AZƏRBAYCAN VƏ TÜRKİYƏ MÜDAFİƏ NAZİRLƏRİNİN GÖRÜŞÜ OLUB

0

Bakı şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Z.Həsənov qonaqları səmimi salamlayaraq Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib.

Hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanlarını yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə naziri əlaqələrimizin daha da genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyini qeyd edib.

Qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən cənab Y.Gülər göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb. Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.

Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yaşar Gülər: “Azərbaycan və Gürcüstan Türkiyənin hərbi əlaqələrinin ən sıx olduğu ölkələrdir”

"Azərbaycan və Gürcüstan Türkiyənin hərbi əlaqələrinin ən sıx olduğu ölkələrdir". Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər noyabrın 27-də Bakıda...

Bağla