Avstraliyada yeni qurulan hökumətdə nazir təyin edilən iki müsəlman, İslam dininin müqəddəs kitabı Qurana and içərək vəzifələrinin icrasına başlayıblar.
Məlumata görə, 2013-cü ildə parlamentin katibi olmuş Ed Husik elm və sənaye naziri, Enn Ali isə uşaq təhsili və gənclər naziri vəzifəsinə təyin olunub.
2013-cü ildə Qurana əl basıb işə başlayarkən təhqir, söyüş, təhdidlərə məruz qaldığını deyən Husik, Bosniya müharibəsi vaxtı Avstraliyaya mühacirət edən bir ailənin oğludur.
Nazir, o vaxtdan bəri çox şeyin dəyişildiyini, ölkənin daha tolerant olduğunu, Avstraliyada çox sayda müsəlman yaşadığını qeyd edib.
Misirli miqrant bir ailənin qızı olan Enn Ali isə nazir vəzifəsinə təyin olunduğu üçün çox həyəcanlı olduğunu bildirib.