2018-ci ildə Avstriyada müsəlmanlara qarşı irqçi aksiyalarının sayı ciddi şəkildə artıb. Bu barədə məlumat İslam Düşmənçiliyinə qarşı Sənədləşdirmə və Məsləhət Mərkəzi məlumat yayıb.
Din.az AZƏRTAC-a istinadən bildirir ki, bu mərkəzin 2018-ci ilin yekunlarına dair hazırladığı hesabatda Avstriyada yaşayan müsəlmanlara qarşı 540 irqçi aksiyanın qeydə alındığı göstərilib. Hesabat müəllifləri təqdimat zamanı bildiriblər ki, 2017-ci ildə vətəndaşlar tərəfindən bu mərkəzə 309 hal üzrə məlumat daxil olduğu halda, 2018-ci ildə bu göstərici ciddi şəkildə artıb. Müsəlmanlara qarşı irqçi aksiyaların təxminən yarısı (46 faiz) nifrət təbliğatı və arzuolunmaz ifadələrin işlədilməsi olub, 89 halda isə (17 faiz) divarlara yazılan nifrət mesajları barədə məlumat əldə edilib. Ümumilikdə götürdükdə isə irqçi aksiyaların yarıdan çoxu (53 faiz) internetdə, 31 faizi isə ictimai məkanlarda baş verib. Həm miqrantların sayı çox olduğuna və həm də mərkəz Vyanada yerləşdiyinə görə, irqçi aksiyaların mütləq əksəriyyəti bu şəhərdə qeydə alınıb.
Hesabatın hazırlanmasında iştirak edən həmin ictimai təşkilatın əməkdaşı Elif Adam təqdimat zamanı bildirib ki, hökumət və media müsəlmanlara qarşı təzyiq və irqçi aksiyaların çoxalmasında da ittiham edilməlidir. Müsəlman məscid və uşaq bağçalarına, dini etiqad mərkəzlərinə qarşı sərt mövqe nümayiş etdirən hazırkı hökumət və bunu tirajlayan mətbuat sosial media və ictimaiyyətdə müsəlmanlara qarşı aksiyaların sayı artır. Bu isə ilk növbədə sağçı-radikal siyasi blokun işinə yarayır, müsəlman və miqrant mövzuları ilə seçicilərin diqqətini ölkənin problemlərinə deyil, qorxu stereotiplərinə yönəldir.
Rəsmi qurumlar açıqlamalarında rassizm hallarını pisləsələr də, dinc birgəyaşayış üçün tələb olunan maarifləndirici addımlar atılmır.