Bakıda keçirilən Azərbaycan Din Xadimləri Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
“Report” xəbər verir ki, müraciəti “Baku TV”nin efirində yayımlanan “Amin” verilişinin aparıcısı Müşfiq Şükürov oxuyub.
Sənəddə qeyd olunub ki, dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkilik, dini və etnik məzmunlu ziddiyyətlərin dərinləşdiyi, münaqişə və müharibələrin qlobal təhlükəsizliyə ciddi təhdidlər yaratdığı müasir dövrdə mədəniyyətlər və dinlər arasında dialoqa indi həmişə olduğundan daha çox ehtiyac duyulur:
“Biz müxtəlif konfessiyaları təmsil edən din xadimləri qürur hissi ilə vurğulayırıq ki, Azərbaycan dövləti mədəniyyətlərin fərqliliyini ayırıcı xətt deyil, əksinə, beynəlxalq münasibətlərin və xalqlar arasında əlaqələrin ahəngdar harmoniyasını yaratmağa imkan verən unikal bir sərvət kimi qiymətləndirir. Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı, hörməti təşviq edən unikal platforma kimi dünya miqyasında qəbul edilir”.
Müraciətin sonunda dövlət başçısı doğum günü, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edilib.