələdiyi on səhabəyə Aşərəi-Mübəşşərə deyilir.
Aşərəi-Mübəşşərə qaynaq əsərlərdə “əl-aşərətul-mübəşşərə”, “əl-mübəşşirun bil-cənnə”, “əl-aşərətül məşhudu ləhum bil-cənnə” kimi sözlərlə də ifadə edilib.
Aşərəi-Mübəşşərə bunlardır:
- Həzrəti Əbu Bəkr (ra)
- Həzrəti Ömər (ra)
- Həzrəti Osman (ra)
- Həzrəti Əli (ra)
- Həzrəti Talha bin Ubeydullah (ra)
- Həzrəti Zübeyr bin Avvam (ra)
- Həzrəti Abdurrahman bin Avf (ra)
- Həzrəti Sad bin əbi Vaqqas (ra)
- Həzrəti Əbu Ubeydə ibni Cərrah (ra)
- Həzrəti Said ibni Zeyd (Radiyallahu anhum əcmain)
Səhabələrdən Said b. Zeydin (ra) bir rəvayətində bu on nəfərdən Əbu Ubeydə bin Cərrahın (ra) əvəzinə Abdullah ibni Məsudun (ra) adı çəkilmişdir. (İbn Abdülber, II, 318). Zəhəbi də Abîdə əs-Səlmânidən oxşar rəvayət qeyd etmişdir. (Marifətül-qurrâ, I, 34).
Hədislərdə cənnətlik olduqları cəm şəkildə xəbər verilənlərin xaricində Həzrəti Xədicə (ra), Həzrəti Abdullah b. Ömər (ra), Abdullah b. Səlam (ra) kimi fərdi olaraq da cənnətlə müjdələnənlər var.
Aşərəi-Mübəşşərənin bəzi ortaq xüsusiyyətləri vardır:
Onlar hamısı ilk müsəlmanlardandır və bu on səhabə Peyğəmbərə (ﷺ) və İslam dininə çox yardım etmişdirlər.
Hamısı Qüreyş qəbiləsindəndir və nəsilləri Həzrəti Peyğəmbərin (ﷺ) nəsli ilə birləşir. Bu səbəblə də “Aşərəi-Mübəşşərə” ifadəsini “Qüreyşdən olan cənnətlə müjdələnmiş on nəfər” kimi başa düşmək daha doğru olacaqdır. Misal üçün rəvayətlərdə “Aşərətun min Qüreyşin fil-cənnə” ifadəsinə rast gəlmək mümkündür.
Onlar Bədir döyüşündə və Rıdvan beyətində iştirak etmişdir. Həzrəti Osman (ra) Rıdvan beyətində olmadığı üçün Həzrəti Peyğəmbər (ﷺ) şəxsən bir əlini o biri əli ilə birləşdirərək onun yerinə beyət etmişdir.
Onların Allahı və Rasulunu sevdikləri şəxsən Peyğəmbər (ﷺ) tərəfindən açıqlanmışdır.
Allah yolunda qohumları ilə döyüşməkdən çəkinməmişdirlər. Necə ki, Mücadilə surəsinin 22-ci ayəsinin Aşərəi-Mübəşşərənin də daxil olduğu səhabələr barədə nazil olduğu rəvayət edilmişdir:
“Allaha və axirət gününə inananların – ataları, oğulları, qardaşları, yaxud yaxın qohumları olsa belə – Allaha və Peyğəmbərinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.”