Hicrətin 6-cı ili idi. Həzrət Peyğəmbər səhabələri ilə Məkkəyə doğru yola çıxmış, ancaq müşriklərin mane olması səbəbilə Məkkə yaxınlığındakı Hüdeybiyyə adlanan yerdə dayanmaq məcburiyyətində qalmışdılar. Həmin yerdə müsəlmanlarla müşriklər arasında bir növ atəşkəs elan edilmiş və 10 illik sülh müqaviləsi bağlanmışdı. Müqaviləyə əsasən həmin il müsəlmanlar Məkkəyə girə bilmədən Mədinəyə geri qayıtmalı olmuş və onlar buna görə çox kədərlənmişdilər. Lakin bu atəşkəs müqaviləsi müsəlmanlar üçün bir fürsətə çevrilmiş və bundan 2 il sonra onlar Məkkəni fəth etməyə nail olmuşdular. Buna görə də Uca Allah Hüdeybiyyədən Mədinəyə dönüş yolunda إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا “Həqiqətən, Biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik!”[1] ayəsini nazil edərək gələcəkdəki Məkkə fəthini müjdələmişdi. Yəni, müsəlmanların öz əleyhlərinə olduğunu düşündükləri atəşkəsi Uca Allah onlar üçün bir fürsətə çevirəcək və onları zəfərə nail edəcəkdi. Necə ki, Allah-Təala Qurani-Kərimin başqa bir ayəsində: “Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur”,[2] – buyuraraq xəbər verir ki, bəzən bizim zahirən şər kimi gördüyümüz işlər xeyrimizə ola bilər.
Qurani-Kərimin ayələri ümumbəşər prinsipləri ehtiva edib hər bir dövrdə müsəlmanlara doğru yolu göstərir. Bir də yuxarıdakı ayələri və onların nazil olma səbəblərini yaşadığımız coğrafiyada günümüzün şərtlərinə görə mülahizə etdikdə hadisələr arasında müəyyən paralelliklər olduğunu görürük. Bildiyimiz kimi, bundan təqribən 30 il əvvəl Azərbaycan torpaqlarının 20 faizi erməni işğalçıları tərəfindən zəbt edildi və zərurətdən atəşkəs müqaviləsi bağlandı. Bir çoxları bu müqavilənin əleyhimizə olduğunu düşündülər. Ancaq bu müddət ərzində dövlətimiz iqtisadi və hərbi cəhətdən inkişaf edərək böyük məsafə qət etmişdir. Bu gün isə torpaqlarımız düşməndən azad edilməkdə və yenidən fəth edilməkdədir. Nəticə etibarilə, belə demək mümkünsə, keçən əsrdə bağlanan “hüdeybiyyə müqaviləsi”ndən sonra Allah bizə Qarabağın fəthini bəxş edir.
f.f.d. Ələddin Sultanov
[1] Fəth, 48/1.
[2] Nisa, 4/19.