Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq Proqramı (FATP) Sazişi üzrə layihələr çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin, “Azərbaycan Kənd Qadınları Assosiasiyası” və “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliklərinin sədrləri, Aqrar İnkişaf Könüllüləri təşkilatının rəhbəri, həmçinin benefisiar fermerlərinin iştirakı ilə Türkiyəyə təlim səfəri başlayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilir.
Məlumata görə, səfərin məqsədi kəndli fermer qadınları və aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün “Qadınların iqtisadi güclərinin artırılması” (WEP), eləcə də AMAL layihələri çərçivəsində gənclərin və qadınların məşğulluğunun, kənd qadınlarının bacarıqlarının artırılması, müasir tələblərə əsaslanan bacarıqların inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasında innovativ metodlar, müasir texnologiyalar, startap və sahibkarlığa texniki dəstəklə bağlı kənd yerlərində həyata keçirilən ən yaxşı təcrübələrlə yerində tanış olmaqdır.
Səfərin ilk günündə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı İslahatlar baş idarəsinin müdir müavini Osman Yıldız, Nazirliyin Təlim və Təbliğat şöbəsinin müdiri Mehmet Ergünlə görüş keçirilib. Görüşdə Azərbaycan və Türkiyədə icra edilən innovativ layihələr, aqrar sahədə innovasiyaların təşviq və tətbiqi, aqrar startapların inkişafı, innovativ metodlardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və aqrar idarəetmənin təkmilləşdirilməsi istiqamətində gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi və əməkdaşlıq imkanları müzakirə edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinın sədr müavini Leyla Məmmədova Agentliyin fəaliyyət istiqamətləri, kənd təsərrüfatının prioritet istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla birlikdə icra edilən layihələr və əldə edilən uğurlu nəticələrdən bəhs edib.
FATP-ın meneceri Namiq Məmmədov kənd yerlərində qadınların iqtisadi cəhətdən gücləndirilməsi, ümumilikdə Proqram çərçivəsində icra olunan layihələr barədə məlumat verib. “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası”nın sədri Səkinə Babayeva və “Azərbaycan Kənd Qadınları Assosiasiyası”nın sədri Gülbəniz Qənbərova təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri, ucqar kənd və qəsəbələrdə yaşayan qadınların kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarının artırılması, o cümlədən məşğulluğun təmin edilməsi üzrə benefisiarı olduqları layihələr və dövlətin bu sahədə göstərdiyi dəstək tədbirləri barədə təqdimatla çıxış ediblər.