İstanbulun fəth olunmasının 567-ci il dönümündə gündəmə gələn Ayasofiyanın ibadətə açılması, artıq məhkəmənin də gündəliyindədir. İyulun 2-də keçiriləcək məhkəmə prosesində bu mövzunun müzakirə ediləcəyi və bu istiqamətdə qərar veriləcəyi bildirilib.
Qeyd edək ki, Ayasofiya məscidinin muzeyə çevrilməsi barədə Nazirlər Kabinetinin 1934-cü il tarixli qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət edilib.
Xatırladaq ki, 1453-cü ildə II Məhmədin İstanbulu fəth etməsi ilə məscidə çevrilən Ayasofiya 1931-ci ildə ibadətə bağlanıb, 1934-cü ildə isə Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilib. Həmin qərarın ləğv edilməsi üçün göstərilən bütün cəhdlər nəticəsiz qalıb.
2016-cı ildə isə “Vəqflər Tarixi Əsərlərə və Ətraf Mühitə Xidmət” dərnəyi həmin qərarın ləğv edilməsi üçün yenidən məhkəməyə müraciət edib. Məhkəmə, iyulun 2-də bu müraciəti müzakirə edəcəyini və yekun qərar verəcəyini açıqlayıb.
Hüquqşünaslar hesab edir ki, Nazirlər Kabinetinin həmin qərarı ləğv ediləcəyi təqdirdə, Ayasofiyanın məscid kimi fəaliyyətini bərpa etməsinin önü açılacaq.