AZƏRBAYCANDA DİNLƏR VƏ MƏZHƏBLƏRARASI HƏMRƏYLİK MÜHİTİ DÜNYAYA NÜMUNƏ KİMİ GÖSTƏRİLİR

0

Azərbaycanda bütün dinlərin nümayəndələri həmrəylik və birlik şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə dinlərarası və İslam dininə aid məzhəblərarası birlik, həmrəylik ənənəsi dünya birliyi tərəfindən yüksək dəyərləndirilir.

Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə dekabrın 5-də Oğuz rayonunda “Vəhdət – dini təhlükəsizliyin əsas təminatçısı kimi” mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib.

Tədbirdə Dövlət Komitəsinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məsul şəxsləri, bu qurumların Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarındakı yerli strukturlarının rəhbərləri, rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olduğunu bildirib. Vurğulanıb ki, respublikamızda tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrilib.

Rayondakı mövcud dini durum və dini icmaların fəaliyyəti barədə məlumat verən Eyvaz Qurbanov dini radikalizmə qarşı mübarizənin səmərəliliyinin artırılmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Seminar-müşavirədə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dünyada cərəyan edən ictimai-siyasi proseslərdə gərginlik dinamikasının artdığını, baş verən münaqişələrin əsasən dini zəmində olduğunu bildirib. Qeyd olunub ki, dünyanın bir sıra güc mərkəzləri tərəfindən geosiyasi, geoiqtisadi maraqların təmin edilməsi məqsədilə din vasitə kimi istifadə edilir, İslam nüfuzdan salınması üçün terrorla eyniləşdirilir. Bəzi hallarda islamofobiyaya qarşı zəruri əks tədbirlər vaxtında həyata keçirilmir. Hazırda Yaxın Şərqdə cərəyan edən bu proseslər yanlış siyasətin acı nəticəsidir.

Bütün bunların dünyada sülhə, mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqa təhlükə olduğunu vurğulayan Komitə sədrinin müavini ölkəmizə qarşı da din pərdəsi altında bir sıra pozuculuq fəaliyyətinə cəhdlər edildiyini diqqətə çatdırıb. “Bu, onu göstərir ki, Azərbaycan da bu proseslərdən sığortalanmayıb”, – deyə qurumun rəsmisi bildirib. Qeyd olunub ki, yad dini ideologiyaların ölkəmizə idxal olunmasının qarşısının alınması, eləcə də gənclərin ekstremizmin təsirindən qorunması üçün müvafiq qurumlarla birlikdə ideoloji və hüquqi müstəvidə sistemli tədbirlər, o cümlədən maarifləndirmə işləri həyata keçirilməkdədir.

Səyavuş Heydərov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dinlərarası və İslam dininə aid məzhəblərarası birlik, həmrəylik ənənəsi beynəlxalq ictimaiyyət tərəfindən nümunəvi model kimi yüksək dəyərləndirilir. Ölkəmizdə tarixən formalaşmış məzhəblərarası birlik və həmrəyliyin yeni mərhələsi kimi müxtəlif məzhəblərin vəhdət halında birgə ibadət etməsi beynəlxalq aləm tərəfindən yüksək maraq doğurur. Qeyd olunub ki, DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” sənədli filmi də vəhdət ənənəsinin mahiyyətindən bəhs edir. Filmdə əks olunan məzhəblərarası vəhdət prinsipləri böyük əhəmiyyətə malikdir. Ölkəmizdə müasir dövrün tələblərini, çağırışlarını nəzərə alaraq respublikamızda dinlərarası, məzhəblərarası birliyin daha da gücləndirilməsi istiqamətində kompleks və sistemli maarifləndirici, hüquqi və s. tədbirlər icra olunmaqdadır.

Seminarda Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov ölkəmizdə din pərdəsi altında bəzi kriminal ünsürlərin cinayət əməllərinin təsnifatı, eləcə də bu istiqamətdə qanunvericilik bazası barədə ətraflı məlumat verib.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Oqtay Tağıyev dini radikalizm və ekstremizmin ictimai təhlükəsizliyə yaratdığı təhdidlərdən danışıb, ölkəmizdə dini radikalizmin yayılması metodlarından bəhs edib. Qurumun təmsilçisi, həmçinin bu istiqamətdə mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov İslamın sülh, birlik və vəhdət dini olduğunu, insanları əmin-amanlığa, qarşılıqlı dözümlülüyə, mərhəmətə çağırdığını vurğulayıb. Bölgə qazısı Azərbaycanda dinə və dindarlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hz. Peyğəmbərə Təslimiyyətimiz Necə Olmalıdır?

Bağla